Din-dövlət münasibətləri məzhəblərarası birliyi gücləndirir

GÜNDƏM 13 apr 2024, 15:15
 Azərbaycan yüksək tolerantlıq və multikulturalizm mühiti ilə seçilir. Tarixən bu kiçik Qafqaz ölkəsində müxtəlif dinlər yayılmış, bu dinlərin nümayəndələrinin sərbəst ibadət etməsi üçün dostluq və qardaşlıq mühiti formalaşmışdır. Bu ənənə günümüzdə də davam edir. Ölkədə mindən çox məscid, on bir kilsə, altı sinaqoq və digər dini məbədlər fəaliyyət göstərir. Ölkəmiz dini dözümlülük, tolerantlıq mövzularında müxtəlif beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edir, dini ayrıseçkiliyə məruz qalmış xalqların səsini dünyaya çatdırır. Paytaxt Bakı bu tədbirlərin mərkəzinə çevrilib. Dünya Dini Liderlərinin Sammiti, İslam Həmrəylik Oyunları, islamofobiya ilə mübarizəyə həsr olunmuş konfranslar və digər tədbirlər bu qəbildəndir. Dini bayramlar zamanı ölkəmizdəki tolerantlıq mühitinin təməllərinin nə qədər sağlam olduğunun bir daha şahidi oluruq. Bir ay boyunca davam edən müqəddəs Ramazan ayının sonunda məzhəblər arasında fərq qoyulmadan bütün müsəlmanlar birgə namaz qılır, dualar edirlər.   



Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Anar İsgəndərov Demokrat.az-a açıqlamasında deyib ki,  Azərbaycan bu gün dünyanın ən tolerant dövlətlərindəndir:

“Azərbaycanda məzhəblər arasındakı fərq düşmənçiliyə aparmır. Məzhəblərarası münasibətlərdə Nadir şahdan bu günə qədər bir-birinə qarşı hörmət, səmimiyyət var. Azərbaycan xalqı tarix boyu Qurani-Kərimə böyük hörmətlə yanaşıb, şəriyyət qaydalarına riayət edib, halalı haramdan seçməyi bacarıb. Azərbaycanda tolerantlığın nümunəsi təkcə bu deyil. Qədim dövrlədən bu günə qədər ölkəmizdə qeyri-müsəlmanlar da yaşayıb. Onların dinlərinə, ayinlərinə, ibadət formalarına hər zaman böyük hörmətlə yanaşılıb. Dünyanın hər hansı bir ölkəsindən gələnlər əvvəlcə bu vəziyyətə təəccüb, daha sonra isə qibtə edirlər. Ona görə ki, biz heç bir xalqı kiçiltmir, təhqir etmirik, onların dini inanclarına rişxəndlə yanaşmırıq. Bütün bunların başlıca səbəbi din-dövlət münasibətlərinin tənzimlənməsidir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra din-dövlət münasibətləri mühüm problem kimi ortaya çıxdı. Çünki Sovet dövründə dinlə bağlı hər nə var idisə, qadağan edilmişdi, məscidlər bağlanmış və ya Sovetlərin tələbinə uyğun dəyişdirilmişdi. Amma müstəqilliyimizi bərpa etdikdən sonra minlərlə yeni məscid tikildi, əvvəlkilər bərpa olundu. Bütün bunlar dövlətin, ümummilli lider Heydər Əliyevin  nəzarətində idi. Bu gün də din-dövlət münasibətlərinin təkmilləşdirilməsi üçün işlər görülür. Xalq bu gün bütün bayramları qeyd edə bilir.



Bu mənada Azərbaycan dövləti və xalqı dünyanın digər dövlətləri və xalqlarına nümunə ola bilər. Azərbaycanda iudaizm dininə də hörmət böyükdür, dağ və Avropa yəhudiləri bəlkə də öz ölkələrində belə münasibətin şahidi olmurlar. Azərbaycanda katoliklər və pravoslavlar üçün, hətta qeyri-səmavi dinlər üçün də bərabər şərait yaradılıb. Bunlar onu göstərir ki, Azərbaycan tək iqtisadi və hərbi cəhətdən inkişaf etmir, onun uğurları tək xarici siyasətlə bağlı deyil. Daxili siyasətdə də dövlət-din münasibətləri yüksək səviyyədə təmin olunub. Düzdür, ABŞ Azərbaycandakı tolerantlıq mühitini qiymətləndirərkən həmişə əks mövqedən çıxış edir, amma bu, böhtan olaraq qalır. Ölkədə dini dəyərlərin qorunduğu bir həqiqətdir”.

İlahiyyatçı Tural İrfan isə sayta açıqlamasında bildirib ki,  ölkəmizdə heç vaxt digər müsəlman ölkələrində olduğu kimi dini qarşıdurma, təfriqə, ayrıseçkilik olmayıb: 

“Xalqımızın genindən, qanından gələn bir qonaqpərvərlik, istiqanlılıq, hər kəsə doğmalıq hissi mövcuddur ki, bu da insan olaraq bizi bir-birimizə sevdirib. Nə qədər kənar təsirlər olsa da bunu yaşatmışıq. Bəzi xarici qüvvələr kənardan Azərbaycana bata bilməyəndə bizi içəridən parçalamaq, din adı altında təxribat yaratmaq istəyiblər, bu gün də istəyirlər buna cəhd etsinlər. Təhlükəsizlik orqanlarının operativliyi nəticəsində onların çirkin əməllərinin qarşısı alınır.

Əsasən də bayramlarda xalqımızın birliyi daha da qüvvətlənir. Tutaq ki, Yeni il bayramı, əsasən, xristian mənşəli bayramdır, bu bayramda biz də şənlənirik, qeyd edirik, hətta rəsmi bayramdır. Həmçinin Ramazanda xristianlar da, yəhudilər də müsəlmanları təbrik edir, birgə iftar məclislərində, bayram tədbirlərində iştirak edirlər, sevinclərini bölüşürlər. Bütün dini icmalar dövlətin qayğısı, nəzarəti və diqqəti sayəsində tolerantlıq mühitinə xidmət etməyə borcludur. Çünki babalardan gələn bu ənənəni yaşatmaq hamının vəzifəsidir. Ölkəmizdə tam dini azadlıq var. Hətta bir çox müsəlman ölkələrində bu tolerantlıq yoxdur. İraq, Livan, İran, Suriya kimi müsəlman ölkələrində min illərdir davam edən məzhəb nifaqı, dini ayrıseçkilik hətta vətəndaş müharibəsinə qədər gətirib çıxarıb. Ancaq Azərbaycanda əksinə, birlik, vəhdət, məhəbbət, qarşılıqlı hörmət inkişaf edib və bununla fəxr edirik. Azərbaycandakı tolerantlıq, multikulturalizm dəyərlərinin yaşadılması dünya ölkələrinə bir nümunədir”.

İlahiyyatçının sözlərinə görə, bütün bunlara baxmayaraq yenə də daxildə bünövrəni oyanlar var: 

“Yenə də xarici təsirlərə uyub qəlbində xəyanət bəsləyənlər var. Hər bir halda indiki bu sağlam mühiti qorumaq üçün islahatlar, tədbirlər davam etməlidir. Dövlət başçısının apardığı siyasətin tərkib hissəsi kimi din sahəsində də inkişaf yüksələn tempdədir. Ölkədə yeni-yeni məscidlər, ibadət evləri tikilir, bərpa olunur, hətta Qarabağdakı məscidlərimiz də bərpa edilir. Alban-udi dini irsi, əsasən, Qarabağ ərazisində yerləşir. Udi icmasının bu məbədlərdə ibadət etməsi düşmənə sübut etdi ki, əslində bu məbədlər ermənilərin yox, qədim Azərbaycan xalqının əzəli mirasıdır.


Dövlətimiz din sahəsinin nə qədər önəmli, həm də həssas olduğunu dərk edir. Bu, belə də olmalıdır. Hələ çox işlər var görüləsi. Məzhəbləri tam birləşdirmək lazımdır. Ayrıseçkilik vaxtı ilə tarixi siyasi qalmaqalların sayəsində süni olaraq  yaradılıb. Heydər məscidi nümunədir, orada hamı birgə namaz qılır. Bütün başqa məscidlərdə də belə etmək lazımdır. Sünni-şiə məsələsini tarixin arxivinə dəfn etmək lazımdır. Necə ki, düşmən üstünə gedəndə hamı birləşdi, bir yumruq oldu, necə ki, toya-yasa gedəndə, bayram edəndə bir oluruq, bir masada əyləşirik. Bəs necə olur ki, məsciddə ayrılaq? Allahın qarşısına çıxanda başqa başqa namazlar qılaq? Bu, ən böyük günah və hətta kafirlikdir. Çünki Quranda Allah təala buyurur ki, ayrılmayın, birlikdə olun. Əgər biz bu ayəyə əməl etməyib ayrılsaq, namazı ayrı qılsaq, Quranı inkar etmiş olarıq. Ona görə də Allahın əmr etdiyi kimi birlik içində olmaq lazımdır. Dövlətin din sahəsinə bu qədər diqqət və qayğısına da naşükürlük, nankorluq etmək olmaz. Heç yerdə, lap özünü İslam dövləti sayan ölkələrdə belə qayğı, azadlıq yoxdur. Bu, ölkə başçısının diqqəti və qayğısıdır. Din adamları bu nemətin qədrini bilməlidir. Hədislərdə var ki, bəndə ona verilən nemətin qədrini bilməsə, onu layiqincə qiymətləndirməsə, o neməti Allah onun əlindən alar. Ona görə Allahın bəxş etdiyi bu tolerant mühiti, azad ibadəti, adil dövlət başçısını, əmin-aman ölkəni layiqincə qiymətləndirib dua etmək, şükr etmək lazımdır”.

Törə Zeynallı
Demokrat.az     

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi istiqamətində hazırlanıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top