4 uşaq anasına sevgilisi şiddət göstərdi: “Xəyanət etdiyimi düşündü” — TƏFƏRRÜAT

KRİMİNAL 06 apr 2024, 14:12
Bakının Sabunçu rayonunda 1997-ci il təvəllüdlü Etibar qısqanclıq zəminində yaranan mübahisə zamanı qeyri-rəsmi münasibətdə yaşadığı Yasəmənə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 28-də Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu nömrəsiz ünvanda baş verib. Etibar yaşadıqları evin qonaq otağında qeyri-rəsmi münasibətdə olduğu Yasəmənlə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı əli ilə onun baş, qol və sinə nahiyələrindən bir neçə dəfə vuraraq, ona xəsarətlər yetirib. 

Hadisəni törədən Etibarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Etibar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, iki ildir, Yasəmənlə nikahdan kənar yaşayır, övladları olmayıb, münasibətləri daim yaxşı olsa da, son zamanlar qısqanclıq zəminində aralarında mübahisələr baş verib: “Dostum Nihadın ailəsində problemlər olduğu üçün onun həyat yoldaşı Ramilə azyaşlı övladları ilə birlikdə bizim evimizdə yaşadı. Hadisə günü, təxminən saat 16 radələrində Yasəmənlə telefon vasitəsilə danışdıqdan sonra onun telefonunu söndürməyi unutduğundan Ramil ilə söhbətini eşitdim. Həmin zaman onların bir-biriləri ilə qeyri-etik söhbətlər etdiyini, Yasəmənin mənə xəyanət etdiyindən şübhələnərək dərhal evə getdim. Evin qonaq otağında Yasəmənlə aramızda mübahisə yarandı. Qəzəblənərək qəsdən əlim ilə onun baş, qol və sinə nahiyələrindən zərbələr vurdum”.

İş üzrə zərərçəkmiş Yasəmənin sözlərinə görə, əvvəllər evli olub və rəsmi olaraq boşanmasalar da ayrılıb: “Həmin nikahdan olan 4 övladım isə ataları ilə birlikdə yaşayır. Təxminən 2 ildir ki, Etibar ilə nikahdan kənar yaşamışam. Övladlarımız olmayıb. Aramızda son zamanlar qısqanclıq zəminində mübahisələr yaşandı. Etibarın dostu Nihadın ailəsində problemlər olduğu üçün onun həyat yoldaşı Ramilə azyaşlı övladları ilə müvəqqəti olaraq bizdə yaşayıb. Hadisə günü, təxminən saat 16 radələrində evdə olarkən Etibar mənə zəng etdi. Danışdıqdan sonra telefonu söndürməyi unutdum. Ramilə ilə söhbət etməyə davam etdik. Həmin danışığı Etibar eşidərək dərhal evə gəldi. Məni səhv anlayaraq ona xəyanət etdiyimi düşündü. Mübahisə yarandı. Mübahisə zamanı evin qonaq otağında olarkən Etibar qəzəblənərək qəsdən əli ilə qol, baş və sinə nahiyələrimdən zərbələr vurdu”.

Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət etməməsini nəzərə alıb. 

Bu səbəbdən Etibarın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top