İki uşaq atasından sevgilisinə qarşı dəhşətli əməl — TƏFƏRRÜAT

KRİMİNAL 19 mar 2024, 15:06
Bakının Qaradağ rayonunda 1986-cı il təvəllüdlü Əhliman qadın kişi münasibətində olduğu Turanəyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin sentyabrın 6-da Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən "Qobu Park-3" yaşayış kompleksinin həyətində baş verib. 
Cəbrayıl rayon sakini Əhliman şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış münaqişə zamanı əvvəllər tanıdığı Turanənin bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vuraraq ona xəsarətlər yetirib. 

Hadisəni törədən Əhlimanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əhliman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, evlidir, iki azyaşlı uşağı var, əvvəllər məhkum olunub: “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişəm. Rəsmi olaraq işləmirəm. Fərdi qaydada “Qobu Park” yaşayış kompleksində xeyir-şər evində işləyirəm. Zərərçəkmiş Turanəni tanıyıram. Turanə Füzuli rayonundandır. O da “Qobu Park” yaşayış kompleksində qalır. Onunla uzun müddərdir qeyri-rəsmi münasibətlərim var”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, 6 sentyabr 2023-cü ildə, saat 23.50-də “Qobu Park-3” yaşayış kompleksinin həyətində olarkən Turanənin uzaqdan gəldiyini gördüm. Həmin günü spirtli içki içmişdim. Bir neçə gün idi ki, Turanəni axtardım. Üç-dörd gün idi ki, aramızda mübahisə olmuşdu. Turanə fərdi olaraq tibbi masaj edirdi. Buna görə də mənzillərə gedirdi. Mən də buna görə onu qısqanırdım. Onun masajçı kimi işləməsini istəmirdim. Turanə də buna görə məndən ayrılmaq istədi. Mən isə onunla danışıb barışmaq istədim. Turanə mənim telefonumu blok etmişdi. Ona zəng edə bilməmişəm”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, həmin gün Turanəyə yaxınlaşıb haradan gəlməsini soruşub: “Turanə cavab vermədi, verdiyim suallardan yayındı. Qolundan tutub silkələdim və yenə də haradan gəlməsini soruşdum. Turanə qışqıraraq əlimi ondan çəkməyimi dedi və anası Züleyxanın yaşadığı binanın blokuna tərəf getdi. Mən Turanə ilə bloka qədər getdim. Turanə onun yanında getməyimi istəmədiyi üçün və qışqır-bağır saldığına görə qonşuların, bina sakinlərinin oraya toplaşmaması üçün “Qobu Park-1” yaşayış kompleksində 10-cu binanın altındakı xeyir-şər evinə getdim. Oraya gedəndə heç kim olmayıb. Xeyir-şər evindən bıçaq götürdüm. Bıçağı götürməkdə məqsədim özümə xəsarət yetirmək olub”. 

Təqsirləndirilən şəxs deyib ki, bir qədər sonra Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının xidməti avtomobillə onların yaşadıqları binanın həyətinə gəlmələrini görüb: “Polis əməkdaşları gələndə artıq bildim ki, Turanə barəmdə şikayət edib. Bu mənə çox pis təsir etdi. Ona görə də özümə əlimdəki bıçaqla xəsarət yetirdim. Polis əməkdaşları mənə kömək etdi və Lökbatan qəsəbəsindəki xəstəxanaya gətirdilər. Oradan məni təcili tibbi yardım xəstəxanasına apardılar. Təxminən bir həftə xəstəxanada müalicə olundum. Xəstəxanada tam öyrəndim ki, Turanə barəmdə polisə ərizə yazıb. Turanəni döyməmişəm, ona heç bir xəsarət yetirməmişəm. Turanədən haradan gəlməsini soruşmuşam. Buna görə aramızda 5-10 dəqiqəlik mübahisə olub. Onu qısqandığıma görə masajda işləməsini istəməmişəm. Qolundan tutub silkələmişəm”. 

İş üzrə zərərçəkmiş Turanənin sözlərinə görə, hazırda subaydır, birinci ailəsindən boşanıb: “Füzuli rayonundan məcburi köçkün olaraq ilk dəfə Yasamal rayonu ərazisində yataqxanada məskunlaşmışam. Orada qaldığım müddətdə Cəbrayıl rayonundan olan Əhliman ilə tanış olmuşam. Aramızda qadın-kişi olaraq səmimi münasibətlərimiz yaranıb. Sonradan bu münasibətlər sevgi münasibətlərinə çevrilib. 2017-ci ildən məcburi köçkünləri, onların hamısını Qaradağ rayonu, Lökbatan qəsəbəsi “Qobu Park” yaşayış kompleksinə köçürdülər. Əhliman da öz ailəsi ilə birlikdə oraya köçdü. Bizim Lökbatana köçəndən sonra da Əhlimanla münasibətlərimiz davam etdi. Lakin son vaxtlar Əhliman mütəmadi olaraq spirtli içki qəbul edib. Bundan sonra da mənimlə mübahisələri olub. Mübahisənin əsas səbəbi Əhlimanın məni qısqanması olub”. 

Zərərçəkmiş qeyd edib ki, fərdi olaraq masaj xidməti ilə məşğul olur: “Masaj etdiyim pasiyentlərinin əksəriyyətinin yaşadığı evlərə gedib orada masaj xidməti göstərirəm. Buna görə də Əhliman məni qısqanır. Bu qeyd elədiklərinmə görə Əhlimanın telefon nömrəsini həm zənglərdə, həm də “votsap”da blok etmişəm. Eşitdim ki, Əhluiman məni axtarır. Əlavə problemlərdən qaçmaq üçün onunla rastlaşmaq istəmədim. Əhlimanən mənimlə problemlərinin olmasını anaç Züleyxa da bilib. O da məsləhət bilib ki, Əhlimandan uzaqlaşım. Mən də maksimum dərəcədə Əhlimanı görməmək üçün evə gec gələndə tezca bloka daxil olmuşam ki, onunla görüşməyim. Əhliman məni əvvəllər ölümlə hədələsə də, hər hansı bir xəsarət yetirməyib”.

Turanə deyib ki, sentyabrın 6-da, saat 23.50-də işdən gəlib, “Qobu Park 3” yaşayış kompleksinin həyətinə tərəf anasının yaşadığı binaya gedib: “Bu zaman Əhliman mənə yaxınlaşdı. Haradan gəlməyimi soruşdu. Əhlimana işdən gəldiyimi dedim. O da məni söyüb pozğunluqdan gəldiyimi dedi. Mənim qollarımdan tutaraq sifətimə, yanağıma, qollarıma və qarın nahiyəmə, həmçinin ayaqlarıma həm əli ilə, həm də təpiklə vurmağa başladı. Əhlimanın əlindən qaçıb anamın yaşadığı binanın blokuna daxil oldumr. Həmin vaxt Əhliman arxamca gəldi. Blokda da mənə yenə bir iki dəfə şillə vurdu. Mən  dodağımdan, yanağımdan xəsarət aldım. Bloka daxil olub anamın yaşadığı mənzilə qalxdım. Anam qapını açanda Əhlimanın məni döydüyünə görə xəsarət almağımı gördü. Bundan sonra anam çıxdığı üçün Əhliman getdi. Əhliman məni əlləri və ayaqları ilə döyüb. Əlində bıçaq, balta olmayıb. Mənim istifadəmdə olan nömrədən Əhlimanla aramızda münaqişə olması barədə 102 xidmətinə anam zəng edib. İkinci dəfə isə anam 102 xidmətinə zəng edərək deyib ki, gərək bizi baltalayıb öldürsünlərmi?". Lakin  Əhlimanın əlində nə balta, nə bıçaq olmayıb. Anam bu sözləri polisin daha tez gəlməsi üçün deyib”. 

Bu cinayət işinə Qaradağ Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əhliman 5 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.  

Təqsirləndirilən şəxsin üzərinə yaşadığı evi hər gün gecə saat 00.00-dan növbəti gün səhər saat 06.00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top