Ata qızına xəsarət yetirdi — TƏFƏRRÜAT

KRİMİNAL 11 mar 2024, 12:12
Göygöl rayonunda 1980-ci il təvəllüdlü Aydın şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qızı Aynurəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 6 dekabr 2023-cü ildə baş verib. Aydın həmin gün axşam saatlarında yaşadığı evdə qızı Aynurənin ondan icazə almadan gözəllik salonuna getməsi səbəbindən onunla aralarında yaranmış mübahisə zamanı əlləri ilə baş və sifət nahiyələrinə vuraraq ona xəsarətlər yetirib. 

Hadisəni törədən Aydının barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aydın ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Aynurə onun qızı, Mətanət isə arvadıdır: “Qızım təxminən 2020-ciildə Gədəbəy rayon sakini Vəli ilə ailə həyatı quraraq əri ilə birlikdə onun olduğu kənddə yaşamağa başladı. Təxminən 1 il bundan əvvəl qızım ilə əri arasında mübahisə baş verdi. Qızım acıq edərək, mənim yaşadığım evə gəldi. Mənimlə birlikdə yaşamağa başladı. Aynurə mənə məxsus evdə yaşadığı müddətdə onunla aramızda bir neçə dəfə mübahisə baş verdi”.

Aydın qeyd edib ki, sonuncu dəfə hadisə baş verən günü, axşam saatlarında qızı Aynurə onun xəbəri olmadan gözəllik salonuna getdiyi üçün ona irad bildirən zaman aralarında mübahisə baş verib:

“Mübahisə zamanı əl zərbəsi ilə qızımın üz və baş nahiyyəsindən vuraraq onu döydüm. Bundan sonra dava-dalaş sakitləşdi. Aynurə ilə aramızda dava-dalaş baş verən zaman arvadım Mətanət ilə də aramızda sözlə mübahisə olub”. 

Bu cinayət işinə Göygöl Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Aydının barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuluyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top