“Azərbaycan COP29-a ev sahibliyi etməklə dünya ölkələri arasında körpüyə çevriləcək”

COP29 06 mar 2024, 16:40
Bu il ölkəmiz beynəlxalq əhəmiyyətli COP29-a ev sahibliyi edəcək. İqlim dəyişikliyi ilə mübarizədə dünya dövlətlərinin bir araya gəldiyi mühüm platformanın növbəti tədbirinin Bakıda keçirilməsi ölkəmizin sağlam gələcək naminə qlobal əməkdaşlığa töhfə verdiyinin bariz nümunəsidir.

Milli Məclisin sabiq deputatı Ceyhun Osmanlı Demokrat.az-a açıqlamasında COP29-un ölkəmizdə keçirilməsinin mühüm hadisə olduğunu vurğulayıb:

“Azərbaycan COP29-a sədrlik etməklə iqlim dəyişikliyi ilə mübarizədə və bundan irəli gələn məsələlər ətrafında müzakirələrdə əsas tərəflərdən birinə çevriləcək. Bu il ölkəmiz üçün yeni iqlim maliyyəsinin yaradılması və qlobal həmrəyliyin gücləndirilməsi prioritet təşkil edir. Eyni zamanda Azərbaycan bu tədbirə ev sahibliyi etməklə dünya ölkələri arasında körpü rolunu oynayır. 

Düşünürəm ki, Azərbaycanın xarici siyasətdən irəli gələn hədəflərə çatmasında COP29-un müsbət təsiri olacaq. Bununla dövlətimiz beynəlxalq arenada mövqeyini gücləndirəcək və müsbət imic qazanacaq. Tədbirin yüksək səviyyədə baş tutması üçün mühüm işlərə start verilib”. 

C.Osmanlı Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransındakı iştirakını xatırladaraq müzakirə olunan məsələlər arasında iqlim dəyişikliyinin də yer aldığına diqqət çəkib:

“Prezident İlham Əliyev ABŞ-nin dövlət katibi Antoni Blinken və digər yüksək səviyyəli rəsmilərlə görüşündə iqlim dəyişikliyi, karbohidrogenlər və bərpa olunan enerji sahələrində əməkdaşlıq məsələlərinə də toxundu. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətlərdən biridir. 

Ənənəvi enerji ilə bərabər Azərbaycan bərpa olunan enerji istehsalını da artırır. Gələcəkdə alternativ enerji mənbələrinin Avropa ölkələrinə nəqli də qarşıya qoyulan hədəflərdəndir. İşğaldan azad edilmiş ərazilərdə alternativ enerji resurslarından istifadə və xarici investisiyaların cəlb edilməsi, bunun üçün lazımi infrastrukturun qurulması, “ağıllı kənd“ və “ağıllı şəhər” konsepsiyalarının tətbiqi ekologiya və ətraf mühitin qorunması fonunda iqlim dəyişikliyi ilə mübarizəyə yönəlib”.   


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top