YAP-çı deputat: “Avropa enerji sahəsində Azərbaycana möhtacdır”

GÜNDƏM 05 mar 2024, 22:45
Bu gün Azərbaycan Avropanın enerji təminatında açar rolunu oynamaqdadır. Tərəfdaşları ilə birgə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft - qaz kəməri çəkməklə dövlətimiz Avropanın enerji xəritəsini tamamilə dəyişdirmiş və beynəlxalq əməkdaşlığa geniş imkanlar yaratmışdır.  

 “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin 10 - cu və Yaşıl enerji Məşvərət Şurası çərçivəsində 2 - ci iclasları zamanı cənab İlham Əliyev Azərbaycanın enerji potensialını və ümumilikdə ölkəmizin iqtisadi imkanlarını bir daha dünyaya təqdim etdi.  

Bu gün Azərbaycan dünyanın 8 ölkəsinə qaz nəql edir ki, onların 6 - sı Avropa dövlətləridir. Azərbaycanın qaz ehtiyatları, “Yaşıl enerjiyə” keçid mühüm layihələrin həyata keçirilməsinə imkanlar yaradır və Avropa Azərbaycana demək olar ki, möhtacdır.                                          

 Çox təəssüflər olsun ki, Avropa parlamentində ki, deputatların çoxu, bəzi Avropa dövlətləri bunu hələ də dərk etmirlər.  
 
 Avropa parlamentində son günlər Azərbaycan əleyhinə aparılan geniş təbliğat kampaniyası aydın göstərir ki, bu qurum müəyyən dairələrin, başda Fransa olmaqla, Qərb dövlətlərinin əlində bir oyuncağa çevrilmişdir. Qəbul etdiyi əsasız qətnamələrlə, səsləndirilən saxta bəyanatlarla Parlament tamamilə öz nüfuzunu itirmişdir.                            

Ölkəmiz əleyhinə aparılan dinləmələr, qəbul olunan sənədlər qərəz və riyakarlıqdan başqa bir şey deyildir və məlumdur ki, erməni lobbisinin maliyyəsinin nəticəsidir. Reallıqları, ədalətli mövqeyi əks etdirməyən bu sənədlərin heç bir təsiri ola bilməz və olmayacaqdır.                            

Ancaq Avropa Parlamenti və bəzi dövlətləri bilməlidilər ki, Avropa dövlətlərinin Azərbaycan qazına, neftinə möhtac olduqları indiki dövrdə  onların riyakar hərəkətləri, çirkin əməlləri öz xalqlarının mənafeyinə ziddir, münasibətlərə kölgə salır və gələcəkdə Avropanı enerjisiz qoya bilər.
 
Azərbaycan dövlətinin rəhbəri cənab İlham Əliyev dünyada sülhün, əminamalığın, Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsinin, əməkdaşlığın, qarşılıqlı əlaqələrin genişləndirilməsinin tərəfdarıdır. O, bunu bütün mötəbər tədbirlərdə, xarici mətbuat orqanlarına verdiyi müsahibələrində qeyd edir və dünya dövlətlərini sülhə səsləyir.

 Belə olan halda Avropa dövlətləri, parlamentləri, siyasi dairələri erməni təcavüzkarlarının məkrli niyyətlərinə, səsləndirdikləri yalana, böhtana, müharibə və ədalətsizliyə deyil, Azərbaycanın sülh çağırışlarına səs verməli, anti - Azərbaycan təbliğatına son qoymalı, xalqlarının gələcəyi barədə ciddi düşünməlidirlər.         

Tahir Rzayev
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top