Bu filmdə hamı və hər yer vardı — Reportaj (FOTOLAR)

MARAQLI 03 mar 2024, 10:49
Bakı Media Mərkəzinin “Qarabağ” komandası barədə sənədli film çəkilişlərinə başlaması haqda ilk dəfə hardasa iki il əvvəl xəbər tutmuşdum.

Çəkilişlərin Ağdamın işğal dövründə dağıdılmış “İmarət” stadionunda da, hətta Bakıdakı “Azersun Arena”nın paltardəyişmə otağında da aparıldığını öyrənəndə düzü, yaradıcı heyətin ortaya maraqlı, fərqli bir iş ortaya qoyacağına inamım da yaranmışdı.

Bu inamın qaynağı isə elə həmin mərkəz tərəfindən daha əvvəllər çəkilmiş, bu sahənin peşəkar insanlarının, mədəniyyət və incəsənət xadimlərinin, ümumən Azərbaycan ictimaiyyətinin müsbət rəyini almış filmlər idi. Bir cümlə ilə xatirəmdə qalanları qeyd edim: “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu”, yaxud Xalq Cümhuriyyəti dövrünə aid “Əbədi ezamiyyət”, “Son iclas” fimləri...



Heydər Əliyev Mərkəzində dünən təqdimatı keçirilən “Qarabağ” FK 30 mövsüm səfərdə” adlı sənədli filmin ictimai baxışına dəvət alanda isə istər-istəməz yenə Bakı Media Mərkəzinin çəkdiyi başqa bir film - “Şuşa, sən azadsan” yadıma düşdü. Çoxunuz onu izləmisiniz yəqin, izləməyənlərə yutubda baxmağı tövsiyə edirəm. Hərb meydanındakı cəngavər Azərbaycan övladlarının qəhrəmanlığını sənət meydanının sənətkarları olan bir başqa Azərbaycan övladları ustalıqla tarixin yaddaşına yazıblar. İndi isə kameralar hərb meydanından yaşıl meydana çevrilib. Amma necə deyərlər, hədəf, məqsəd eynidir - Azərbaycan, Qarabağ!

***

“Qarabağ” FK 30 mövsüm səfərdə” sənədli filmini Heydər Əliyev Mərkəzində izləyənlər sırasında Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva da vardı. Haqqında bəhs etdiyim, ağır zəhmət və fədakarlıq tələb edən bu uğurlu proyektlərin memarı.



Bu dəfə onun təşəbbüsü ilə istedadlı rejissor Fuad Quliyev 30 il qaçqınlıq həyatı sürmüş komanda haqda filmi ərsəyə gətirib. Orada biz nələri və kimləri görürük? Demək olar ki, “Qarabağ”a birbaşa aidiyyəti olan hamını və hər yeri.

“İmarət” stadionunu, Ağdamı, Allahverdi Bağırovu, Adil Nadirovu (Allah hər ikisinə rəhmət eləsin!), ağır qaçqınlıq həyatı yaşasa belə, daim komandasına mənəvi dayaq olan, qürur, həm də kövrək tonla “mən Qarabağ”ı özümdən də çox istəyirəm” deyən ağdamlı azarkeşi, “İmarət” fan-klubunu, “Qarabağ”ın dünəni və bugünü olan futbolçuları, yerli və xarici yazarları, “Qarabağ”ı ayaqda saxlayan sponsorları, Qurban Qurbanovu...

Yaradıcı heyətin kimisə yaddan çıxarmamağa çalışması müsbət məqamdır.

Filmin çəkilişləri Ağdam, Bakıdan başlayaraq, İtaliya, Polşa, Niderland və başqa ölkələrdə aparılıb. Buna uzun vaxt və əlbəttə, yüksək maliyyə sərf olunub. Yeri gəlmişkən, bu yerdə ümumiləşdirərək başqa bir uğurlu məqamı qeyd edim: işə ciddi məsuliyyətlə yanaşılıb, peşəkar nəzarət olub, nəticədə ortaya sanballı bir iş qoyulub. Loru dildə desək, “xaltura” edilməyib...

Üç hissədən ibarət bu filmin əvvəli “Qarabağ”ın qaçqınlıq həyatına, sonrası Avropadakı uğurlu çıxışlarına, sonu isə artıq Qurban Qurbanovun özünə həsr olunub. Filmin özünün tezliklə TV-də, İnternetdə də yayımlanacağını güman edirəm deyə, onun üzərində çox dayanmaq istəmirəm, amma Heydər Əliyev Mərkəzindəki isti atmosferə toxunmaya da bilmirəm.



***

“Qarabağ”ın legionerlərindən Zubir, Benzia və Lunyov ön sırada yanaşı oturublar və filmi birgə izləyirlər. Təsadüfdən mən də arxa sırada, başlarının üstündəyəm. Və buna görə də əcnəbi oyunçuların reaksiyaları diqqətimi çəkməyə bilməz, təbii ki. Benzia tez-tez Zubirdən asta səslə nəsə soruşur və bu, bilirsiniz hər dəfə nə vaxt olur? “Qarabağ”ın bugününə yox, dünəninə aid görüntü, monoloq olanda. Məsələn, 1997-ci ildə ağır şəraitdə olanda, meydançasında toyuq-cücənin otladığı “İnşaatçı” stadionunda (Sumqayıt) oynamış bu qaçqın komandanın o cür çətin durumda belə Avropaya necə vəsiqə qazanması əlcəzairli futbolçuya da təəccüblü kimi görünür. O dəqiqə Zubirə nəsə deyir... Əlbəttə, gerçək tarix həmişə və hamıda maraq yaradır.



Və filmin gedişatı zamanı bir neçə dəfə zalı gurultulu alqışlar bürüyür. Onlardan biri də Rəşad Sadıqovun “Rusenborq”a vurduğu, həmin unudulmaz matçı şərh etmiş Altay Əliyevin möhtəşəm qola emosional reaksiyasının filmdə əks olunması səhnəsi zamanı baş verir. “Qarabağ”ın Avropada uğur qapısını açdığı oyun...

Rəşad Sadıqov sonra mənə deyir: “Filmdən bilmədiyim o qədər şeyi öyrəndim ki...”

Alqışlardan biri də Tahir Gözələ gəlir. Filmdə onun fəxrlə söylədiyi bir fikri hamı kimi mənim də diqqətimi çəkir: “Çempionlar Liqasında qrupa vəsiqə qazananda bir klub rəhbəri mənə dedi ki, biz “Çelsi” kimi komandaları bu yarışda çox görmüşük. “Qarabağ” kimi tanınmayan komanda isə Çempionlar Liqasına bəzək, hədiyyədir”.

Film bitəndə Qurban Qurbanov alqışlar altında səhnəyə çıxır, Arzu xanım Əliyevaya, yaradıcı heyətə təşəkkür edir. Zalda əyləşən futbolçularına xitabən deyir ki, bəzən onun komandasına çatdırmaq istədiyi, amma sözlə çatdıra bilmədiyi məqamları oyunçular bu filmə yenidən baxmaqla öyrənə bilərlər...



...Bəli, bu film “Qarabağ” komandasının kədərli və şərəfli tarixinin, eləcə də artıq sabah özü də tarix olacaq bugünün bir vizual, unudulmaz sənədidir. Orda təkcə bir komanda deyil, həm də bütöv bir ölkə var. Qalib Azərbaycan var. Qalib Azərbaycanın azad etdiyi Ağdam, Qarabağ var…

Aydın Bağırov,
QOL.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top