“Türkiyə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında mühüm rol oynaya bilər”

GÜNDƏM 01 mar 2024, 21:35
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar III Diplomatiya Forumu çərçivəsində “Cənubi Qafqazda sülh, inkişaf və kommunikasiya” mövzusunda panel müzakirəsində Türkiyənin vasitəçiliyindən danışıb. O qeyd edib ki, Türkiyə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasında mühüm rol oynaya bilər və bununla da bütün Cənubi Qafqaz regionunun sabitləşməsinə güclü təkan verə bilər: “Vurğulamaq istəyirəm ki, Aİ, Almaniya daxil olmaqla, Avropa ölkələri münasibətlərin normallaşdırılmasına dair təklifləri dəstəkləyib və bundan sonra da dəstəkləməyə hazırdır. Biz sülhə nail olunması üçün Türkiyəni və onun bu regionda liderlik potensialını da nəzərdən keçiririk”, - o qeyd edib.

Klaarın fikirlərinə münasibət bildirən “World Panorama” Strateji Araşdırmalar Mərkəzinin sədri Ramiyə Məmmədova bildirib ki, Türkiyə bugünkü gündə tək Azərbaycanla Ermənistan arasında deyil, ümumilikdə geopolitik vəziyyətdə böyük rol oynayır.

O, Demokrat.az-a açıqlamasında deyib ki, Türkiyə regionun önəmli dövləti kimi baş verən hadisələrdə əsas tərəflərdən birini təşkil edir:

“Türkiyə daha öncə regionda gedən proseslərə birbaşa nəzarət edə bilmirdi. Qeyd etmək lazımdır ki, Azərbaycanın indiki siyasi gücü olmasaydı, Türkiyə bölgədəki proseslərdə iştirak edə bilməzdi. Türkiyənin regiona yolu Azərbaycandan keçir. Azərbaycan həm siyasi, həm iqtisadi, həm də logistik baxımdan Türkiyənin Cənubi Qafqaza açılan qapısıdır”.

Politoloqun fikrincə, Qərb zəif dövlətlər vasitəsilə Cənubi Qafqaz regionuna çıxış imkanı əldə etməyə çalışır:

“Azərbaycan-Türkiyə tandeminin arasına nə Qərb,nə də Rusiya girə bilər bu gün. Bu qüvvəni dağıtmaq istəyənlər də çoxdur, təbii ki. Türkiyənin Ermənistanla diplomatik münasibətləri Azərbaycanla sülh sazişi imzalandıqdan sonra genişlənəcək. Lakin hələki Ermənistan bu məsələni uzadır. Türkiyə bugünkü gündə dünya siyasətində öz sözünü deyən bir dövlət kimi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında da vasitəçilik edə bilər”

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top