“Məktəblərdə sosial pedaqoq ştatı yaradılmalıdır” — Ekspert

GÜNDƏM 27 fev 2024, 15:01
“Vahid Tarif-İxtisas Sorğu Kitabçasında 20 dekabr 2017-ci ildə məktəblərdə sosial pedaqoq ştatı qəbul olunub, 1 yanvar 2018-ci ildən qüvvəyə minib. Kitabçada sosial pedaqoqun əmək funksiyaları əksini tapır. Lakin Nazirlər Kabinetinin müvafiq qərarında sosial pedaqoq ştatı nəzərdə tutulmayıb”.

Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib. O, məktəblərdə sosial işçi ştatının yaradılmasının vacib olduğunu hesab edir. Ekspertin fikrincə, ştat normativlərini yeniləmək lazımdır: 

“Xarici ölkələrdə məktəblərdə həm psixoloq, həm də sosial pedaqoq ştatı var. Azərbaycandan fərqli olaraq orada məktəb direktorunun valideynlərlə iş üzrə müavini var. Düşünürəm ki, məktəblərin strukturunu yeniləmək lazımdır, bu sahədə ciddi işlər görüllməlidir. Məktəblərin nizamnaməsi qəbul olunmalıdır. Fikrimcə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaradılması bu problemlərin həllinə təkan verəcək”.

E.Qafarov qeyd edib ki, Nazirlər Kabinetinin “Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları” və “Psixoloji Yardım haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ümumtəhsil məktəblərində oxuyan şagirdlər pulsuz psixoloji yardım almaq hüququna malikdirlər: 

“İbtidai məktəblərdə psixoloq ştatı yoxdur, ancaq ümumi orta və tam orta məktəblərdə, lisey və gimnaziyalarda var. Psixoloq ştatı uşaqların sayına görə müəyyən olunur. Məktəblərdə hər 1000 nəfər şagird üçün bir psixoloq ştatı olur”. 

Ekspertin sözlərinə görə, məktəblərdə psixoloji işin təşkili ilə bağlı ciddi problemlər var: 

“2019-cu ilə qədər məktəblərdə psixoloq vəzifəsinə qəbul olunanların əksəriyyəti psixologiya təhsili olmayanlardır. Onlar ayrı-ayrı fənn müəllimləridir, müəyyən hazırlıq keçib psixoloq kimi fəaliyyət göstərirlər, baza bilikləri yoxdur. 

İkinci problem məktəb rəhbərliyinin məktəblərdə psixoloji işin təşkili qaydalarında xəbərsiz olmasıdır. Psixoloqlar çox vaxt davamiyyəti yoxlamağa cəlb olunur və ya şagirdlərin davranışına nəzarət edirlər. Məktəblərin əksəriyyətində psixoloq kabineti yoxdur, bu da digər bir problemdir. Xüsusilə şagird sıxlığı olan məktəblərdə bu, problem yaradır. Psixoloq kabineti olan məktəblərdə hər hansı vasitə yoxdur. Hamı düşünür ki, məktəblərdə uşaqla psixoloq işləməlidir, bir balaca dəcəllik edən uşağı psixoloqun yanına göndərirlər. Əslində isə məktəb psixoloqu məktəb rəhbərliyinə və valideynlərə tədris prosesi zamanı psixoloji işin təşkili ilə bağlı istiqamət verən mütəxəssisdir”. 

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top