“Bu şərtlər həm turistlərə, həm də şirkətə sərf edir” — Erkən rezervasiyanın üstünlükləri

GÜNDƏM 22 fev 2024, 16:03
Yay aylarında xaricdə tətil üçün erkən rezervasiya başlayıb. Turizm şirkətləri xaricdə tətil üçün müxtəlif xidmətlər təklif edir. Əksər hallarda tur paketlərə aviabilet, transfer, otellərdə qidalanma da daxil olur. Ölkə xaricində istirahət etməyi düşünənləri isə daha çox bir məsələ maraqlandırır – turizm şirkətinə müraciət etmək, yoxsa, tətili müstəqil planlamaq? 

Turizm eksperti Əziz Şiriyev Demokrat.az-a açıqlamasında bildirib ki, xaricdə tətil etmək üçün turizm şirkətlərinə müraciət edib öncədən rezervasiya etmək daha sərfəlidir: 

“Çünki turizm şirkətləri otellərlə, xaricdəki tur operatorları ilə qarşılıqlı əməkdaşlıq edir. Sosial şəbəkələrdə otellər reklam edilir, bəzən paylaşılan şəkillər reallığı əks etdirmir və insanlar bunu görüb aldanırlar. Turizm şirkətləri vasitəsilə kampaniyalar zamanı münasib qiymətə yaxşı otellərin xidmətindən yararlanmaq olar. Mütəmadi olaraq operatorlar turizm şirkətlərinə bu barədə məlumat verir. 30 faiz ilkin ödəniş ödənilir, uçuş tarixinə qədər isə məbləğin 70 faizi ödənilir, bu da səyahət etmək istəyənlər üçün sərfəlidir. Söhbət Türkiyədə tətildən gedir, Antalya, Bodrum, Marmaris, İzmir, Kuşadası istiqamətlərinə bu cür sərfəli təkliflərdən yararlanmaq olar. Bu şərtlərlə səyahət həm müştəriyə sərf edir, həm də şirkətə. Şirkət üçün müştəri məmnuniyyəti də çox önəmlidir, ona görə də səyahətin əvvəlindən sonuna qədər şirkət vətəndaşla maraqlanır”.

Ekspert qeyd edib ki, qrup turları ilə səyahətin də öz üstünlükləri var:

“İstanbuldan Maldiv adalarına, Baliyə, Şrilankaya, Dohaya, Avropa ölkələrinə qrup turları təşkil edilir. Qrup şəklində olduğu üçün qiymət daha münasib, viza almaq daha rahat olur. Bilinməyən maraqlı yerlərə gəzintilər təşkil edilir, tur rəhbəri gedilən məkanlar barədə turistlərə məlumatlar verir. Qrup şəklində səyahət etdikdə xarici dil biliyinə də ehtiyac olmur. Bundan başqa bəzi insanlar ölkə xaricinə tək getməkdən çəkinir, qrup turlarınnda özlərini təhlükəsizlikdə hiss edirlər. Turistlər tez-tez oğurluq halları ilə qarşılaşırlar,  qrup şəklində gəzintilərdə bu risk də minimuma enir”. 

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top