“Uşaqlar təlqini sevir, gördüklərini təkrarlayırlar” — Məktəblilər arasında zorakılıq halları niyə artıb?

GÜNDƏM 20 fev 2024, 17:47
Məktəblərdə tez-tez şagirdlərin qeyri-etik davranışının şahidi oluruq. Şüvəlan qəsəbəsi 156 nömrəli məktəbin şagirdləri arasında baş verən hadisə bunu bir daha təsdiq edir. 11-ci sinifdə oxuyan qız 9-cu sinifdən məzun olan həmcinsinə qarşı alçaldıcı hərəkətlər edir, digərləri isə bunu videoya çəkir. Yeniyetmələr arasında bir-birinə zorakılıq etmə halları niyə artıb? 

“Təmiz Dünya Qadınlara Dəstək” İctimai Birliyinin sədri Mehriban Zeynalova hesab edir ki, zorakılıq hallarının artması gündəlik gördüklərimiz və eşitdiklərimizin tətbiqidir.

O, Demokrat.az-a açıqlamasında deyib ki, azyaşlılar arasında belə halların olması təəcüblü deyil: 

“Çünki uşaqlar təlqini sevir, göz önündə gördüklərini təkrarlayırlar. Mən hər ikisinin ailəsini tanımadığımdan bunun köklərinin kimdən qaynaqlandığını deyə bilmirəm. Təhqir olunan uşağın qurban kimi tərbiyələnməsi, digər uşağın isə zorakı davranışı, qeyri-insani münasibətlə yanaşı, mühitdən qaynaqlanır. Mühit nə göstərib bu uşaqlara? İnternetdə uşaqlar maraqla nələrə baxırlar? Uşaq digərini alçaltmaqdan niyə zövq alsın? Təəssüf ki tərəflərlə söhbət aparmadan rəy vermək ədalətsiz mövqe tutmaqla nəticələnir. Hər halda şiddət göstərən tərəfə digərlərinin haqqına hörmətsiz yanaşmağın qanun pozuntusu olduğunu izah edən olmayıb. Bəzən uşaqlıq şıltaqlığı, seçilmək hissi də belə hərəkətlərə sövq edir. Lakin seçilmək üçün başqasını əzməyin ədalətli olmadığı anladılıbmı uşağa? Heç şübhəsiz bu uşaqda ərköyünlükmü deyək, şıltaqlıqmı deyək özünü təzahür etdirməmiş deyil”. 



Mehriban Zeynalova əlavə edib ki, baş verən hadisə digər uşağın ağır travma alması ilə nəticələ bilər: 

“Lakin  qarşı tərəf haqqında da nə bilirik? Hansı mühitdə böyüyüb? Ədalətli fikir söyləmək bir qədər çətindir. Amma hər iki şəxslə bağlı düşünürəm ki, peşəkar məktəb  mühitində bu boşluqlar aşkarlansaydı, tədbir görmək mümkün idi. Lakin məktəbin də addım atması üçün müəyyən mənada xidmət paketləri barədə məlumatlı olması vacibdir. Prosedur uzun olduğuna görə məktəbin valideynə təsir etməsi üçün müddət lazım olur. Məsələn, məktəb və ya müəllim uşağın valideynində və ya özündə davranış pozuntusu görürsə, bununla bağlı dərhal məlumat verməsi, səlahiyyətli qurumların bu məsələyə dərhal reaksiya verməsi effektiv ola bilər. 

Məktəblərdə sosial işçilərə də ehtiyac var. Əgər uşağın davranışında problem aşkarlanırsa, ailə üzvləri ilə bağlı dolğun məlumatların olmasına və xüsusi xidmət qurumlarına hesabat verilməsinə ehtiyac var”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top