Tovuzda 36 yaşlı kişi həmkəndlisini niyə qətlə yetirib? — TƏFƏRRÜAT

KRİMİNAL 20 fev 2024, 12:10
Tovuz rayonunda 1988-ci il təvəllüdlü Tural Hüseynov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1986-cı il təvəllüdlü Bəxtiyar Əkbərov ürək nahiyəsinə bıçaqla xəsarət yetirərək onu öldürüb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Tural 5 may 2022-ci ildə arvadının Rusiya Federasiyasının İrkutski vilayətində yaşayan xalası oğlu Elsevər Cəfərova ilə “Whatsapp” yazışma proqramı vasitəsilə danışıb. Ona 1986-cı ildə anadan olmuş Tovuz rayonunun Əyyublu kəndində yaşayan Bəxtiyarla aralarında olan pul mübahisəsi ilə əlaqədar ona zəng vurduğunu, lakin sonuncunun onun telefon zənginə cavab vermədiyini bildirib. Ondan Bəxtiyar Əkbərovun ona zəng etməsi üçün sonuncuya məlumat verməsini xahiş edib. 

Həmin günü saat 18.30-da sərxoş vəziyyətdə Bəxtiyar Əkbərovla onun atası Əvəz Əkbərovun yaşadığı Tovuz rayonunun Əyyublu kəndində yerləşən evin qarşısındakı küçədə rastlaşdıqda ona Elsevər Cəfərova olan borcunu qaytarmaması ilə bağlı iradını bildirib.

Elsevənin telefon zənglərinə cavab verməsini tələb etdiyi üçün Bəxtiyar Əkbərovla aralarında yaranmış mübahisə zamanı sonuncu onu yerə yıxıb, özünün və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməklə sifət nahiyəsindən yumruqla vurub. Həmin vaxtı oraya gələn həmkəndliləri onları araladıqdan sonra Bəxtiyar Əkbərovun ona qarşı etdiyi hərəkətləri özünə qarşı qəbul edilməz təhqir hesab edib. 
Tural qisas almaq niyyəti ilə Bəxtiyar Əkbərovu qəsdən öldürmək qərarına gəlib. O, öz cinayətkar niyyətini həyata keçirmək üçün yaxınlıqda yerləşən yaşadığı evə gedib və bıçağı götürərək, onunla aralarında mübahisənin baş verdiyi həmin yerə qayıdıb. 

Bu zaman yolda Bəxtiyar Əkbərovla yenidən rastlaşıb və oradan keçən su arxının kənarında ona yaxınlaşıb. Bəxtiyar Əkbərov yenidən onun ailə üzvlərinin ünvanına nalayiq ifadə işlədib. Həmin vaxt Tural Bəxtiyarın əlində olan ağac parçası ilə onu vurmaq istəyib. Ağac parçasını onun əlindən alıb və özü ilə gətirdiyi bıçaqla Bəxtiyar Əkbərovun döş nahiyəsinə bir dəfə zərbə vurub. Bəxtiyar Əkbərov hadisə yerində ölüb. 

Hadisəni törədən Turalın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tural ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, həbs edilənədək Tovuz rayonunun Əyyublu kəndində ailəsi ilə birlikdə yaşayıb: “Hadisədən təxminən 4-5 ay əvvəl Rusiya Federasiyasının İrkutsk vilayətində yaşayan arvadımın xalası oğlu olan Elsevər mənə “Watsapp” ani mesajlaşma proqramı vasitəsilə zəng vuraraq biraz hal-əhval tutdu. Sonra məndən Bəxtiyarı tanıyıb-tanımadığımı soruşdu. Mən isə tanıdığımı və Bəxtiyarın atasıgilin evinin özümün atamgilin yaşadığı küçədən bir küçə aralıda yerləşdiyini bildirdi. Elsevər mənə “Bəxtiyarın onu aldadaraq 58000 rus rublu pulunu ələ keçirdiyini” dedi, Bəxtiyarı görsəm ona zəngini açmasını deməsini bildirdi. Bundan sonra Bəxtiyargilin evinə getdim, ona bu barədə məlumat verdim. Bəxtiyar isə mənə Elsevərlə danışıb məsələni həll edəcəyimə dair söz verdi”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, növbəti gün, səhər saat 11 radələrində “Whatsapp” proqramı vasitəsilə Elsevərə zəng edib: “Hal-əhval tutduqdan sonra Elsevər Bəxtiyarın yenidən onun zənglərinə cavab vermədiyini, Bəxtiyarı görsə, onun zənginə cavab verməyini deməsini bir daha xahiş etdi. Biz daha sonra sağollaşdıq. Həmin gün təxminən 13.30-da Əyyublu kəndinin mərkəzində kafedə yemək yeyib, biraz spirtli içki qəbul etdikdən sonra atamgilə hal-əhval tutmağa getdim. Saat təxmin 17.30-da atamgilə məxsus evdən çıxdım və öz yaşadığım evə gələrkən Bəxtiyarı gördüm. Bəxtiyara Elsevərlə telefonla danışmalı olduğunu, Elsevərə zəng vurmasını və ya Elsevərin telefon zənglərinə cavab verməsini bir daha dedim. Bu zaman Bəxtiyar onu bezdirdiyimi dedi. Mən pis bir söz demədiyimi, sadəcə Elsevərə zəng vurmasını xahiş etdiyimi bildirdim. Bundan sonra Bəxtiyar mənə “sən kimsən?!” dedi. Mənim və ailə üzvlərimin ünvanına nalayiq söyüşlər söyərək mənə tərəf yaxınlaşdı. Biz üzbəüz dayandıqdan sonra Bəxtiyarın yaxasından tutdum və biz dava etməyə başladıq”. 

Təqsirləndirilən şəxs bildirib ki, bundan sonra Bəxtiyar onu yerə yıxıb, gözünün üstündən və üz nahiyyəsindən 2-3 dəfə yumruqla vurub: “Bəxtiyar məni yumruqla vurduqdan sonra aralaşdı. Mən isə əsəbi halda yerdən qalxdın və ona “burda gözlə gəlirəm” dedim. Bəxtiyar isə mənə söyüş söyərək “gəlməyənin var yoxuna” deyərək nalayiq söyüş söydü. Mən daha da əsəbiləşərək yaxınlıqda yerləşən yaşadığımız evə getdim. Mətbəx otağında olan mətbəx bıçağını götürdüm və şalvarımın arxa tərəfində kəmərinə keçirdim. Evdən bıçaq götürməyimi isə heç kim görmədi. Mən bıçağı götürdükdən sonra evdən çıxıb Bəxtiyarla dalaşdığım yerə gəldim. Bu zaman Bəxtiyar məni görən kimi “yenə gəldi” dedi. Mənim və ailə üzvlərimin ünvanına nalayiq söyüşlər söyərək əlində olan ağac parçası ilə üstümə gəldi. Bəxtiyar söyüş söydüyü üçün sonuncunun üzərinə getdim. Bəxtiyar gələ-gələ mənim və ailə üzvlərimin ünvanına yenidən nalayiq söyüşlər söydü. Bəxtiyar mənə çatdıqdan sonra əlində olan ağac parçası ilə vurmaq istəyərkən onun əlindən tutdum. Bu zaman Bəxtiyar yenidən mənim və ailə üzvlərimin ünvanına nalayiq söyüşlər söydü. Bu söyüşləri özümə qarşı qəbul edilməz təhqir hesab edərək evdən gətirdiyi bıçağı şalvarımın kəmərindən çıxardı, Bəxtiyarın döş qəfəsinin sol yuxarı nahiyəsindən, yəni ürək nahiyyəsindən bir zərbə vurdum. Zərbənin təsirindən Bəxtiyar xəsarət alaraq yerə yıxılaraq huşsuz vəziyyətdə qaldı. Sərxoş olduğumdan və həyacanlandığımdan həmin anda Bəxtiyarın ölüb-ölməməsinə fikir vermədim”. 

Tural deyib ki, daha sonra oradan uzaqlaşaraq yaşadığı evə gedib: “Evə gedərkən Bəxtiyara xəsarət yetirdiyim həmin bıçağı hadisə yerindən bir qədər aralıda yolun kənarında yerləşən ətrafı hasarlanmış bağ sahəsinə atdım. Evə gələrək yatdım. Təxminən 1 saat sonra isə evimizə Tovuz rayonu Qovlar polis şöbəsinin əməkdaşları gələrək mənə Bəxtiyara vurduğum zərbədən sonuncunun öldüyünü bildirdilər”. 

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Tural 12 il müddətinə azadlıqdan məhrum edilib. 

Hökmdən narazı qalan zərərçəkmiş Bəxtiyar Ələkbərovun hüquqi varisi tərəfindən apellyasiya şikayəti verilib. Turalın əməlinin Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsinə tövsif edilməsini, ona ağır cəza verilməsi istənilib. 

Zərərçəkmiş tərəfin şikayəti araşdırılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilib. Şikayəti araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, şikayət təmin edilməyib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top