Qızılca yeni formada yayılır — Böyüklərə peyvəndlənmə ÇAĞIRIŞI

GÜNDƏM 16 fev 2024, 12:15
Xəbər verdiyimiz kimi, dünən qızılcadan daha bir məktəbli dünyasını dəyişib. Paytaxtın Səbail rayonundakı 51 saylı orta məktəbin 8-ci sinif şagirdi 14 yaşlı Nuray İbrahimova xəstəliyinin ağırlaşması səbəbindən həyatını itirib. Səhiyyə Nazirliyi isə əhaliyə bir daha müraciət edərək qızılcaya qarşı həssas 11-40 yaşlı əhali qruplarını da peyvənd olunmağa çağırıb. Qeyd olunub ki, yaranmış epidemioloji vəziyyətin təhlili yoluxanların böyük əksəriyyətinin qızılcaya qarşı heç vaxt peyvənd olunmayan və xəstəliyi keçirməyən şəxslər olduğunu göstərir:

"Bununla əlaqədar Azərbaycan ərazisində əks-epidemik və profilaktik tədbirlərin aparılması davam etdirilir. Azərbaycanda Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş Profilaktik peyvəndlər təqviminə əsasən 10 yaşa qədər uşaqların vaksinasiyası davamlı olaraq həyata keçirilir. Qızılca infeksiyasından qorunmağın ən effektiv yolunun vaksinasiya olduğunu nəzərə alaraq, Səhiyyə Nazirliyi əhaliyə bir daha müraciət edərək, qızılcaya həssas 11-40 yaşlı əhali qruplarını da infeksiyaya qarşı peyvənd olunmağa çağırır. Vaksinasiya üçün yaşayış yerləri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət oluna bilər", - məlumatda bildirilir. 

Həkim professor Adil Qeybulla Demokrat.az-a açıqlamasında qızılcanın yayıldığı bir vaxtda peyvəndləmənin vacib olduğunu deyir:

“Peyvəndləmə böyüklərə də lazımdır, çünki onlar arasında da yoluxma halları var. 1-10 yaşlı uşaqların qızılcaya qarşı peyvəndlənməsi Milli Peyvənd Təqviminə əsasən aparılmalıdır. 11-40 yaş arası əhali qrupları arasında isə vaksinasiya aparılmalıdır ki, xəstəlik yeni bir formaya keçməsin və infeksiya zənciri vaxtında qırılsın, xəstəliyi lokallaşdırmaq mümkün olsun. Bütün dünyada görünən mənzərə odur ki, qızılca yeni bir formada təzahür edib. Bu, təkcə peyvənd olunmamaqla bağlı deyil, virusun strukturunda da dəyişiklik baş verib. Vaksinasiya maksimum qoruyucu xarakter daşıyır və böyük yaş qruplarına da peyvənd etdirmək tövsiyə edilir”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top