“İqtisadiyyatda aktivlik və xərcləmələr əvvəlki səviyyədə deyil” — Dollara tələbatın artması nəyə əsaslanır?

İQTİSADİ 14 fevral 2024, 20:30
Fevralın 13-də keçirilən valyuta hərracında əvvəlki hərraclarla müqayisədə dollara tələb kəskin artaraq 150 milyon manatı ötüb. “APA”nın xəbərinə görə Mərkəzi Bankdan bildirilib ki, bu, mövsümi xarakter daşıyıb, əsasən, bir sıra dövlət layihələrinin icrası və özəl sektorun idxal tələbi (o cümlədən ərzaq və kənd təsərrüfatı məhsulları) ilə əlaqədardır: "Məlumat üçün qeyd edək ki, 2024-cü ilin ötən dövründə valyuta hərraclarının 55%-də təklif tələbi üstələyib. Ümumilikdə isə qeyd etmək lazımdır ki, valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir. Bu meyillərin davam etməsi halında 2024-cü ilin sonuna da cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir" - Mərkəzi Bankın açıqlamasında qeyd olunur. 

İqtisadçı-ekspert Xalid Kərimlinin sözlərinə görə, Azərbaycan iqtisadiyyatının yanvar ayındakı artım faizi 5 faizdir. Ötən ilin yanvar ayında isə 1,5 faizlik geriləmə olub. O, Demokrat.az-a açıqlamasında deyib ki, iqtisadiyyatda aktivlik və xərcləmələr əvvəlki səviyyədə deyil: 

“Aktivlik və xərcləmələr artanda idxal da artır, dollara tələbat da. İlin sonunda Azərbaycanda COP 29 keçiriləcək, artımın güman edilən səbəblərindən biri budur. Sürətli xərcləmələ baş verir, bu da həm iqtisadi artıma gətirib çıxarır, həm də xarici valyutaya tələbatı artırır. Vəziyyəti 2015-2016-cı illə müqayisə edə bilmərik, çünki həmin dövrdə həm enerji qiymətləri indiki ilə müqayisədə kəskin aşağı idi, həm manatın məzənnəsi güclü idi, həm də nəzarət yox idi. Bu üç faktor Mərkəzi Bankın xeyrinədir. Belə ki, hazırda enerji qiymətləri 80 dollardan yuxarıdır. Mərkəzi Bank əvvəllər valyuta bazarına real nəzarət həyata keçirə bilmirdi, indisə isə nəzarət mexanizmi formalaşıb, şəffaflıq artıb, banklar nəzarət altındadır. Əvvəllər mövcud olan çoxlu sayda valyuta məntəqələrini indi görmürük”. 

Ekspert əlavə edib ki, manatın devalvasiyası ilə bağlı təşvişə düşməyə ehtiyac yoxdur: 



“Amma manatın da dollar qarşısında məzənnəsi həmişə 1.7 olmayacaq. Vətəndaşlar bilməlidir ki, 3 ildən sonra dəyişiklik də ola bilər. İndiki məqamda isə nəzərə alsaq ki, insanların sosial vəziyyəti ürəkaçan deyil, qiymətlər artıb, hökumətin indiki enerji qiymətləri çərçivəsində devalvasiyaya gedəcəyini gözləmirəm. Əsas odur ki, tədiyə balansında profisit var, Mərkəzi Bankın yanvar ayında ehtiyatları artıb, eyni zamanda da neft qiymətləri çərçivəsində 5-7 milyard manatlıq profisit gözlənilir. Vətəndaşlar bilməlidirlər ki, neftin qiyməti ölkədə tədiyə balansına və büdcənin formalaşmasına ciddi təsir göstərən faktordur. Qiymətlər yüksəkdirsə, narahatlığa əsas yoxdur”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 noyabr 2024, 12:30
Top