“Hər kəs hər şeyi gizlədəndə nəticə də belə olacaq” — Deputat qandonduran qətldən danışdı

GÜNDƏM 14 fev 2024, 15:04
Dünən 25 yaşlı gəncin ailə üzvlərini amansızlıqla qətlə yetirməsi cəmiyyətdə şok effekti yaratdı. Qatil barədə bilinməyənlər də üzə çıxdı. Hələ 15 yaşında 30 bıçaq zərbəsi ilə bir nəfəri də öldürmüş yeniyetmənin cinayətini ailəsi ört-basdır edib. Bu azmış kimi psixoloji problemlərdən əziyyət çəkən potensial qatil cəmiyyət içində sərbəst dolaşıb, taksi fəaliyyəti ilə məşğul olub. Milli Məclisin deputatı Fazil Mustafanın fikrincə, bu məsələdə bütün cəmiyyət günahkardır. O, Demokrat.az-a açıqlamasında məsələyə münasibət bildirib:

“Belə hadisələrin baş verməsinin səbəbi cəmiyyətin qapalı olmasıdır. Açıq cəmiyyət olmalıdır, insanlar gizlətməməlidirlər, ailədə psixoloji problemləri olan şəxs varsa, müalicəsi təmin olunmalıdır. Hamının susqunluqla qarşıladığı bu məsələnin ailə faciəsinə gətirib çıxarması gözləniləndir. Deməli, bütün cəmiyyət günahkardır. Hər kəs hər şeyi gizlətməyə davam edəndə nəticə də belə olacaq. Ona görə də burada kimsə başqa cür düşünməsin, insanların özünün bütövlükdə cəmiyyət üçün yaratdığı durumdur və çox acınacaqlıdır. Bunun qarşısını almaq mümkün də deyil, çünki insanlar özləri cavabdehlik daşımalıdırlar və proqnozlaşdırmalıdırlar ki, bu cür xarakterli şəxsin cinayət törətmə potensialı var. Bu potensialı da saxta “dəlilik kağızı” almaqla ört-basdır etmək mümkün deyil, əvvəl-axır bu qan haradansa çıxmalıdır və çıxdı da. 

Faciənin səbəbkarı əslində elə qohum-əqrəba, yaxınlar, tanışlardır, hamı bu prosesdə iştirak edib. Çünki problemi görüb, amma biganə yanaşıblar, qarşısını almağa, həll etməyə çalışmayıblar. Təkcə qatilin ittiham olunması yetərli deyil. Həmin şəxs taksidə müştərini də və ya başqa bir şəxsi də öldürə bilərdi. Cəmiyyət bu cür şəxslərin nəzarətə götürülməsində maraqlı olmalıdır, çünki təhlükədən heç kim sığortalanmayıb. Hamılıqla təhlükənin qarşısını almağa çalışmasaq, belə bədbəxt hadisələr yenə də təkrarlanacaq”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top