Brüsseldə gözlənilən üçtərəfli görüş: Sülh müqaviləsi imzalanacaqmı? — ŞƏRH

XARİCİ SİYASƏT 12 fev 2024, 12:44
Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin xahişini nəzərə alaraq, Ermənistanın baş naziri Nikol Paşinyanla yenidən Brüsseldə görüşə biləcəyini söyləyib. Bunun üçün əsas şərt görüşün üçtərəfli formatda keçirilməsidir. Əgər görüş baş tutarsa, tərəflərin sülh müqaviləsini müzakirə edəcəyi şübhəsizdir. Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makrondan fərqli olaraq, Ş.Mişel hər iki ölkə arasında balansı pozmur, tərəfsiz vasitəçilik edir. Bu, rəsmi Bakı tərəfindən də müsbət qarşılanır.

Belə bir fonda Azərbaycanla Ermənistan arasında sülh və ya çərçivə sazişinin Brüsseldə imzalanması nə dərəcədə realdır? Məhz Brüsseldə sazişin imzalanması Bakı və İrəvanın maraqlarına cavab verirmi?

Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Telman İsa bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin xahişini nəzərə alaraq, Ermənistanın baş naziri Nikol Paşinyanla yenidən Brüsseldə görüşə biləcəyini söyləməsi müsbət haldır.



Onun sözlərinə görə, Ermənistan və bu ölkənin havadarları, o cümlədən Fransa prezidenti E.Makronun pozucu davranışları səbəbindən danışıqlarda, yekun sülh müqaviləsinin bağlanması istiqamətində aparılan müzakirələrdə böyük fasilə yaranıb: “Digər avropalı məmurlardan fərqli olaraq, Şarl Mişelin əksər hallarda balanslı davranması, məsələlərə obyektiv yanaşması, rəsmi İrəvanı illüziyalardan uzaq durmasına səsləməsi, Paşinyanı yaranmış reallığı görməsinə çağırması və ən nəhayətdə 7 fevral 2024-cü il seçkilərində parlaq qələbəsi münasibəti ilə hazırkı Prezident İlham Əliyevi təbrik etməsi, rəsmi Bakıda bu təklifi nəzərdən keçirmək imkanları yaradıb. Rəsmi Bakı əksər hallarda Şarl Mişelin vasitəçilik missiyasını qəbul edib. Çünki Brüsseldə keçirilən danışıqlarda Azərbaycanın əsas şərt kimi irəli sürdüyü görüşün üçtərəfli formatda keçirilməsinin təmin olunması ölkəmiz tərəfindən isti yanaşılıb. Fransa prezidenti Emmanuel Makrondan fərqli olaraq, Şarl Mişel hər iki ölkə arasında balansı pozmur, tərəfsiz vasitəçilik edir. Dediyim kimi, bu, rəsmi Bakı tərəfindən də müsbət qarşılanır”.

Siyasi şərhçi deyib ki, belə bir şəraitdə Azərbaycanla Ermənistan arasında sülh və ya çərçivə sazişinin Brüsseldə imzalanması da real görünür: “Əlbəttə, məhz Brüsseldə sazişin imzalanması Bakı və İrəvanın maraqlarına cavab verir. Amma Bu sazişin imzalanması üçün Bakıdan çox İrəvanın üzərinə öhdəlik və vəzifələr düşür. Öhdəlik və vəzifələrə gəlincə, bu, ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Konstitusiyasının dəyişdirilməsinin vacibliyi ilə bağlı qarşı tərəfə ünvanladığı təkliflərdir. Məlumdur ki, Ermənistan Konstitusiyasının preambulasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları var. Daha dəqiq desək, Ermənistanın Konstitusiyasının tərkib hissəsi olan müstəqillik bəyannaməsinin preambulasında Qarabağ “Ermənistanın ayrılmaz ərazisi” kimi göstərilib. Təbii ki, Azərbaycanın da əsas tələblərindən biri bununla bağlıdır. Bakının başqa bir tələbi qarşı tərəfin bu illər ərzində əsassız olaraq beynəlxalq məhkəmələrə müraciəti məsələsidir. İşğalçı dövlət həmin hüquqi sənədlərdə ölkəmizi işğalda, etnik təmizləmədə, Qarabağ ermənilərinə qarşı zor tətbiqində suçlayıb. Təbii ki, bu cür davranışla hansısa sülh müqaviləsinin bağlanmasından söhbət gedə bilməz”.

T.İsa müstəqillik bəyannaməsinin Konstitusiyanın təməl prinsipini təşkil etməsinə diqqət çəkib. Vurğulayıb ki, əgər orada dövlət səviyyəsində Azərbaycana qarşı ərazi iddiaları təsdiq olunursa, bu vəziyyətdə hansısa sülh müqaviləsindən danışmaq əbəsdir: “Ona görə də bu məsələ mütləq şəkildə həll olunmalıdır. İstər xalq referendumu nəticəsində, istərsə də Ermənistan parlamenti səviyyəsində Konstitusiyaya dəyişikliyi baş tutmalıdır. Konstitusiyadakı Azərbaycan ərazilərinə iddia aradan götürülməlidir. Çətin durumda qalan və Rusiyaya bağlı revanşist qüvvələrin hər gün artan hədələri fonunda Paşinyan hakimiyyəti anlayır ki, sülh danışıqlarının dalana dirənməsi birbaşa Ermənistan dövləti və xalqı üçün təhdiddir. İllərdir sülh danışıqlarını uzadan rəsmi İrəvan regionda və ətraf bölgələrdə ciddi siyasi və hərbi reallıq yarandığını indi anlayır. Paşinyan həmçinin Makronun siyasi hədələrinin, AŞPA və digər istiqamətlərdə Bakıya təzyiqlərinin bir nəticə vermədiyini də gözəl dərk edir. Bu prosesi Şarl Mişel də aydın sezir. Ona görə də Ermənistan mümkün qədər tez bir zamanda Azərbaycan arasında sülh müqaviləsini imzalamalı və Bakının haqlı tələblərini yerinə yetirməlidir. İdman terminləri ilə desək, öz ərazilərini işğaldan azad etmiş Azərbaycan səbirlə qarşı tərəfin atacağı addımları gözləyir. Bir sözlə, top Ermənistan tərəfindədir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top