“Abidas”, “Luxoil” ... — Məsuliyyət yaradır

SOSİAL 05 fev 2024, 13:50
Tanınmış mağaza şəbəkələrinin, məşhur brendlərin adlarına oxşar mağaza, xidmət, məhsul adlarına tez-tez rast gəlirik. “Adidas”ın “Abidas”, “Lukoil”in “Luxoil”, “Ağ çiçəyim”in “Ağ ləçəyim” və s. tanınmış marka və mağaza adlarının bu və ya digər şəkildə təkrarlandığını görürük. Bəs, bunun hüquqi məsuliyyət yaratdığından da xəbərdarıqmı?

Hüquqşünas Sahib Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, bu, dünyada geniş yayılmış biznes fırıldağı növüdür və buna görə məsuliyyət müəyyən olunub:

“İstər milli səviyyədə qeydiyyatdan keçmiş, istər beynəlxalq səviyyədə, xarici ölkələrdə qeydiyyat keçmiş əmtəə nişanlarının mühafizəsi qanunvericiliklə təmin olunur. Bununla bağlı Azərbaycanda da bir sıra qanunvericilik aktları var. Əmtəə nişanları müxtəlif ola bilər. Əmtəə nişanları ad və ya hərflərdən ibarət ola bilər. Məsələn, “SOCAR” addır, yanında alov işarəsi var, bu artıq əmtəə nişanıdır. Və ya “Google” – bu da beynəlxalq əmtəə nişanıdır. Kimsə əmtəə nişanının adını mənimsəyərsə, oxşar adlardan istifadə edərsə və ya əmtəə nişanındakı hərflərin dizaynında süni əmtəə nişanı yaradarsa, əvvəla, bunu qeydiyyat orqanı qeydə almamalıdır. Azərbaycanda da əmtəə nişanlarının adlarından istifadə edib qanun pozuntusuna yol verirlər. Hətta satış şəbəkələrinin adlarından istifadə edirlər. Bu, məsuliyyət yaradır”.

Ekspert əlavə edib ki, hər kəs öz əmtəə nişanını qorumaq üçün tədbir görə bilər:

“Mülki qaydada kommersiya mübahisəsi başlada və məsələni mübahisələndirə bilər. Çünki bəzən mübahisəli məqamlar olur. Əmtəə nişanının sahibi adın təkrarlandığını iddia edə bilər, qarşı tərəfsə belə olmadığını əsaslandıra bilər. Belə məsələlər məhkəmə səviyyəsində həll olunmalıdır. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsində də bununla bağlı məsuliyyət nəzərdə tutulur. Əmtəə nişanlarından qanunsuz istifadə, yəni özgənin əmtəə və ya xidmət nişanından, eyni mənşəli əmtəə adlarından istifadə olunmasına görə inzibati xəta nəticəsində vurulmuş ziyanın və ya əldə olunmuş gəlirin iki mislindən dörd mislinə qədər cərimə tətbiq olunur. Ölkə beynəlxalq əmtəə nişanlarının mühafizəsini də təmin etməlidir. Məsələn, “bp” transmilli korporasiyası, “Panasonic”, “Sony” və s. kimi dünyaca məşhur şirkətlərin adına oxşar adlar qoyularsa, bunun qarşısı alınmalıdır. Bu, dövlət olaraq beynəlxalq öhdəliyimizdir”.


Törə Zeynallı
Demokrat.az  

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top