“Paşinyanın hüququ yoxdur ki, ərazi bütövlüyümüzü tanısın, çünki...” — Sabiq nazir

GÜNDƏM 21 yan 2024, 00:21

“Bu gün Ermənistan məcburən sülh prosesində iştirak edir. Yəni İrəvan Azərbaycanla əlaqədar post-konflikt siyasi proseslərdə iştirak etməyə məcburdur. Çünki Ermənistan tərəfindən başladılan münaqişə özlərinin gələcəyinə çox böyük təhlükə yaradıb”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Azərbaycanın sabiq XİN rəhbəri, siyasi şərhçi Tofiq Zülfüqarov deyib.

Müsahibimiz Ermənistan Baş naziri Nikol Paşinyanın ölkə Konstitusiyasının dəyişdirilməsi ilə bağlı verdiyi təklifə toxunub.

T. Zülfüqarov söyləyib ki, digər tərəfdən, onların Türkiyəyə qarşı olan münasibəti siyasi və hüquqi baxımdan dəyişməlidir:

“İrəvan regionda Ankara ilə əməkdaşlıq səhifəsi açmaq istəyir. Amma buna mane olan Ermənistanın hüquqi sənədləri və Konstitusiyasıdır. Konstitusiyadan əlavə, Ermənistanın Müstəqillik Bəyannaməsi həmin ərazi iddialarını özündə ehtiva edir. Deməli, Ermənistan bir dövlət olaraq bu məsələdə maraqlıdır”.

Onun sözlərinə görə, bu, həmçinin onu da sübuta yetirir ki, Ermənistan 1918-ci ildə qurduğu respublikanı bərpa etməyib:

“Biz 1991-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini bərpa etmişik. O cümlədən, Baltikyanı ölkələr və Gürcüstan da eynilə. Lakin Ermənistan, sadəcə, öz müstəqilliyini bəyan edib. Bu, o deməkdir ki, Ermənistanın yaranmasının əsasları və bununla bağlı olan hüquqi sənədlər ərazi iddiaları ilə başlayır. Təbii ki, Ermənistanın beynəlxalq qanunlara zidd olan siyasəti dəyişməlidir. Bunsuz Ermənistanın taleyi bir dövlət olaraq daim təhlükə altında qalacaq. Çünki istər-istəməz Ermənistanın qonşuları bu siyasətə qarşı öz siyasətlərini quracaqlar”.

“O ki qaldı Azərbaycana, biz təbii ki, hansısa danışıqları aparmaqda maraqlıyıq. Lakin Ermənistanın dövlət başçısının hüququ yoxdur ki, o, mövcud Konstitusiyanı pozub ərazi bütövlüyümüzü tanısın. Ona görə də ermənilərin mövcud bəyanatları səhvdir. Onlar bunu həll edib-etməyəcəklər, bu, onların öz işləridir. Lakin Azərbaycanın masada danışacağı ölkə Ermənistandır”, – o, əlavə edib.

“Mən bu məsələ ilə bağlı hakim partiya daxilindəki etirazlara təəccüb etmirəm. Əslinə qalsa, Paşinyanın “Vətəndaş müqaviləsi” partiyasının şüarı “Xilas olmaq üçün ayrılmaq” şüarı idi. Bu isə ərazi iddiaları əsasında Qarabağa münasibət siyasəti idi. Bu baxımdan, ermənilərin siyasi mühiti xəstəlik və qeyri-reallıqdan uzaqdır. Məncə, bu cəmiyyət dəyişməlidir ki, qonşularla real yaşasın. Ya da həmişə təzyiq altında olacaqlar”, – eks-nazir fikirlərini yekunlaşdırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top