Qışda 50 qəpiyə satılan pomidor: Ucuzlaşmanın səbəbləri bilindi — VİDEO

SOSİAL 10 yan 2024, 15:55
Paytaxt bazarlarında pomidor ucuzlaşıb. Qiymətlər 50 qəpik-1 manat 80 qəpik arasında dəyişir. Satıcılar deyirlər ki, hazırda qiymətlər əvvəlki illərdən 2-3 dəfə aşağıdır. Bazarlara müxtəlif rayonlardan gələn məhsullar çıxarılır. Ən baha pomidor Zirə qəsəbəsindən, ən ucuzu isə Qazax, Şəmkir və Salyandan gətirilənlərdir. 

Yayda daha baha olan pomidorun qışda ucuzlaşmasının səbəblərinə Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli Demokrat.az-a açıqlamasında aydınlıq gətirib. 

O bildirib ki, uzun illərdir ölkədə pomidor istixana şəraitində yetişdirilir:

“İstixanalarda yetişdirilən pomidorun əsas ixrac yeri Rusiya bazarlarıdır. İndi ölkədə ixrac üçün bir sıra bürokratik əngəllər ortaya çıxıb. Məhsulunu xaricə ixrac etmək istəyən sahibkar mütləq ölkə daxilində sertifikat almalıdır. Müvafiq orqan bu icazəni təqdim etməsə, məhsul yararlı olsa belə Rusiyaya ixrac edilmir. 

Həm də Rusiya bazarları artıq cəlbediciliyini itirir, çünki ölkədə iqtisadi böhran dərinləşdikcə alıcılıq qabiliyyəti aşağı düşür və məhsul ucuzlaşır. Buna görə də Azərbaycan daxilində məhsul bolluğu yaranır. Təklif tələbi üstələdiyindən qiymətlər enir. 

Düşünürəm ki, yerli sahibkarlar orqanik məhsul yetişdirilməsinə diqqəti yönəltməlidirlər. Çünki Rusiyaya ixrac etdiyimiz məhsulu Avropaya sata bilmərik, bunun üçün orqanik, daha keyfiyyətli məhsul yetişdirməliyik. Bununla pomidorun bazarını şaxələndirmək olar”.
 


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top