Paşinyan Bakı ilə müzakirə etdiyi məxfi sənədi müxalifətə göstərdi — DETALLAR

XARİCİ SİYASƏT 09 yan 2024, 15:32

Parlamentin müxalifət blokunun üzvləri Ermənistan XİN-də Azərbaycanın son sülh təklifləri ilə tanış olublar və bunu təslimçilik aktı adlandırırlar - ŞƏRH

Qarabağda münaqişə başa çatandan sonra Azərbaycan və erməni xalqlarının barışığında, sülh müqaviləsində maraqlı olmayanların başında, şübhəsiz, Ermənistandakı radikal-revanşistlər və erməni kilsəsi gəlir. Ona görə ki, sülh sənədi, barışıq onların “kitabı”nın həmişəlik bağlanması deməkdir. O səbəbdən sonadək əllərindən gələni edəcəklər ki, tərəflər arasında danışıqlar iflas olsun. 


Məlumdur ki, keçən ilsonu rəsmi Bakı sülh müqaviləsi layihəsi ilə bağlı son variantı İrəvana qaytarıb. Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Azərbaycan tezliklə yüksək səviyyədə növbəti görüşü gözləyir. İstisna deyil ki, sülh sənədinin ilkin mətni artıq hazırdır və son variantı razılaşdırmağa çox qalmayıb. Bunu həm də ondan görmək olar ki, Bakı və İrəvan imzalanacaq sənədlə sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin bir-birinə bağlı olmadığını bəyan edib. Təbii ki, Ermənistandakı məlum qüvvələr belə gedişatdan bərk narahatdır. 
 

“Azərbaycanın müqavilə ilə bağlı təklifləri Ermənistanın sülh arzusunu ifadə etmir”. “Yeni Müsavat” xəbər verir ki, bunu “Qarabağ klanı”na bağlı radikal “Ermənistan” blokundan olan deputat Qeqam Manukyan sosial şəbəkədə yazıb. Onun sözlərinə görə, müxalifət blokundakı həmkarları Anna Qriqoryan, Kristin Vardanyan və Artur Xaçatryanla birlikdə Ermənistan XİN-də Bakının son təklifləri ilə tanış olub. “Ayrı-ayrı bəndlərin təfərrüatını açıqlamadan bildiririk ki, Azərbaycanın yanaşması və təklifləri heç bir şəkildə ədalətli və davamlı sülhə can atan ölkənin mövqeyini ifadə etmir”, - Manukyan qeyd edib. Erməni deputatlar əlavə olaraq, birgə bəyanatda bunu da vurğulayıblar ki, “sənədlə ilgili əvvəllər dilə gətirdikləri narahatlıqlar nəinki aradan qalxmayıb, əksinə, daha da güclənib”. Aydındır ki, revanşist deputatların qarnının ağrısı sənəd layihəsində “artsax”ı xatırladan heç nəyin olmamasıdır. Çünki müzakirələr əsasən Azərbaycanın 5 məlum baza prinsipi əsasında aparılır ki, orada da gələcəkdə erməni separatizminə zəmin yaradacaq heç nə yoxdur və ola da bilməz. Bəs Ermənistan XİN niyə hər dəfə radikal siyasi opponentləri müzakirəsi qapalı gedən sənədlə tanış edir? Bu hansı zərurətdən doğur? Rəsmi İrəvan sülh müqaviləsinə görə tarixi məsuliyyəti müxalifətlə bölüşməkmi istəyir, yoxsa başqa səbəb(lər) var? Erməni deputatın çıxışına rəsmi İrəvanın reaksiyası nə ola bilər?


Arzuxan Əlizadə
 

AMİP sədri Arzuxan Əlizadənin “Yeni Müsavat”a bildirdiyinə görə, müxalifətdən olan deputatların sülh sazişinin mətni ilə tanış olması normaldır. Onun fikrincə, Paşinyan fərqindədir ki, sülh sənədi imzalansa, daxildə ciddi təpki ilə üzləşə bilər. Partiya sədrinin sözlərinə görə, XİN bəri başdan həmin mətnlə onları tanış edir ki, bu məsuliyyətdə şərik olsunlar: “Sonra tək Paşinyan iqtidarını ittiham etməsinlər. O baxımdan düzgün bir taktiki gediş edir. Bir müddət əvvəl də Ermənistan müxalifəti bəyan edirdi ki, təkliflər onların əleyhinədir, regionda reallıqları dəyişəcək. Amma onların nə deməyindən asılı olmayaraq, Qarabağ məsələsi sülh mətnində ola bilməz”. A.Əlizadə hesab edir ki, Qarabağ məsələsi ilə bağlı Paşinyan mövqeyini bildirib və Azərbaycan ərazisi kimi tanıdığı üçün sülh danışıqlarında müzakirə mövzusu ola bilməz: “Ermənistanın gündəmində olan digər məsələ azərbaycanlıların Zəngəzura qayıdışıdır. Erməni deputatlar şok keçirirlər ki, qayıdış gerçəkləşsə, İrəvan ciddi problemlə qarşılaşa bilər”.

Asif Nərimanlı
 

Siyasi şərhçi Asif Nərimanlı bura yeni bir məqamı əlavə edir. Onun fikrincə, Ermənistanın xüsusilə müxalif mediasında Azərbaycan Ordusunun Zod (Söyüdlü) mədəninə daxil olduğu haqda tirajlanan iddia ilk baxışdan Paşinyan hakimiyyətinə qarşı ittiham kimi görünür: “Və belə bir iddianı gündəmə gətirməklə "Paşinyan Bakı ilə sülh danışıqları aparır, amma Azərbaycan Ordusu irəliləyir" tezisini təbliğ etməyə çalışırlar. Lakin burada bir məqam şübhələr də yaradır: Ermənistan Xarici İşlər Nazirliyi sərhəddə qoşunların “güzgü prinsipi” əsasında çıxarılması haqda təkliflərinin qüvvədə olduğunu bəyan edib. İrəvan Azərbaycan Ordusunun sərhəd boyu ərazilərdə mövqeləndiyi strateji yüksəkliklərdən geri çəkilməsinə nail olmağa hesablanmış bu təklifini daim səsləndirir, lakin bu haqda danışmağa zəmin yaradan hansısa hadisənin baş verməməsi xüsusilə diqqət çəkir".
 

Qeyd edək ki, Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində sülh danışıqları barədə son vəziyyəti şərh edib. Onun sözlərinə görə, Azərbaycan regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün Ermənistanla müxtəlif məkanlarda xoşniyyətli danışıqlar aparır: “Biz həqiqətən də sülh sazişinin imzalanması üçün tarixi şansın olduğuna inanırıq və bu fürsəti əldən verməməliyik. Sülh sazişinin mətni ilə bağlı əhəmiyyətli irəliləyiş əldə olunub, ancaq hələ də həllini gözləyən bir neçə məsələ mövcuddur”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 apr 2024, 18:15
Top