Doğmalara qalxan əllər: “Övladların belə hərəkətlərə yol verməsi uşaq tərbiyəsinin arxa plana atılması ilə bağlıdır”

GÜNDƏM 08 dek 2023, 18:03
Bu ilin avqustunda Sumqayıt şəhəri Corat qəsəbəsində 2007-ci il təvəllüdlü yeniyetmə kəsici alətlə 1986-cı il təvəllüdlü anası Günay Zülfüqarovanı qətlə yetirib, kiçik qardaşına isə xəsarət yetirib. Fakt üzrə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd etmə) maddələrilə cinayət işi başlanıb. Anasını öldürməkdə şübhəli bilinən yeniyetmənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Cinayət işi üzrə toplanmış materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Ailədaxili münaqişələrin, cinayət hadisələrinin sayı durmadan artır. Bir yeniyetmənin doğmalarını öldürməsinin, onlara xəsarət yetirməsinin arxasında hansı səbəblər dayana bilər? Hansı səbəblər doğmalıq hissinə, ailə bağlarına üstün gələ bilər? 

Sosioloq Elçin Bayramlı hesab edir ki, cəmiyyətdə artan aqressiyanın və mənəvi deqradasiyanın, sosial problemlərin nəticələrindən biri olan ailədaxili qətllərin sürətlə çoxalmasının əsas səbəbləri sosial-iqtisadi və mənəvi-psixoloji motivli problemlərdir. O, Demokrat.az-a açıqlamasında deyib ki, mənəvi-psixoloji faktorların rolu daha böyükdür:

“Əsasən övladların belə hərəkətlərə yol verməsi son dövrlərdə ailələrdə uşaq tərbiyəsinin arxa plana atılması ilə bağlıdır. Uşaqlara bir növ sərbəstlik, azadlıq verilir və onlar internetin caynağında müxtəlif qorxunc oyunlarla böyüyürlər, hansı ki, həmin virtual aləmdə onlar öldürmək, parçalamaq, dağıtmaqla  məşğul olurlar. Mütəmadi olaraq bunu etdiyinə görə, şəxsin şüuraltında artıq bu adiləşir və gələcəkdə hər hansı əsəbi vəziyyət zamanı özündən asılı olmayaraq şüuraltından gələn komanda ilə real dünyada cinayət törətməyə başlayır”. 



Ekspertin sözlərinə görə, böyüklərdə isə bu problemlər yüksək stresslə, əsəbi həyat tərzi, ağır təhqir olunmaları və haqsızlığa məruz qalmaları ilə bağlıdır:

“Belə bir şəraitdə müəyyən qarşıdurmalar zamanı affekt vəziyyətinə düşür və ani olaraq cinayət törədirlər. Qeyd etmək lazımdır ki, bir çox ailədaxili qətllərdə xəyanətin və əxlaqsızlığın üzə çıxması faktının da rolu böyükdür. Namusu ləkələnmiş, qeyrəti, ləyaqəti ağır təhqir olunmuş kişinin belə cinayətlər törətməsi gözləniləndir. 

Milli-mənəvi dəyərlərdən kənar düşdükcə, insanlar maddi dəyərlərə köklənir ki, bu zaman doğmalar, ailələr artıq arxa plana keçir. Bəzən ailədaxili cinayətlərin səbəbi əmlak problemləri, bəzən əxlaqi məsələlər və xəyanət halları olur. 

Bir qisim hadisələr isə psixi xəstə olan və bundan xəbəri olmayan, müalicə almayan şəxslər tərəfindən törədilir. Bunların altında isə insanların “mən dəli deyiləm” deyərək psixi müayinədən qaçmaları dayanır. Təsadüfi deyil ki, statistika son illərdə ölkəmizdə psixi xəstələrin sayında kəskin artım olduğunu göstərir. Bu özünü həm də kriminal hadisələrin artmasında əks etdirir”. 

Sosial-iqtisadi səbəblərə gəldikdə isə E.Bayramlı qeyd edib ki, insanların işsizlik, yoxsulluq kimi bir çox sosial problemləri də onların psixikasına travmatik təsir edir:

“Bir çoxları həyatdan bezir və onlarda başlarına gələn bütün bəlalara görə qisas almaq hissi formalaşır. Və bu yığılmış qəzəb enerjisinin partlaması üçün bəzən adi bir qığılcım kifayət edir. Ağır təhqir olunmuş insanın qisası ağır olur.

Dünya ölkələrində aparılmış elmi araşdırmalar həbsxanalarda yatan ağır cinayət törədən şəxslərin böyük əksəriyyətinin valideyn himayəsindən və tərbiyəsindən məhrum olan, ana südü verilməyən uşaqlar olduğunu göstərir. Bu kimi övladlar valideynlərlə mənəvi bağlardan kənar düşmüş olur və onun üçün ailə üzvü o qədər də müqəddəs sayılmır. Çoxları uşaqlarını nəzarətsiz şəkildə küçə mühitinə buraxır, belə olduqda o uşaq, təbii ki, başqa bir əhval-ruhiyyə ilə böyüyəcək. Uşaqlara verilən mütləq azadlıq onları virtual dünyada “tərbiyə edənlərin” tələsinə salır və bir robot, zombi kimi yetişdirilir”.

Sosioloq onu da bildirib ki, uşaqlar asudə vaxtlarını səmərəli keçirə bilmirlər, çünki bunun üçün nəzərdə tutulan yaradıcılıq və idman mərkəzləri bahadır:

“Bunların aylıq ödənişi 50-100 manatdan başlayır. Bir ailədə bir neçə uşaq olduğunu nəzərə alsaq, valideynlərin çoxu üçün bu imkanlar əlçatan deyil. İdman mərkəzləri, yaradıcılıq kursları Sovet dövründə olduğu kimi pulsuz və kütləvi olmalıdır. 

Onu da qeyd etmək lazımdır ki, qidanın psixologiyanı formalaşmasında çox böyük rolunun olması elmi olaraq sübut edilib. Geni dəyişdirilmiş və süni kimyəvi maddələrlə zənginləşdirilmiş bir çox qidalar, həmçinin qəbul edilən bəzi dərmanlar insanlarda yüksək aqressiya və zalımlıq hissi formalaşdırır ki, bu da onların xarakterinə ciddi təsir edir və cinayət törətmələrinə gətirib çıxarır. Bu sıraya narkotik və alkoloq asılılığını da əlavə etmək olar.

Doğmaların, ümumən insanların bir-birini qətlə yetirməsi birbaşa cəmiyyətin və dövlətin birgə problemidir. Cəmiyyət öz ənənəvi dəyərlərinin maddiyyatdan üstün olduğunu yeni nəsilə öz həyatında göstərmədikcə, dövlət isə sağlam cəmiyyət yetişdirmək üçün öz vəzifələrini yerinə yetirmədikcə bu cür kriminal hadisələrlə çox rastlaşacağıq”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top