Gəncədə qardaşla bacı arasında mülk davası — TƏFƏRRÜAT

KRİMİNAL 04 dek 2023, 17:33
Gəncə şəhərində 1975-ci il təvəllüdlü Nizam ailə münaqişəsi zəminində bacısı Günelə (adlar şərti verilib –red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Nizam onunla birgə yaşayan bacısı ilə mübahisə edib. Mübahisə zamanı bacısını döyərək, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Nizamın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nizam ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, onunla eyni evdə yaşayan bacısı Günel onunla yola getmir: “Aramızda tez-tez mülklə bağlı mübahisələrimiz olur. Hadisə baş verən gün yenə də bacım ilə aramızda münaqişəsi yarandı. Münaqişə zəminində bacım məndən polisə şikayət etdi”. 

İş üzrə zərərçəkmiş Günelin sözlərinə görə, eyni evdə yaşayan qardaşı Nizam onunla yola getmir: “Hər dəfə mənimlə evdə qarşılaşanda evdən qeydiyyatdan çıxmağımı, ata mülkü olan pay istəməməyimi, mənə çatacaq mülkdən imtina etməyimi tələb edib. Çalışdığım qədər ona məhəl qoymamaq istəsəm də, qardaşım məni rahat yaşamağa qoymur”. 

Zərərçəkmiş qeyd edib ki, hadisə günü, saat 11 radələrində yaşadığı evdə olan zaman Nizam onun otağına daxil olub: “Nizam evdən əşyalarımı yığaraq başqa yerə getməyimi dedi. Həmin vaxt aramızda mübahisə yarandı. Mübahisə zamanı Nizam qəfildən əlləri ilə bədənimin müxtəlif yerlərinə zərbələr vurdu. Qardaşımın məni döyməsini heç kim görməyib. Aramızda olan münaqişə təxminən 4-5 dəqiqə davam etdi”. 

Zərərçəkmiş deyib ki, bu iş üzrə təqsirləndirilən şəxs ilə barışıb, ona vurulmuş maddi və mənəvi ziyan ödənilib. O, şikayətçi olmadığını deyib. 

Bu cinayət işinə Gəncə Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Nizamın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top