“IP ünvanı vasitəsilə kiberhücumlar təşkil olunur” — Hansı məqamlara diqqət edilməlidir?

İKT 04 dek 2023, 16:06
Elektron Təhlükəsizlik Xidmətinin məlumatına görə, son 3 ayda ölkə üzrə aparılmış araşdırmalar nəticəsində 137 minə yaxın IP ünvanının zərərli proqramlarla yoluxdurulduğu və zərərverici fəaliyyətlə məşğul olduğu aşkar edilib. Bu IP ünvanları vasitəsilə müxtəlif ölkələrə və internet istifadəçilərinə qarşı kiberhücumlar və zərərli fəaliyyətlər həyata keçirilib.

İnformasiya kommunikasiya texnologiyaları (İKT) üzrə mütəxəssis Elvin Abbasovun sözlərinə görə bunun əsas səbəbi lisenziyalı proqram təminatlarının “krek” (istənilən proqramın və ya faylın təhlükəsizlik sistemindəki boşluqdan istifadə edilərək dəyişdirilməsi) vasitəsilə istifadə edilməsidir.

O, Demokrat.az-a açıqlamasında deyib ki, “fişinq”lər və digər zərərli proqram təminatlarını yükləmək də bu hallara gətirib çıxarır:


“Adətən insanlar bahalı lisenziya tələb edən proqramlar əvəzinə onların internetdəki açıq versiyalarından istifadə edirlər. Bu vasitələr özündə virus və digər zərərli vasitələr daşıyır. Həmçinin insanlara şirnikləndirici təkliflər ehtiva edən linklər göndərilir. Bu linklərə daxil olmaq “fişinq” və zərərli proqramların cihaza yüklənməsinə səbəb olur. Nəticə etibarilə dələduzların və kibercinayətkatların zərərli yazılımları dünyanın fərqli yerlərində kompüterlərə yazılır və bundan istifadə edərək kiberhücumlar təşkil edilir”.

Ekspertin sözlərinə görə, yoluxdurulan IP ünvanları vasitəsilə kiberhücumlar həyata keçirilir:

“IP ünvanı vasitəsilə harasa hücumlar təşkil oluna bilər və ya bizdən lazımlı məlumatlarımızı – bank kartımızı, şəxsi məlumatlarımızı əldə edə bilərlər. Bunun qarşısını almaq üçün istifadəçilər lisenziyasız, pulsuz, az tanınmış proqram təminatlarından istifadə etməməlidirlər. Şəxs heç vaxt qurban olduğunu bilmir. Bunu biləndə zərərli proqram təminatını kompüterdən silir, lakin artıq gec ola bilər”. 

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top