Cəlilabadda 50 yaşlı kişi qohumuna xəsarət yetirdi —TƏFƏRRÜAT

KRİMİNAL 30 noy 2023, 15:12
Cəlilabad rayonunda 1973-cü il təvəllüdlü Ehtiram həmkəndlisi və qohumu Nazimə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 22-də Cəlilabad rayonunun kəndlərindən birində baş verib. 

Ehtiram kənd ərazisində idarə etdiyi avtomobilin salonunda həmkəndlisi Nazim ilə mübahisə edib.

Mübahisə zamanı Ehtiram yumruq ilə Nazimin sifət nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq, ona xəsarət yetirib. 

Hadisəni törədən Ehtiramın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ehtiram ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Nazim onun həmkəndlisi və qohumudur: “Nazim bacım qızı Afət ilə 2014-cü ildə ailə həyatı qurub. Lakin onların övladı olmadığı üçün 2020-ci ilin martında boşandılar. Bu səbəbdən Nazim  mənimlə ədavət aparır”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə baş verən günü, saat 10.15-də Nazim ona zəng edib və onu nalayiq sözlərlə təhqir edib: “Həmin vaxt Nazim “gəl kənddə olan poçtun qarşısına, səni gözləyirəm” sözünü dedi. Bundan sonra özümə məxsus avtomobili idarə edərək, kənddə olan poçtun qarşısına getdim. Həmin vaxt Nazim avtomobilimin qabaq oturacağında əyləşdi. Mən isə avtomobili bir qədər hərəkət etdirərək yaşadığımız kənddə, yolun kənarında saxladım. Həmin vaxt Nazimə məni nə üçün təhqir etdiyini dedim. Nazim isə mənə bir söz demədi. Buna görə də əsəbləşdim və Nazimin sol göz nahiyəsinə bir yumruq zərbəsi vurdum. Nazim isə barəmdə polisə şikayət edəcəyini dedi və avtomobildən düşərək başqa avtomobilə əyləşdi, oradan kənarlaşdı”. 

İş üzrə zərərçəkmiş Nazimin sözlərinə görə, həmkəndlisi və qohumu olan Ehtiram ilə heç bir ədavəti yoxdur, onunla münasibəti normal olub: “Ehtiramın qardaşı Daşqın Türkiyədə yol nəqliyyat hadisəsi törətdiyi üçün ona pul lazım olduğunu bəzi tanışlarıma bildirdim. Bu hərəkətim isə Ehtiramın xoşuna gəlmədiyi üçün telefonuma zəng edərək görüşmək istədiyini dedi. Bundan sonra Ehtiramla görüşdük. Həmin vaxt Ehtiram mənimlə mübahisə etdi. Əli ilə sol gözümün alt hissəsinə vuraraq xəsarət yetirdi. Mən də yoldan keçən avtomobilə əyləşərək Cəlilabad Rayon Polis Şöbəsinə gələrək bu barədə ərizə ilə müraciət etdim”.

Bu cinayət işinə Cəlilabad Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin isə ondan şikayətçi olmamasını nəzərə alıb. 
Bu səbəbdən Ehtiramın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top