Bakıda ər arvadını döydü — TƏFƏRRÜAT

KRİMİNAL 29 noy 2023, 17:40
Bakının Xəzər rayonunda ər arvadına xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Naxçıvan sakini Xatirə (adlar şərti verilib – red.) Daxili İşlər Nazirliyinin “102” zəng mərkəzi sisteminə və Xəzər Rayon Polis İdarəsinin 2-ci polis şöbəsinə ərizə ilə müraciət edib. 

O, bildirib ki, yaşadığı evin həyətində əri Musa ilə aralarında ailə məişət zəmnində mübahisə yaranıb. 

Mübahisə zamanı Musa Xatirənin sifətinin sol tərəfinə şillə zərbəsi vuraraq, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Musanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Musa ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, 1995-ci ildə Xatirə ilə ailə qurub, rəsmi nigahları olmasa da, birgə evlilikdən onların 3 övladları var: 

“Arvadımın xəstəliyi ilə əlaqədar dəfələrlə onu müalicə etmişəm. Sonuncu dəfə əməliyyat olunduğuna görə, maddi imkanım olmadığından dəfələrlə onunla mübahisə edərək ailədə münaqişələr yaratdı. Eyni zamanda mənə qarşı təhqiredici sözlər söylədi”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə Naxçıvandan Bakı şəhərinə gələrək Xəzər rayonu, Binə qəsəbəsi, atçılıq yeni yaşayış massivində fərdi evinə gedib: 

“Evimə getdikdən sonra arvadım məni saymadı. Mənə əhəmiyyət verməyərək səbəbsiz mənimlə mübahisələr apardı. Hadisə günü, saat 12.00-da yaşadığım evin həyətində olan zaman Xatirə geyinərək harasa getdiyini gördüm. Xatirədən harasa gediyini görərək ondan hara getdiyini soruşdum. Xatirə mənə kobud cavab verərək “özüm bilərəm hara gedirəm” sözünü işlətdi. Buna görə aramızda mübahisə yarandı. Mübahisə zamanı arvadım mənə qarşı küçə sözləri işlətdiyi üçün bundan əsəbiləşdim. Onun sifətinin sol tərəfinə bir şillə zərbəsi vuraraq xəsarət yetirdim”. 

İş üzrə zərərçəkmiş Xatirənin sözlərinə görə, əri Musa əvvəllər onu bir neçə dəfə döysə də, uşaqlarına görə polisə ondan hər hansı şikayət etməyib: 

“Musa bir müddət Naxçıvannın Culfa rayonnun kəndində olan evə gedərək orada yaşadı. Soncu dəfə saat 18.00-da Bakı şəhərinə gələrək Binə qəsəbəsi, atçılıq yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi evə gəldi. Hadisə günü, saat 12.00-da yaşadığımız evin həyətində ailə məişət zəminində mənimlə mübahisə etdi. Mənim və ailə üzvlərimə qarşı təhqiredici sözlər dedi. Mənim və valideynlərimin ünvanına nalayiq küçə sözləri işlətdiyinə görə ona cavab qaytardım. Musa isə şillə zərbəsi ilə sifətimin sol tərəfinə bir zərbə vurdu”. 

Xəzər rayon Məhkəməsinin hökmü ilə Musa 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. 

Təqsirləndirilən şəxsin yaşadığı ünvanı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub. 

Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməsi qadağan olunub. 

Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top