“Hökumət əlindən gələni etməlidir ki, neft-qaz hasilatı sürətlə aşağı düşməsin” — İqtisadçı

SƏNAYE VƏ ENERGETİKA 22 noy 2023, 17:52
Milli Məclisin iclasında maliyyə naziri Samir Şərifov bildirib ki, qeyri-neft sektorundan daxilolmalar neft gəlirlərinin azalmasını tam kompensasiya etmir. 

Onun  sözlərinə görə, hazırda neft gəlirlərinin azalması prosesi baş verir. Bu azalma iki faktorla bağlıdır – dünyada qlobal dekarbonlaşma meyilləri və ölkənin neft yataqlarından hasilatın azalması. Bunlar da büdcə gəlirlərinə mənfi təsir göstərir:

“Bu təsirlər qeyri-neft sektorundan daxilolmalar hesabına kompensasiya edilməlidir. Qeyri-neft sektorundan daxilolmalar ildən-ilə artır. Gələn il üçün də bu artımın olması istisna deyil. Amma bu, neft gəlirlərinin azalmasını tam kompensasiya etmir. Bununla bağlı qarşımızda böyük vəzifələr durur. Bu vəzifələr əsasən işğaldan azad edilən ərazilərin yenidən qurulması, iqtisadiyyatımıza reinteqrasiyası ilə bağlıdır”.

İqtisadçı ekspert Pərviz Heydərov problemin həllini qeyri-neft sektorunun inkişaf etdirilməsində görür. 

O, Demokrat.az-a açıqlamasında deyib ki, qeyri-neft sektoru məhsullarının ixracından əldə olunan gəlir büdcənin yarısından çoxunu təşkil etməlidir ki, neft gəlirlərinin azalmasını kompensasiya etmək mümkün olsun:

“Azərbaycan dünya bazarlarına neft və təbii qaz ixrac edir. Əsas pay neft hasilatının üzərinə düşür, qaz ixracı da son illərdə ciddi artıb. Lakin qaz ixracından əldə olunan gəlirlər neft gəlirləri qədər çox deyil, həm də qazın qiyməti daha dəyişkəndir. Büdcənin təxminən 90 faizi neft və qazdan əldə olunan gəlirlər hesabına formalaşır. 
Qeri-neft sektorunda elə məhsul istehsal edilməlidir ki, dünya bazarında rəqabət qabiliyyətli olsun. Birdən-birə hər hansı kənd təsərrüfatı məhsulu ilə, emal və ya sənaye məhsulu ilə dünya bazarlarına çıxıb büdcəni təmin etmək xeyli vaxt tələb edir. İslahatlar aparılmalıdır, bu istiqamətdə işlər görülür. Qeyri-neft sektoru üzrə iqtisadiyyatı inkişaf etdirmək və addım-addım ixracata başlamaq lazımdır. İxracın 50 faizdən yuxarı hissəsini qeyri-neft və  qaz sektoru təşkil etməlidir və bundan sonra hökumət əlindən gələni etməlidir ki, neft-qaz sektorunda hasilat sürətlə aşağı düşməsin”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top