“Elmi istiqamətlər üzrə magistr hazırlığı problemi mütəxəssislərin yetişməsini çətinləşdirir” — Ekspert

SOSİAL 22 noy 2023, 14:19
"Coğrafiyanın müasir problemləri: Elm və təhsilin inteqrasiyası" mövzusunda keçirilən II Beynəlxalq elmi-praktiki konfransda elmi istiqamətlər üzrə magistr hazırlığı probleminə toxunulub.

Demokrat.az
APA-ya istinadən xəbər verir ki, konfransda çıxış edən coğrafiya elmləri doktoru, professor Məhəmməd Abduyev deyib ki, 2016-cı ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində magistr təhsili ancaq coğrafiyanın tədrisi və metodikası üzrədir. Elmi istiqamətlər üzrə magistr hazırlığı yoxdur. 

O qeyd edib ki, bu ildən Akademiyada magistr hazırlığı dayandırılıb və bu da kadr hazırlığı prosesini çətinləşdirir. 

Təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a açıqlamasında deyib ki, coğrafiya müəllimliyi 34-cü proqram üzrə coğrafiya fənninin tədrisi metodikası və metodologiyası üzrə magistr səviyyəsində ali təhsil verilir:

“Həmin ixtisas Naxçıvan Dövlət Univetsitetində və Lənkəran Dövlət Universitetində də tədris olunur. 34-cü proqram üzrə yalnız Bakı Dövlət Universitetində müvafiq olaraq coğrafiya fənni üzrə kadr hazırlığı həyata keçirilir. Əsasən, iqtisadi və sosial coğrafiya, landşaftşünaslıq və dünya iqtisadiyyatını əhatə edir. Yalnız BDU-da az sayda – 6-9 plan yeri, bəzi ixtisaslar üzrə minimum 5 plan yeri ayrılır. 

Ümumilikdə, təxminən 50-60 nəfərə yaxın təhsilalan kadr hazırlığında iştirak edir. Böyük əksəriyyət də müəllimliyə yönəlir”.

Ekspert əlavə edib ki, bakalvar pilləsini bitirən və ixtisası üzrə müvafiq olaraq elmi araşdırmalar aparmağı, elmlər doktoru dərəcəsi almağı düşünən şəxs üçün magistr təhsili mütləqdir:

“Düşünürəm ki, Pedaqoji Universitetdə əlavə olaraq coğrafiya fənni istiqamətində kadr hazırlığı həyata keçirməlidir. Baxmayaraq ki, bu universitet konkret olaraq pedaqoq hazırlayır, amma ən azı gələcəkdə orada dərs deyəcək müəllim-professor heyətinin formalaşmasında da müəyyən qədər iştirak etməlidir. 

Bu ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyasında da bütün ixtisaslar üzrə magistratura pilləsinə qəbul dayandırılıb. Müvafiq universitetlərdə bəzi ixtisaslar üzrə müəyyən elmi işlərin, tədqiqatların aparılması üçün kadr hazırlığının həyata keçirilməsinə imkan yaradılmalıdır. Təkcə fənnin tədrisi metodikası deyil, coğrafiyaşünaslıq, landşaftşünaslıq, iqlimşünaslıq və digər ixtisaslar üzrə mütəxəssislərə də ehtiyac var”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top