Bakıda ər - arvad arasında mülk davası —TƏFƏRRÜAT

KRİMİNAL 21 noy 2023, 10:00
Bakının Sabunçu rayonunda 1981-ci il təvəllüdlü Turan həyat yoldaşı Nərminə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin avqustun 19-da Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni yaşayış massivində baş verib. 

Turan evin dəhlizində Nərminin yaşadıqları evin onun adına sənədləşdirilməməsi səbəbindən aralarında mübahisə yaranıb. Münaqişə gedişində Turan qəsdən Nərminin yaxasından tutaraq divara vurub. Bu zaman Nərmin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Hadisəni törədən Turanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Turan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Nərmin ilə 2009-cu ildə ailə həyatı qurublar və evliliklərindən iki övladları var:

“Mütəmadi olaraq aramızda mübahisələr olduğundan boşanma ərəfəsindəyik. 2023-cü ilin mayında arvadım yaşadığımız ı evi tərk edərək yaxınlıqda kirayə yaşamağa başladı. Avqustun 15-də Nərminə zəng edərək uşaqlara görə və özünün xəstə olduğundan müalicə etdirmək üçün birlikdə yaşamağı təklif etdim. Bu səbəbdən Nərmin yaşadığımız evə geri qayıtdı. Onu bir neçə dəfə həkimə apardım və birlikdə yaşamağa başladıq”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, avqsutun 19-da, saat 6 radələrində Nərmin evin onun adına keçirilməməsi səbəbindən mübahisə yaradıb və təkrar kirayə yaşadığı evə getmək istəyib: “Nərminin evdən getməsinə etiraz etdim. Aramızda mübahisə yarandı. Nərminin üzərimə səsini yüksəltməsi səbəbindən əsəbiləşərək onun  yaxasından tutdum və divara doğru itələdim. Məndən əl çəkməsini bildirdim. Daha sonra yaşadığımız evi tərk edərək getdim. Törətdiyim əməldən səmimi peşmanam”. 

Bu cinayət işinə Sabunçu rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Turan aylıq qazancından 10 faiz dövlət nəfinə pul tutulmaqla 9 ay müddətə islah işləri cəzasına məhkum edilib. 
Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılıb.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top