Politoloq: “Keçmiş münaqişənin Ermənistanın inkişafına zərbə vurduğunu etiraf edirlər”

REGİON 16 noy 2023, 18:25
Paşinyan parlamentdə çıxışı zamanı deyib ki, Qarabağ məsələsindən Ermənistan dövlətçiliyinin inkişafına qarşı istifadə edilib.

Demokrat.az
APA-ya istinadən xəbər verir ki, hökumət başçısının sözlərinə görə Qarabağ məsələsindən Ermənistan Respublikasının mövcudluğunun de-fakto və ya de-yure dayandırılmasına gətirib çıxaracaq vasitə kimi istifadə ediblər:

“ATƏT-in Lissabon sammitində bizi Qarabağ məsələsi ilə bağlı istəklərimizin mümkün olduğuna və bunun mütləq baş verəcəyinə inandırdılar, amma bununla yalnız bir məqsəd güdürdülər - Ermənistan dövlətinin formalaşmasının qarşısını almaq. Ən azı 1996-cı ildən Qarabağ məsələsi olmayıb, Ermənistan Respublikası məsələsi var idi. Və 1998-ci il, 27 oktyabr 1999-cu il, 2020-ci və 2023-cü il hadisələri bu kontekstdə nəzərdən keçirilməlidir", - o vurğulayıb.

Paşinyanın açıqlamasını Demokrat.az-a şərh edən politoloq Turab Rzayev bildirib ki, Baş nazir açıq şəkildə Qarabağ məsələsindən uzun illər boyu Ermənistanın Qərbə inteqrasiyasının, iqtisadi inkişafının qarşısını almaq üçün, onun Rusiyanın təzyiqi altında, siyasi nüfuz dairəsində saxlamaq üçün istifadə edildiyini etiraf edir:

“Bu çıxışı ilə Paşinyan həm Rusiyanı hədəfə alır, həm də bu məsələdə alət olan keçmiş Dağlıq Qarabağ klanını, cinayətkar rejimin nümayəndələrini, Köçəryan-Sarkisyan qrupunu günahlandırır. Bununla da əslində ən böyük müxalifətə  mesaj göndərir ki, məhz onların Qarabağ avantürası Ermənistanın  30  il ərzində inkişafdan geri qalmasına səbəb oldu. Rusiyadan asılı qaldı, Qərbə inteqrasiya edə bilmədi, bütün dövlət müəssisələrini satmağa məcbur oldu. Sonunda da Azərbaycan torpaqlarını işğaldan azad etdi, Qarabağ ermənilərin əlindən çıxdı.

Düşünürəm ki, Paşinyanın sözləri bu günlərdə yenə parlamentdə ayrı-ayrı şəxslərin Ermənistan hökumətində Qarabağa aid heç bir institutun ölkəyə yayılmasına icazə verilməyəcək demələri ilə üst-üstə düşür. Faktiki olaraq göstərirlər ki, keçmiş münaqişə indiyə qədər Ermənistanın dövlət kimi inkişafının qarşısını alıb, ona böyük zərbə vurub. Beləliklə, prosesin davam etdirilməsinə icazə vermək istəmirlər”.

Törə Zeynallı
Demokrat.az  

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top