“Şirkətlər özbaşınalıqla məşğuldur” — Azad olunmuş ərazilərdə yol qəzaları niyə artır?

SOSİAL 06 noy 2023, 16:43
“Son bir həftədə işğaldan azad olunan ərazilərdə cəmi 2 yol qəzasında 6 nəfər ölüb, 4 yaralı var. Dəfələrlə demişəm, oralarda qayda-qanun işləmir, kim necə gəldi, sürür. Yollar bərbad, nişan, nişanlanma xətləri yox səviyyəsindədir. Sürücülərə nəzarət olunmur, şirkətlər biraz pul xərcləyib nəqliyyat təhlükəsizliyini təmin etmir. Elə ordu sıralarında da durum eynidir. Hərbi maşınlar qəzaya düşür, əsgər və zabitlərimiz ölür”.

Demokrat.az xəbər verir ki, bunu nəqliyyat eksperti Elməddin Muradlı feysbuk hesabında yazıb. O qeyd edib ki, işğaldan azad olunan ərazilərdə yol terroruna “dur” demək və geniş layihə çərçivəsində təbliğat işi aparmaq lazımdır.

Ekspertin fikrincə azad olunan ərazilərdə yol hərəkətinə və sürücülərə ciddi nəzarət edilməlidir. O, Demokrat.az-a açıqlamasında deyib ki, təəssüf ki, bəzi sürücülər nəzarət, radar olmayan yollarda hər şey edə biləcəklərini düşünürlər:

“Bu da ağır faciələrə gətirib-çıxarır. Ötən həftə Zəngilanda da qəza oldu, bir nəfər həyatını itirdi, yaralananlar oldu. Bu hadisələr təkcə mülki sürücülərin başına gəlmir, hərbçilərimiz də yol qəzalarında həyatlarını itirir, xəsarət alırlar. Müharibə olmayan bir vaxtda niyə əsgərlərimizi, hərbçilərimizi itirməliyik?



Dünyanın bir çox ölkələrində belə hadisələrin qarşısını almaq üçün müxtəlif mexanizmlər tətbiq olunur. Avtomobillərə xüsusi texniki cihazlar quraşdırmaqla sürücülərin iş rejiminə, davranışlarına nəzarət edilir. Sürücü artıq bilir ki, polis olmasa belə ona nəzarət var. İndiki halda isə bəziləri hesab edir ki, işğaldan azad olunmuş ərazilərdə yol infrastrukturu yaxşı deyil, nəzarət yoxdur, ona görə də istədikləri kimi davranırlar. Həmin ərazilərdə yol hərəkəti təhlükəsizliyi ilə bağlı dəfələrlə təkliflər vermişik, görünən odur ki, hələ də lazımi tədbirlər görülmür”.

Ekspert onu da bildirib ki, azad olunmuş ərazilərdə fəaliyyət göstərən şirkətlərin işinə də nəzarət həyata keçirilməlidir:

“Oradakı şirkətlər başa düşməlidir ki, hər dəfə yol qəzalarında neçə işçini itirib, mənfi imic qazanmaqdansa,  bir az artıq pul xərcləyib, sürücülərin iş və istirahət rejimini nəzarətdə saxlamaq olar. Sürücülərə ağır iş gördürməsinlər, iş saatlarını artırmasınlar. İşçilərlə istədikləri cür davranırlar.

Avtomobillər ağır yüklənməməlidir. Avtomobilin öz tutumu var, iş tez getsin deyə onu normadan artıq yükləyəndə hərəkət də çətinləşir və təhlükə yaranır. Yay aylarında Zəngilanda 30 ton yük tutumu olan maşına 50 ton yük yükləmişdilər. Əyləc sistemi qəfil sıradan çıxdı, 22-23 yaşında gənc sürücü həyatını itirdi. İstər yerli, istər xarici – şirkətlər orada özbaşınalıqla məşğuldur.  Ümid edirəm ki, bədbəxt hadisələr artmadan problemin həllinə nail ola biləcəyik”.


Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top