“Məktəblərdə uşaqlara kiçik yaşlarından cinsi tərbiyə dərsləri keçirilməlidir”

SOSİAL 04 noy 2023, 13:49
“Sosial medianın insanın psixoloji vəziyyətinə, fikirlərinin inkişafına çox böyük təsiri var. Lakin hər insan bunu müsbət yöndə istifadə etmir. Bəzi insanlar kütlə psixologiyasının təsiri ilə orda verilən informasiyaya aldanaraq əsas məsələnin məğzini unudur və oradakı fikirlərdən istisna öz fikirlərini də səsləndirir”. 

Bu sözləri Yenisabah.az-a danışan “Narınc” Psixologiya mərkəzinin Yeniyetmə və Yetişkinlər şöbəsinin müdiri Elnarə Əliyeva deyib. O, sosial şəbəkələrdə daim qurşaqdan aşağı şərhlər yazan insanların psixologiyasını analiz edib. 

Ekspertin sözlərinə görə, bu həm savad, həm dünyagörüşü, həm də kütləvi seksual aclıqla əlaqəlidir:

“Təbii ki, bu insanın təkcə seksual aclığı ilə və yaxud  onun psixoloji pozğunluğu ilə əlaqədar deyil, bu, həmçinin akademik səviyyəsinin, analiz qabiliyyətinin, dünyagörünüşünün çox da yüksək olmaması ilə bağlıdır. Çünki kütlə psixologiyasının bu səviyyədə insanlara təsiri çox olur. Yəni insanların dünyagörüşü artdıqca analiz qabiliyyəti də düzgün olur. Bu zaman həmin şəxs düzgün analiz aparır və qarşısındakını günahlandırmadan fikir bildirmir. 

Ona görə də bu istiqamətdə insanların savadı, onların dünyagörüşü önəmlidir. Amma bununla bərabər seksual aclıq da bu tip məsələlərdə rol oynayır. Yəni insanlar bir məsələyə yanaşanda hətta uşaq təcavüzlərində, qadın ölümlərində belə məsələnin mahiyyətinə varmamış tez onu qadının, uşağın, qızın səhvi ilə əlaqələndirirlər”. 

E.Əliyeva qeyd edib ki, ölkəmizdə insanların bir çoxu seksual mövzularda bilgisizdir. Psixoloq məktəblərdə uşaqlara kiçik yaşlarından cinsi tərbiyə dərsinin keçirilməsinin vacibliyini vurğulayıb:

Şəxslərin mövzunu bu qədər dar dəyərləndirməsi seksual mövzulara olan bilgisizliyindən qaynaqlanır. Bəzən bir insanın dediyi söz kənarda qalır, onun ətəyinin ölçüsü və yaxud koftasının darlığı müzakirə mövzusuna çevrilir. Bu şəkildə müzakirələrə varılırsa və orda deyilən mahiyyət önəmsənilmirsə, təbii ki, bu, kütlənin seksual aclığıyla əlaqəlidir. Onların da özlərini ən yaxşı ifadə edə biləcəyi yer sosial platformadır. 

Gündəlik həyatlarında öz doğmaları ilə bu mövzunu müzakirə edə bilməyən şəxs sosial mediada “şir”ə çevrilir və bu mövzuda bir sıra fikirlər bildirir. 

Təbii ki, seksual informasiyanın düzgün ötürülməsi, gələcəkdə insanlarda sosial aclığın yaranmaması üçün məktəb dönəmindən, hətta daha əvvəl dönəmdən uşaqların yaş təsnifatına uyğun olaraq onlara cinsi mövzularda bilgi verilməlidir. Hətta məktəb dönəmində onlar bu mövzularda yeni nəsil pedaqoqlar tərəfindən düzgün maarifləndirilməlidir. Uşaqlar öz fikirlərini, suallarını rahat şəkildə valideynlərinə, pedaqoqlarına yönləndirə bilməli və düzgün şəkildə cavab tapmalıdır. Əks halda, yanlış istiqamətlərdən düzgün olmayan informasiya alaraq səhv nəticələr çıxaracaqlar. Doğurdan da bu mövzu çox dərin mövzudur, bu istiqamətdə televiziyalar, sosial platformalar, təhsil ocaqları doğru maarifləndirməli, yeni nəslin, gənclərin əxlaqi keyfiyyətlərinin düzgün yetişməsi üçün çalışmalıyıq. Biz dəyərlərimizi qorumaq üçün öyrənməli və öyrətməliyik”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top