İrəvaninin təhqir edilməsini Mətanət Əsgərqızına kim sifariş verib? — "Köhnə QHT-şnik"in fəaliyyətində erməni izi...

TƏHLİL 02 noy 2023, 18:07
Prezident İlham Əliyevin rəhbərliyi ilə Qərbi Azərbaycana qayıdış strategiyasının həyata keçirildiyi dövrdə ən qəbuledilməz məsələ kimlərinsə bu və ya digər məqsədlə bu işə kölgə salması, hətta şəxsi münasibətləri belə bu tarixi missiyaya qarışdırmaq cəhdidir. Çünki tarixi hədəfimizə doğru irəliləməyimizi istəməyən kifayət qədər qüvvə var. Bunun başında təbii ki, ermənilər dayanır, amma Azərbaycana qarşı olanlar təkcə Ermənistanla məhdudlaşmır, beynəlxalq müstəvidə fəaliyyət göstərən erməni diasporu və lobbisi də bütün vasitələrlə maneələr törətməyə çalışırlar. Bu şəbəkə üçün ən böyük fürsət məhz Qərbi Azərbaycan kimi müqəddəs hədəfimizə kölgə salmağa çalışan daxildəki qüvvələrdir... 

Bu günlərdə özünü "Əsgər Ailələrinə Dəstək" İctimai Birliyinin sədri kimi təqdim edən Mətanət Əsgərqızının irəli sürdüyü ittiham ermənilərin “çörəyinə yağ çəkmək” kimi oldu.

Mətanət Əsgərqızı İrəvan xanlığının varislərindən olan Əmir Əli Sərdari İrəvani haqda “moşennik”, bizim leksikonumuzla desək, “dələduz” deməsi nə mənəvi, nə də hüquqi baxımdan qəbul edilməzdir.

Əmir Əli Sərdari İrəvani Azərbaycandan kənarda yaşayır və diaspor fəaliyyətində daim ölkəmizin maraqlarını müdafiə edir. Onun Qarabağ həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı gördüyü işlər məşhurdur və bunu Azərbaycan dövlətinin də dəstəyi ilə edir. Artıq Qarabağda erməni separatizmi məhv edildi və bundan sonrakı hədəfimiz İrəvana, Zəngəzura, Göyçəyə qayıtmağımızdır. 

Prezident İlham Əliyev əbəs yerə bu strategiyanı elan etməyib və Ali Baş Komandan bəyan edib ki, tarixi torpaqlarımıza tank üzərində yox, avtomobillə qayıdacağıq. Yəni müharibə ilə yox, siyasətlə, diplomatiya ilə o torpaqlara dönəcəyik. Bunun yollarından biri də məsələni beynəlxalq müstəvidə gündəmə gətirmək, beynəlxalq hüquqdan istifadə etməkdir. Məhz bu mərhələdə İrəvan xanlığının varisi olan Əmir Əli Sərdari İrəvaninin varlığı dövlət maraqları baxımından çox əhəmiyyətlidir. Çünki o, İrəvan xanının nəslindən olan şəxs kimi vərəsəlik hüququnu irəli sürə bilər. Bu kontekstdə ona qarşı əsası olmayan iddiaların irəli sürülməsi ermənilərin “əlinə oynamaqdan” başqa bir şey deyil.

Bununla yanaşı, Əmir Əli Sərdari İrəvani Azərbaycan naminə həyata keçirdiyi fəaliyyəti ilə həm dövlət orqanlarında, həm ölkəmizin elmi cameəsində, həm də ictimai-siyasi çevrələrdə yüksək səviyyədə qəbul edilir. Belə bir şəxsə “dələduz” ittihamı irəli sürmək ispat edilməsini tələb edir, çünki bu ittiham həm də onun qəbul edildiyi yüksək dairələrə qarşı da yönəlmiş sayılır. 

Mətanət Əsgərqızı ittihamını qanun qarşısında sübut edə bilərmi? Təbii ki, xeyr.

O zaman niyə belə bir ittiham irəli sürür? 


Görünür, Mətanət Əsgərqızı ya şəxsi maraqlarına görə bunu edir, ya da kimlərinsə sifarişini yerinə yetirir. Bu gün Qərbi Azərbaycan strategiyasını həzm edə bilməyən qüvvələr çoxdur, xüsusilə sərhədlərimizdən kənarda. 

Bəs Mətanət Əsgərqızı xarici qüvvələrəmi işləyir? 

Mətanət Əsgərqızının erməni maraqlarına uyğun olan bu cür addımları ilk deyil. Bundan öncə o, Prezident Administrasiyasının qarşısında “pul davası” edirdi. Bildirirdi ki, o, Xankəndi-Laçın yolunda keçirilən aksiyada “can qoyub”, ona görə də dövlət ona daha böyük qrant layihəsi verməlidir. Nəticədə Ermənistan və ermənipərəst qüvvələr bundan Azərbaycana qarşı istifadə etdilər. Bütün bunlar Mətanət Əsgərqızı haqqında əsaslı şübhələr ortaya çıxarır.

Ən əsası da, İrəvaninin Mətanət Əsgərqızı tərəfindən təhqir edilməsi ermənipərəst dairələrin sifarişi ola biləcəyi ehtimalını ön plana çıxarır. Zənnimcə, Mətanət Əsgərqızının fəaliyyəti ciddi araşdırılmalıdır!



Vasif Həsənli
Demokrat.az xəbər portalının baş redaktoru

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top