Ümumdünya Qida Günü — Qida təhlükəsizliyi nə dərəcədə təmin olunur?

GÜNDƏM 16 okt 2023, 18:26
Bu gün Ümumdünya Qida Günüdür. Təəssüf ki, dünyada qida çatışmazlığı səbəbindən hər il minlərlə insan dünyasını dəyişir. Uşaqların aclıqdan ölməsi isə bəşəriyyətin yaşadığı, lakin fərqində olmadığı problemin nə dərəcədə dəhşətli olduğundan xəbər verir.  

Sosioloq Elçin Bayramlı feysbuk hesabında qeyd edib ki, bir uşağın acından ölməməsi üçün ayda cəmi 30 dollar tələb olunur. Qlobal yoxsulluğa dair göstəricilərə əsasən ifrat yoxsulluqdan hər gün dünyada 30 min uşaq vəfat edir, 11 milyon uşaq isə 5 yaşı tamam olmadan dünyasını dəyişir. 

E.Bayramlı onu da yazıb ki, BMT-nin hesabatına görə təbii ehtiyatlardan səmərəli istifadə olunsa, Yer kürəsi 50-60 milyard insanı yedirə bilər. 

“Dünya təbiətini gözümüzün qabağında məhv edirlər. Meşələri yandırdılar, atmosferi çirkləndirdilər, torpağı zəhərlədilər, suyu murdarladılar. Resurslar vəhşicəsinə istismar olunur. Xəstəliklər baş alıb gedir. Bitkilərin, heyvanların genlərini belə dəyişdirdilər. Təbiət bu terrora çox sərt reaksiya verir. İqlim dəyişmələri, təbii fəlakətlər ara vermir. Dünyanın nüfuzlu ekoloq alimləri tezliklə böyük kataklizmaların başlayacağını proqnoz edirlər”, deyə o əlavə edib.

Qida sahəsi ilə bağlı problemlər arasında həm də qida təhlükəsizliyi məsələsi aktualdır. Qida təhlükəsizliyi üzrə ekspert Asim Vəliyev Demokrat.az-a açıqlamasında deyib ki, qida təhlükəsizliyi hər bir dövlətin qarşısından duran prioritet məsələlərdəndir:



“Hər il dünyada milyonlarla insan qida ilə bağlı xəstəliklərdən dünyasını dəyişir. Xəstəliklər artıq cavanlaşıb. Bunun qarşısını almaq üçün tarladan süfrəyədək qida təhlükəsizliyininin bütün zəncirləri gücləndirilməlidir. Sənaye üsulu qida istehsalı, qida çeşidinin artması, iqlim dəyişikliyi, ətraf-mühitin çirklənməsi, əkinə yararlı torpaq sahələrinin azalması, su israfı, yerli-ənənəvi toxumların sıradan çıxarılması, hibrid, genetik müdaxiləyə məruz qalmış toxumlardan istifadə, hərəkətli həyat tərzindən oturaq həyata keçid qida təhlükəsizliyini təhdid edən amillərdəndir”.  

A.Vəliyev bildirib ki, süni müdaxilə olmasa, dünya qida çatışmazlığından əziyyət çəkməz: 

“Statistikaya görə təkcə ABŞ və İngiltərədə bir ildə zibilliyə atılan qidalarla dünyada 800 milyon ac insanı yeməklə təmin etmək olar. Ölkəmizdə də qidaların atılmasına çox rast gəlirik, bu, təəssüf doğuran haldır. Qida ilə bağlı riskləri minimuma endirmək üçün istehlakçıların hüquqlarına dair maarifləndirmə işləri gücləndirilməlidir. Yerli istehsalın dayanıqlığı təmin olunmalıdır. Yerli istehsalçılar və fermerlərə dövlət dəstəyi olmalıdır ki, idxaldan asılılıq azalsın”. 

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top