Su ehtiyatı az, istifadəsi çox: “Nəzarət aşağı səviyyədədir”

GÜNDƏM 16 okt 2023, 16:21
“Azərbaycan su ehtiyatlarına görə ən çox əziyyət çəkən 20 ölkə arasındadır”

Demokrat.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının nümayəndəsi Muhammad Nasar Hayat bildirib.

O, ADA Universiteti və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi Kənd təsərrüfatı və qida elmləri fakültəsinin açılışı və Ümumdünya Qida Günü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı qeyd edib ki, ölkədə su ehtiyatlarının 70 faizindən çoxu kənd təsərrüfatı üçün istifadə olunur. 


Su ehtiyatlarının daha səmərəli istifadəsinin təşkili barədə Azərbaycan Dövlət Pedaqoji Universitetin professoru, Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondunun prezidenti, biologiya elmləri doktoru Rauf Sultanov Demokrat.az-a bir sıra məqamları bölüşüb. Onun sözlərinə görə, ölkədə su tələbatının ¾ hissəsi transsərhəd dövlətlərin hesabına ödənilir:

“Kür və Araz çayları, Rusiyadan axan çaylar hesabına Azərbaycanda şirin su ehtiyatı formalaşır. Bu, kənd təsərrüfatının inkişafının ləngiməsinə, əhalinin içməli su ilə təmin edilməsinə, sənayenin su ilə təminatına ciddi çətinliklər yaradır. Su ehtiyatlarının az olmasına baxmayaraq, Azərbaycan dünyada adambaşına istifadə edilən suyun həcminə görə ön sıralardadır. Sudan istifadəyə nəzarət yox səviyyəsindədir. Problemin qarşısını almaq bəzi işlər görülür. Süni göllər, su anbarları yaradılır”. 

Ekspert deyib ki, digər ölkələrlə müqayisədə Azərbaycanda yeraltı sulardan istifadə yüksəkdir:



“Bu, torpaqların deqradasiyaya uğramasına səbəb olur. Yeraltı sular qıtlıq dövründə istifadə edilməlidir. Respublikanın quru ərazisinin 11,5 faizini meşə örtüyü təşkil edir. Yağış sularının, yeraltı suların qorunub, saxlanılmasında meşə örtüyünün böyük əhəmiyyəti var. Bu baxımdan meşələrin qorunması vacibdir. 

Yağış sularının toplanması, suyun təkrar istifadə edilməsi istiqamətində müəyyən addımlar atılmalıdır. Azərbaycanın  Xəzər dənizi ətrafında yerləşməsi su ehtiyatlarına qatqıdır. Dəniz suyunu içməli suya çevirmək üçün müasir texnologiyalardan istifadə edilə bilər. Şimali Qafqaz regionu şirin su ehtiyatları ilə zəngindir. Həmin suların Azərbaycana axıdılması üçün kanallar çəkilə bilər”.
R.Soltanov əlavə edib ki, işğaldan azad edilmiş ərazilərdə böyük su ehtiyatları var:

“Ölkənin su ehtiyatlarının əsas hissəsi Qarabağdadır. Bunun hesabına həm kənd təsərrüfatının suvarma problemləri həll edilə, həm də əhalinin içməli suya olan tələbatı ödənilə bilər. Bu ərazilərdə həm su anbarları, həm də su elektrik stansiyaları inşa edilə bilər”. 

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top