Neftin qiymətinin artma səbəbi BƏLLİ OLDU

İQTİSADİYYAT 24 oktyabr 2025, 14:53
“Son günlər “Azeri Light” markalı Azərbaycan neftinin qiymətində müşahidə olunan artım bir neçə əsas qlobal və regional amillərlə bağlıdır. Yaxın Şərqdə geosiyasi gərginliyin artması enerji bazarlarında risk faktorunu gücləndirib”. 

Bunu Demokrat.az-a açıqlamasında enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev deyib.

O qeyd edib ki, neft hasilatı və nəqli üçün mühüm bölgələrdə təhlükəsizlik riskləri qiymətlərin yüksəlməsinə səbəb olur:

“Çünki bazar iştirakçıları mümkün təchizat kəsintilərini əvvəlcədən qiymətə daxil edirlər. OPEC+ ölkələrinin hasilatın azaldılması siyasəti də bazarda təklifi məhdudlaşdırır. Bu siyasət xüsusilə oktyabr-noyabr aylarında neftin qiymətinə dəstək verib. “Azeri Light” yüngül və yüksək keyfiyyətli xam neft olduğuna görə, “Brent” və digər markalara nisbətən daha yüksək qiymətlə satılır, bu da onun artım tempini bir qədər gücləndirir. ABŞ və Avropada strateji ehtiyatların azaldılması və mövsümi tələbin artması da qiymət artımını şərtləndirir”. 

Ekspert əlavə edib ki, qış mövsümünə yaxınlaşdıqca yanacağa tələbat artır, bu da birbaşa neftə olan ümumi tələbi yüksəldir:

“Yaxın dövrdə yenidən enmə ehtimalı da qalır. Əgər geosiyasi risklər azalarsa, qlobal iqtisadi aktivlikdə zəifləmə davam edərsə və ABŞ Federal Ehtiyat Sistemi (FED) faiz dərəcələrini yüksək saxlayarsa, neftə olan tələbat bir qədər azala bilər. Bundan başqa, Çin kimi böyük istehlakçı ölkələrdə iqtisadi artımın yavaşlaması da qiymətlərə təzyiq göstərə bilər. Yəni indiki artım əsasən qısamüddətli və risk amilləri ilə bağlıdır. Əgər bu tendensiyalar sabitləşsə, “Azeri Light”ın qiymətinin yenidən 60–63 dollar intervalına enməsi mümkündür. Lakin yaxın həftələrdə bazar psixologiyası və geosiyasi risklər fonunda qiymətlərin 65–70 dollar civarında qalması ehtimalı daha yüksək görünür”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top