YapiKredi Müraciət Forması
Özəl İqtisadiyyat

Un məmulatları bahalaşa bilər — Açıqlama

Un məmulatları bahalaşa bilər — Açıqlama

Azərbaycanda kərə və duru yağların qiyməti artıb. Bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur. Qeyd olunub ki, ümumilikdə yağların qiymətində 6 manatadək bahalaşma müşahidə edilir.

İqtisadçı Asif ibrahimov Demokrat.az-a açıqlamasında bildirib ki, daxili tələbat tam həcmdə yerli istehsal hesabına ödənə bilmir və idxaldan asılı qalır:

Un məmulatları bahalaşa bilər — Açıqlama

"Belə şəraitdə dünya bazarında qiymət dəyişiklikləri, logistika xərcləri və idxal şərtləri daxili bazara birbaşa təsir göstərir. Ən ciddi problemlərdən biri isə idxal məhsulunun ölkəyə daxil olduğu andan onun qiymətinə əlavə xərclərin yüklənməsidir. Məsələn, Belarusdan eyni istehsalçıdan və müqayisə edilə bilən şərtlərlə alınan yağ Gürcüstan bazarında bir qiymətə, Azərbaycanda isə xeyli baha qiymətə təklif oluna bilər.

Məhsulun gömrük sərhədini keçərkən üzərinə əlavə edilən hər bir xərc son nəticədə idxalçının maya dəyərinə, topdansatış və pərakəndə satış qiymətlərinə təsir göstərə bilər. Beləliklə, inflyasiya təzyiqi bəzən məhsul mağazanın rəfinə çatmamış, elə idxal mərhələsində formalaşır. Burada mühüm sual yaranır: yerli istehsal ölkənin tələbatını ödəmirsə, idxal hesabına yaranan çatışmazlığı aradan qaldırmaq istəyən sahibkarın xərclərini niyə əlavə tarif yükü ilə artırmalıyıq?

Yerli istehsal tələbatı ödəmədiyi halda yüksək idxal rüsumlarının tətbiq olunması daxili bazarda rəqabəti zəiflədə, idxal məhsullarını bahalaşdıra və istehlakçının seçim imkanlarını məhdudlaşdıra bilər. Fiskal maraqlar ilə əhalinin münasib qiymətə ərzaq əldə etmək hüququ arasında iqtisadi baxımdan əsaslandırılmış tarazlıq yaradılmalıdır. Buna aqrar siyasətin icraçıları da məsuliyyət daşıyırlar. Ölkədə südçülüyün, heyvandarlığın, yem istehsalının, yağlı bitkilərin becərilməsinin və emal sənayesinin inkişafı əhalinin ərzaq tələbatına uyğun nəticələr verməlidir. Əgər illərdir aqrar sahəyə subsidiyalar, güzəştli kreditlər və müxtəlif dəstək mexanizmləri ayrılırsa, bunun nəticəsi yerli istehsalın həcmi, məhsuldarlıq, maya dəyəri və idxaldan asılılığın azalması ilə qiymətləndirilməlidir. Dövlət dəstəyi var, amma bazar yenə də xarici məhsuldan asılıdırsa, həmin dəstəyin effektivliyi barədə əsaslı suallar yaranır".

Asif İbrahimov əlavə edib ki, yağın bahalaşması təkcə həmin məhsulu alan ailələrin xərclərini artırmır.

"Çörək və un məmulatları, şirniyyat, peçenye, tort, yarımfabrikatlar və ictimai iaşə məhsullarının istehsalında da xərc artımı yarada bilər. İstehsalçı artan xərci qiymətə daxil etdikdə bahalaşma digər məhsullara da keçir. Ərzaq xərcləri ailə büdcəsində böyük pay tutduğundan, bu proses xüsusilə aztəminatlı ailələrin alıcılıq qabiliyyətini zəiflədir. Əhalinin gəlirləri qiymət artımına uyğun yüksəlmədikdə iqtisadi artımın sosial nəticəsi də zəifləyir.

İlk növbədə kərə və duru yağlar üzrə idxal rüsumlarının, gömrük ödənişlərinin və digər idxal xərclərinin yekun satış qiymətinə təsirini açıq şəkildə təhlil edilməlidir. Belarusdan eyni məhsulun Gürcüstanda və Azərbaycanda hansı qiymətə satıldığını müqayisə edərkən gömrük rüsumları ilə yanaşı, ƏDV, logistika, sığorta, valyuta xərcləri, distribusiya marjaları və digər fərqlər də nəzərə alınmalıdır. Müqayisə eyni məhsul, eyni ölçü vahidi və eyni ticarət mərhələsi üzrə aparılmalıdır. Bu təhlil idxal rüsumlarının azaldılmasının və ya müvəqqəti güzəştlərin tətbiqinin qiymətlərə mümkün təsirini dəqiq müəyyən etməyə imkan verər.

Mənim təklifim budur ki, daxili istehsal tələbatı ödəyənədək əsas ərzaq məhsulları üzrə idxal tarifləri yenidən nəzərdən keçirilsin, zərurət olduqda müvəqqəti gömrük güzəştləri tətbiq edilsin və bu qərarların istehlak qiymətlərinə təsiri mütəmadi ölçülsün. Eyni zamanda, yerli istehsalçılara verilən dəstək konkret istehsal və məhsuldarlıq göstəricilərinə bağlansın. Rəqabət mühiti gücləndirilsin, idxalçıdan mağazaya qədər qiymət zənciri təhlil edilsin və əsassız qiymət artımlarına qarşı qanunvericilik çərçivəsində tədbirlər görülsün.

FH
Fidan Hacızadə
Müxbir