Ekspert nazirin fikirlərini TƏSDİQLƏDİ

SOSİAL 01 sen 2023, 20:53
Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində keçirilən Azərbaycan dili və ədəbiyyatı forumunda elm və təhsil naziri Emin Əmrullayev deyib ki, Azərbaycanda 15 yaşına çatmış uşaqlar arasında oxuduğu mətnin mənasını başa düşən azdır. 

"Əksəriyyət oxuduğu mətni anlamırsa, bu, ciddi çətinlik yaradır. Digər tərəfdən, oxuduğunu anlamayan adam özünüifadə ilə bağlı problem yaşayır. Digər maraqlı məqamsa 10 yaşlı şagirdlərin 40 faizinin oxuduğu mətni tam olaraq anlaya bilməməsidir", - deyə nazir qeyd edib. 

Təhsil eksperti Elçin Süleymanov Demokrat.az-a açıqlamasında deyib ki, nazirin bu sözlərində kifayət qədər həqiqət var: 

“PISA, TIMSS, PIRLS kimi beynəlxalq qiymətləndirmə proqramlarında şagirdlərin biliyi oxuma – anlama və hesab, tətbiq bacarıqları ilə bağlı tapşırıqlarla ölçülür. Azərbaycan və bir çox postsovet ölkələrində şagirdlərin nailiyyətləri digər ətraf ölkələrlə müqayisədə aşağıdır. Bu da təhsil sistemilə bağlıdır. Müəllimlərin əksəriyyəti hələ də ənənəvi təhsil metodundan istifadə edir, hansı ki, bu, əzbərçiliyə dayanır”. 

Ekspertin sözlərinə görə, müasir tədris metodologiyasında məqsəd şagirdlərin tək biliyini deyil, tətbiq bacarıqlarını da inkişaf etdirməkdir:


“Nəyin nə üçün edildiyinə, komponentlərdən istifadəyə şagird özü sərbəst qərar verməlidir. Dünya təhsil sistemi bu istiqamətdə inkişaf edir. Müzakirələrlə doğrunu tapmaq, fənlərin bir-birinə inteqrasiyası, tədris olunan elm sahələrinin tətbiq imkanları – bütün biliklər toplanır və sadə, əyləncəli  şəkildə ötürülür”. 

E.Süleymanov qeyd edib ki, müasir metodologiyalardan xəbərdar olan innovativ müəllimlərin tədris prosesinə qoşulması vacibdir:

“Müəllimlərin işə imtahanla qəbulu, sertifikatlaşma müasir metodlara yönələn kadrların cəlb edilməsinə şərait yaratdı. İmtahanlarda açıq tipli sualların tətbiqilə qismət analitik metoda keçməyə başlamışıq.

Ümid edirəm ki, yeniliklər edildikcə şagirdlərin oxuma – anlama qabiliyyəti də inkişaf edəcək”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top