Biləsuvarda taksi sürücüsü narkotiklə tutuldu — Cəzası ağır oldu

KRİMİNAL 14 avqust 2023, 12:12
Biləsuvar rayonunda narkotik alverində ittiham olunaraq həbs edilən 1980-cı il təvəllüdlü Rəhimin cinayət işinə baxılıb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Rəhim məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 0,753 qram çəkidə narkotik vasitə heroini əldə edib. O, 27 iyul 2022-ci ildə, saat 21 radələrində Biləsuvar şəhəri, M.İbrahimov küçəsində həmin narkotik vasitə olan heroini tanışına 10 manata satıb. 

Bundan başqa, Rəhim təkrarən tamah niyyəti ilə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması, daşınması və satışına dair şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxslə razılığa gəlib. O, qabaqcadan əlbir olub bir qrup şəxslə  cinayət əlaqəsinə girib, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun müəyyən edilməmiş üzvləri tərəfindən istintaqa məlum olmayan tarixdə Biləsuvar şəhəri, S.Vurğun küçəsində gizlədilmiş ayrı-ayrılıqda təmiz çəkiləri 0,136 qram, 0,179 qram, 0,130 qram, 0,095 qram və 0,944 qram olmaqla ümumilikdə 1,484 qram narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib. 

Biləsuvar rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 28 iyul 2022-ci ildə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Uğur” marketin yaxınlığında ona məxsus “Runna” markalı avtomobilin yanında dayanmış vəziyyətdə olan zaman narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb. 

Rəhimin barəsində Cinayət Məcəlləsinin 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 234.4.2-ci (təkrar narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib. 

Rəhimin barəsində olan cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Rəhim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, saxlanılmamışdan əvvəl yaşadığı Biləsuvar rayonunda taksi fəaliyyəti ilə məşğul olub: “İyulun 28-də, saat 22 radələrində Biləsuvar şəhərində Heydər Əliyev küçəsində yerləşən “Uğur” marketin önündə dayanarkən Əli adında polis əməkdaşı mənə yaxınlaşdı. Polislərdən 102 xidmətinə şikayət etdiyimə görə, mən rayon polis şöbəsinə apardı. Şöbədə olarkən şifahi sorğu zamanı özümün yox, qardaşımın şikayət etdiyini bildirdim. Polislər mənə qardaşımı və özümü tutacaqlarını bildirdilər. Sonra Elnur adında polis əməkdaşı masanın üzərinə 1 qram narkotik qoyaraq üzərimə götürməyimi, götürməsəm evimdən 1 kilo narkotik çıxaracaqlarını bildirdilər. Polislərin təzyiqinə görə məcbur qalıb narkotiki üzərimə götürdüm”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, şahid qismində tanınan tanışı Həsəni tanıyır, ona narkotik verməyib və satmayıb: “Heç vaxt narkotikdən istifadə etməmişəm. Həsən yalan danışır. Saxlanılarkən üzərində narkotik olmayıb”. 

Məhkəmədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yaranıb. Bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi elan edilib. 

Rəhim ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, 28 iyul 2022-ci ildə, saat təxminən 21 radələrində evdə olarkən gizli nömrədən özünün istifadəsində olan mobil nömrəsinə tanımadığı şəxs zəng edib: “Mənimlə söhbətləşdi. Söhbət əsnasında həmin şəxs mənə Biləsuvar şəhəri, S.Vurğun küçəsində yerləşən “Pambıq zavodun” yaxınlığında tut ağaclarının altında siqaret qutusunun içərisində narkotik olduğunu, həmin qutunu oradan götürüb, deyəcəyi vaxtda Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Zirvə Şadlıq” sarayının yaxınlığında bir yerə atmağımı, narkotik vasitəni atacağı yer barəsində ona məlumat verməyimi, bunun müqabilində isə mənə 10 manat pul verəcəyini bildirdi. Pula ehtiyacım olduğu üçün onunla razılaşdım. Öz maşınım ilə həmin şəxsin dediyi yerə gəlib tut ağacının altında olan bir ədəd siqaret qutusunu götürdüm və maşınım da qutunu açdıqda içərisində 5 bükümdə narkotik vasitəyə bənzər kütlə gördüm. Siqaret qutusunu ön sərnişin oturacağı tərəfdə yerləşən saxlanc yerinə atdım. Maşını idarə edərkən Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Uğur” marketin yaxınlığında olan zaman polis əməkdaşları məni saxladı və şöbəyə apardılar. Videoçəkilişlə və vəkilin iştirakı ilə üzərimə keçirilən şəxs axtarış zamanı əynimdəki şalvarın sol arxa cibindən heroin olan bir ədəd bükülünü çıxararaq polis əməkdaşlarına təqdim etdim”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, videoçəkilişlə və müdafiəçinin iştirakı ilə ona məxsus olan “Runna” markalı avtomobilə baxış keçirilib, maşından 4 ədəd büküm heroin aşkar olunub. 

Məhkəmənin hökmü ilə Rəhim 6 il müddətinə azadlıqdan məhrum edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top