“Əksər analar ödənişsiz analıq məzuniyyətindən istifadə edə bilmir” — HÜQUQŞÜNAS

SOSİAL 03 avq 2023, 17:20
Ümumdünya Səhiyyə Təşkilatı  1-7 avqust tarixlərini ana südü günü elan edib. Ana südünün körpə inkişafı üçün son dərəcə vacib olduğunu bilirik. Burada problemli məsələlərdən biri anaların məzuniyyət hüququnun pozulmasıdır. Bəzi analar iş yerinin tələbilə işə çıxmalı olur,  buna görə də uşağı süddən tez ayırır. Özəl müəssisələrdə belə hallar daha çox yaşanır. İşini itirmək istəməyən ana da məcburdur ki, işə çıxsın. 

Hüquqşünas Əsabəli Mustafayevin sözlərinə görə, qanunvericilikdə ödənişli analıq məzuniyyəti var.

Demokrat.az-a açıqlama verən ekspert qeyd edib ki, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü təşkil edir. 

“3 il müddətinə ödənişsiz məzuniyyət də verilir. Hər ana isə bu hüququndan istifadə edə bilmir. Bunun da səbəbi maddiyyatdır. Bu müddətin bir ilə yaxını ödənişlidir. Əksəriyyət  müddət tamam olan kimi işə çıxmağa məcbur olur. Buna görə ekspertlər deyir ki, ailələrə uşaq pulu verilməlidir. Bu, uşağın ehtiyaclarını təmin etmək üçündür. Belə olsa, ana daha az işləyər, gününün çoxunu körpəsilə, onun inkişafı ilə məşğul olmaqla keçirər”. 

Hüquqşünas hesab edir ki, ödənişli məzuniyyət müddətinin uşağın ana südüylə qidalanmasına kifayət edib, etmədiyi araşdırılmalıdır. 

“Bəzi mütəxəssislər hesab edir ki, körpələrin çoxu onsuz da ana südüylə böyümür, süni südlə qidalanırlar. Ancaq bunun məsələyə aiddiyyəti yoxdur. Anaların çoxu da uşağına ona görə süni süd verməli olur ki, vaxtı olmur onu əmizdirməyə. Mövcud qanunvericilik çərçivəsində müəyyən edilən analıq məzuniyyəti müddətinin körpə inkişafı üçün yetərli olub, olmaması barədə araşdırılma aparılmalıdır. Yaxşı olardı ki, əlaqəli qurumlar Milli Məclisə bu barədə öz təkliflərini versin”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top