“Maraqlarımıza cavab verməyən sülh şərtlərini Azərbaycana qəbul etdirmək mümkün deyil” — Deputat

GÜNDƏM 02 iyn 2023, 17:23
"Moldovada keçirilən Avropa Birliyinin ikinci zirvə görüşü Azərbaycan-Avropa münasibətləri kontekstində mühüm bir görüş idi. Çünki Avropa Birliyinə daxil olan ölkələr Azərbaycanın əsas ticarət tərəfdaşlarıdır. Şübhəsiz ki, Azərbaycanın hazırkı mərhələdə həyata keçirdiyi mühüm layihələrlə yenidən Avropa ilə Asiya arasında logistika və kommunikasiya mərkəzinə çevrilməkdədir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. 

Deputat bildirib ki, bu prosesdə "Bir kəmər, bir yol" layihəsinin orta xətti üzrə yeni kommunikasiyaların açılması Azərbaycanın mövqeyini daha da gücləndirir.

"Şübhəsiz ki, Kişineuda keçirilən görüşdə Avropa Birliyi mümkün gələcək münaqişə kontekstində Rusiyaya mesaj verdi. Bildirildi ki, postsovet məkanında baş verən hər hansı bir prosesdə artıq Avropa Birliyi də mühüm rol oynamağa başlayacaq. Ona görə də Azərbaycan Prezidentinin iştirak etdiyi beştərəfli görüşdə Ermənistan-Azərbaycan arasında mümkün sülh müqaviləsi sazişinin imzalanması məsələsi gündəmə gəlsə də, bunun nəticəyə yönəlik bir görüş olacağını əvvəlcədən proqnozlaşdırmaq doğru olmazdı. Çünki bu görüşün mahiyyəti tamamilə başqa idi. Ona görə də Paşinyan və Makronun bu görüşdə Almaniya Federal Kansleri şousu da yanlarına alaraq yeni gündəm yaratmaq cəhdləri baş tutmadı".

Deputat qeyd edib ki, Azərbaycan Prezidentinin mövqeyi bir daha ortada çox aydın görünürdü:

“Mövqe o idi ki, bu görüşün hər hansı bir nəticə ilə sonlanması əvvəlcədən mümkün görünmür. Ona görə ki, bu görüşdə Azərbaycanın irəli sürdüyü 5 baza prinsipi mümkün sülh müqaviləsi şərtlərindən daha çox Ermənistan və Fransanın Azərbaycana təzyiq etmək niyyətləri ortaya çıxmışdı. Elə görüşün sonunda da bəlli oldu ki, onlar buna nail ola bilmədilər və sadəcə növbəti mərhələdə Brüsseldə üçtərəfli görüşün keçirilməsi ilə bağlı tarix müəyyənləşdirildi. Ona görə də Ermənistan-Fransa hansı platformada necə hərəkət edib, təşəbbüsü ələ almaq istəsələr belə, hər dəfə bu iflasa uğrayır. Çünki Azərbaycanın maraqlarına cavab verməyən sülh şərtlərini Azərbaycana qəbul etdirmək mümkün deyil. Tam əksinə, Azərbaycan sülhün şərtlərini diqtə edən tərəfdir. Görüşün bu şəkildə başa çatması da bir daha dediyimizin sübutudur".


Şəhanə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top