Ya Mərkəzi Bank, ya da "Günay Bank" YALAN DANIŞIR

İQTİSADİYYAT 17 may 2023, 12:38
Azərbaycan Mərkəzi Bankı (qısaca – AMB) bu gün “Günay Bank”ın lisenziyasını ləğv etdiyini açıqlayıb.

Demokrat.az
xəbər verir ki, AMB-nin açıqlamasına görə, İdarə Heyətinin 16 may 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından (50 milyon manatdan) az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu və 61.1-ci maddələrinə əsasən “Günay Bank” ASC-nin lisenziyası 17 may 2023-cü il tarixindən etibarən ləğv edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsi üçün məhkəməyə müraciət edib.

Əvvəla onu qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən banklar rüblük və illik hesabatlarını Mərkəzi Banka təqdim edir və hesabat təsdiqini tapdıqdan sonra ictimaiyyətə açıqlanır. “Günay Bank” isə son hesabatında məcmu kapitalının 64 milyon 31 min manat olduğu barədə məlumat vermişdi. Bu gün isə AMB sözügedən bankın məcmu kapitalının normadan az olduğunu bildirərək bankın lisenziyasını ləğv edib. Banklar haqqında qanunun 61.1-ci maddəsinin 1-ci bəndinə görə bankın məcmu kapitalının miqdarı banklar üçün müəyyən edilmiş məcmu kapitalının minimum miqdarının 25 faizindən və ya məcmu kapitalın adekvatlıq əmsalının 3 faizdən az olduğu maliyyə bazarlarına nəzarət orqanı tərəfindən bank barəsində iflas proseduruna başlanıla bilər. Yəni, AMB-nin tətbiq etdiyi 50 milyon manatlıq məcmu kapital normativi 12 milyon 500 min manatadək azala bilər və buna görə bank lisenziyasını itirmir.

Nəticə etibarı ilə ya Azərbaycan Mərkəzi Bankı, ya da “Günay Bank” ictimaiyyətə yanlış məlumat verib. Bankın hesabatı birbaşa AMB tərəfindən təsdiqini tapdığına görə isə AMB ya bu səhvə göz yumub, ya da ictimaiyyəti aldadıb. Bütün hallarda nəzarətedici qurumun banklar haqqında qanunu pozması maliyyə bazarının diğər iştirakçıları barədə də ciddi suallar ortaya qoyur. Belə ki, hazırda fəaliyyət göstərən 24 bankın da hesabatının doğru və ya yanlış olması ciddi şübhələr ortaya qoyur.

Qeyd olunan məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankına sorğu göndərmişik. Ən qısa zaman dövlət qurumunun məsələyə aydınlıq gətirəcəyini ümid edirik. (kommersant.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top