Viktor Yuşşenko: "Ərdoğan Türkiyə dövləti və millətinə samballı beynəlxalq status qazandırıb"

REGİON 13 may 2023, 16:44
"Əgər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın keçdiyi siyasi yolu təhlil etsək, görərik ki, o, ölkəsini ən yüksək beynəlxalq səviyyəyə çatdırıb. Bu gün hamı Türkiyə ilə hesablaşır. Hesab edirəm ki, Ərdoğan Türkiyə dövləti və millətinə samballı beynəlxalq status və nüfuz qazandırıb".

Demokrat.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Ukraynanın keçmiş Prezidenti, "Narıncı" inqilabın lideri Viktor Yuşşenko bildirib.

O söyləyib ki, R.T.Ərdoğanın necə siyasət aparması Türkiyənin daxili işidir. V.Yuşşenko hesab edir ki, bunun üçün ölkədə güclü müxalifət olmalıdır və Türkiyədə bu da var: "Fikrimcə, Ərdoğanın beynəlxalq nüfuzu kifayət qədər yüksəkdir. Xüsusilə onun Azərbaycanla bağlı mövqeyi daha aydın və daha doğrudur. Türkiyənin bu mövqeyi sayəsində Azərbaycan özünə güclü tərəfdaş qazandı ki, bu da onun böyük problem olan ərazi bütövlüyünün bərpasında ciddi kömək etdi".

V.Yuşşenko R.T.Ərdoğanın hakimiyyəti dövründə Türkiyə-Ukrayna münasibətlərinin inkişafına da toxunub.

"Ərdoğanın təkcə "Taxıl dəhlizi" ilə bağlı etdikləri, onun nə dərəcədə güclü lider və qərar qəbul etmə qabiliyyətinə sahibi olduğunu göstərdi. Müharibənin davama etdiyi bir zamanda dəniz yolu ilə Ukrayna taxılının dünya bazarına daşınmasını təşkil etmək güclü xarakterin nəticəsidir. Türkiyə tərəfindən bu dəhlizin təşkil edilməsi təkcə Ukraynaya deyil, taxıla ehtiyacı olan əksər ölkələrə böyük dəstək oldu", - sabiq dövlət başçısı vurğulayıb.

V.Yuşşenko Türkiyənin Ukraynaya "Bayraktar" PUA-ları verilməsini də yüksək qiymətləndirib: "Bu, Türkiyə tərəfindən verilmiş unikal qərar oldu. Təkcə PUA-ların verilməsi deyil, burada onun zavodunun da tikilməsi son dərəcə unikal qərardır. Buna görə Ərdoğana böyük təşəkkürlər düşür. Belə qərarları Türkiyədə ancaq Ərdoğan qəbul edə bilər. Ciddi deyirəm. Belə cürətli qərarları ancaq Ərdoğan verə bilərdi və verdi. Baxın, bizdə müharibə başlayan kimi neçə Avropa ölkəsinin lideri Vladimir Putinə telefon zəngləri etdi. Onlar sadəcə danışdılar, amma Ərdoğan əməli iş gördü. Onun qeyri-adi siyasi sistemi var. Dediyim kimi, o, ən yaxşı qərarlar verməyi bacaran siyasətçidir".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top