“BQXK-nin Xankəndidəki ofisi ya Azərbaycana bağlı olmalı, ya da bağlanmalıdır”

TƏHLİL 11 may 2023, 19:53
Qarabağda Rusiya sülhməramlıları ilə yanaşı fəaliyyət göstərən əsas xarici təşkilat Beynəlxalq Qırmızı Xaç Komitəsidir. Xankəndində ofisi fəaliyyət göstərən Komitənin əsas “missiyası” erməni əhalisinə humanitar dəstək verməkdir, halbuki, bu “humanitar dəstək”lə bağlı da şübhəli məqamlar var.

Burada əsas sual Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndindəki ofisinin niyə Ermənistana bağlı olmasıdır?

Komitə faktiki olaraq Xankəndindəki missiyasını İrəvandan idarə edir. Halbuki, Xankəndi Azərbaycanın ərazisidir və bu BMT tərəfindən qəbul edilmiş faktdır. 

44 günlük müharibədən sonra ərazi bütövlüyünü bərpa edən və BMT-nin məlum 4 qətnaməsini özü icra edən Azərbaycanın əsas siyasəti Qarabağdakı erməni əhalisinin reinteqrasiyasının həyata keçirilməsi, separatçıların girovunda olan bu insanları xlas etməkdir. Beynəlxalq səviyyədə qəbul edilən Bakının bu proqramı bütün mövcud danışıqlar masalarında da tanınıb. Xankəndi-Laçın yoluna postun qoyulmasından sonra isə artıq separatçıların sonu daha da yaxınlaşdırılıb. Lakin bütün bunların fonunda Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndindəki ofisinin Ermənistana bağlı olması qondarma vəziyyət yaradır.

Birincisi, Beynəlxalq Qırmızı Xaç Komitəsi bununla BMT-yə, ümumilikdə beynəlxalq hüquqa qarşı çıxmış olur;

İkincisi, Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycanın ərazi bütövlüyünü pozur və humanitar missiyasını siyasiləşdirmiş olur. Çünki Komitənin Xankəndindəki ofisinin Ermənistana bağlı olması Qarabağdakı separatçılara bu və ya digər formada dəstək, onların mövcudluğuna de-fakto tərəf çıxmaq deməkdir.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndindəki ofisi Azərbaycana bağlı olmalıdır, beynəlxalq hüquq bunu tələb edir. Komitə də özünü beynəlxalq təşkilat hesab edirsə, subyektiv olduğu beynəlxalq hüququn tələblərinə əməl etməlidir. Əks təqdirdə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndindəki ofisi bağlanmalıdır, təşkilat bundan imtina edərsə, onun legitimliyi tanınmamalıdır.

Vasif Həsənli
Demokrat.az xəbər portalının baş redaktoru

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top