Azərbaycanda azad biznes mühitinin formalaşması üçün hansı addımlar atılır? — TƏHLİL

TƏHLİL 15 apr 2023, 11:16
Ölkəmizdə müstəqillik illərində bütövlükdə liberal və rəqabətqabiliyyətli bir iqtisadiyyat formalaşdırılıb. Azərbaycanda sərmayəçilər üçün cəlbedici, sadə və eyni zamanda, şəffaf və sabit bir iqtisadi sisteminin qurulması istiqamətində əhəmiyyətli tədbirlər görülüb. Əsas hədəf isə biznesin inkişafına dəstək verməkdir. Bu yönümdə aparılan islahatlar gündən-günə böyüyən və artan Azərbaycan iqtisadiyyatının dinamik inkişafına təkan veməkdədir. Bir sözlə, ölkəmizdə azad sahibkarlığın inkişafı üzrə həyata keçirilmiş liberal islahatlar, qəbul edilmiş dövlət proqramları bu sahənin tərəqqisi istiqamətində həyata keçirilən tədbirlərin sistemliliyini təmin edib. Sahibkarlığın müdafiəsi və inkişafı üzrə dövlət siyasəti daha da gücləndirilir. Bu isə qarşıya qoyulmuş strateji məqsədə çatmağı - dayanıqlı iqtisadi inkişafı təmin edə biləcək düzgün yoldur. Qeyd edək ki, hər bir ölkənin iqtisadi tərəqqisində onun azad sahibkarlıq və biznes mühitinin vəziyyəti vacib rol oynayır. Təbii ki, dövlətin təmin etdiyi azad bazar institutu ölkədə sahibkarlığın inkişafını stimullaşdırır, ona geniş meydan verir. 




Ölkəmizdə azad sahibkarlığın inkişafı istiqamətində görülən işlərdən danışan Milli Məclisin deputatı Vüqar Bayramov Demokrat.az-a açıqlamasında bildirib ki, kiçik sahibkarın inkişafı Azərbaycanda prioritet məsələdir:



“İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, kiçik sahibkarın inkişaf etdirilməsi bir tərəfdən məşğulluğun təmin edilməsinə, digər tərəfdən rəqabətin güclənməsinə, eləcə də innovasiyanın iqtisadiyyata təsirlərinin artırılmasına imkan yaradır. O baxımdan kiçik sahibkarlığın inkişafı Azərbaycan üçün prioritet məsələlərdən biridir. “Mikro sahibkarlıq haqqında” yeni qanunun qəbul edilməsində də məqsəd məhz bu sahibkarlıq subyektlərin daha yaxından dəstəklənməsinə nail olmaqdan ibarətdir. Ona görə də, Azərbaycan üçün sahibkarlığın dəstəklənməsi prioritet olmaqla yanaşı, həm də kiçik sahibkara xüsusi diqqətin ayrılması əsas səbəblərdəndir”.



“Etiraf etmək lazımdır ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bu istiqamətdə fəal iş görür. KOBİA-nın bu istiqamətdəki fəaliyyəti həm də kiçik, orta sahibkarlığın texniki deyil, həm də konsultativ və digər formalarda dəstəyin yönəldilməsinə səbəb olub. Bu baxımdan Azərbaycan üçün kiçik, orta sahibkarlıq bütövlükdə sahibkarın inkişafı kontekstində növbəti dövrlərdə də əsas prioritet olaraq qalmaqdadır”, - deyə millət vəkili vurğulayıb.



Onun sözlərinə görə, ölkəmiz üçün ərzaq təhlükəsizliyi və ərzaq təminatı da əsas prioritet məsələlərdəndir:

“Rusiya-Ukrayna müharibəsi göstərdi ki, ərzaq təminatı ölkələr üçün ən vacib məsələlər sırasındadır. Təbii ki, hər bir ölkə ərzaq təhlükəsizliyi kontekstində ərzaq ehtiyatlarının həcmini artırmağa çalışır. Azərbaycanda artıq uzun müddətdir ki, ərzaq ehtiyatları formalaşdıran ölkələrdəndir. Hətta, Rusiya-Ukrayna müharibəsindən öncə belə Azərbaycan strateji ərzaq məhsullarının ehtiyatlarının artırılmasına başlamışdı və Rusiya-Ukrayna müharibəsindən sonra bu istiqamətdə işlər daha da intensivləşdi. Çünki bu gün dünya üçün ən vacib məsələ ərzaq təminatının genişləndirilməsidir. Ərzaq təminatı həm də nəticə etibarən ərzaq təhlükəsizliyinin formalaşmasına gətirib çıxarır. Ona görə də,  ərzaq ehtiyatlarının formalaşdırılması ilə bağlı həyata keçirilən siyasətin nəticəsi olaraq biz Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Azərbaycanın istehlak bazarında ərzaq qıtlığı müşahidə etmədik və istehlak bazarındakı tarazlıq qorunub saxlanıldı”.

V.Bayramov əlavə edib ki, idxal inflyasiyası ərzaq məhsullarının qiymətlərinə təsir göstərdi və ərzaq məhsulun qiymətlərində artımlar müşahidə olundu:

“Amma nəzərə alsaq ki, bu, birbaşa qlobal xarakter daşıyan bir problem idi, idxal inflyasiyasının tənzimlənməsi də, əslində indiki halda Azərbaycan üçün vacib prioritetlərdəndir və bu kontekstdən də ərzaq məhsulu istehsalı üzrə yerli istehsalın gücləndirilməsi ilə bağlı işlər intensivləşdirilib. Ona görə də, Azərbaycan ərzaq təminatı və ərzaq təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı sistemli şəkildə həyata keçirdikləri daha da intensivləşdirilib. Məqsəd bütövlükdə ərzaq təminatının əhəmiyyətli hissəsinin yerli istehsal hesabına ödənilməsinə nail olmaqdan ibarətdir”.



İqtisadçı ekspert Elmir Səfərli Demokrat.az-a açıqlamasında bildirib ki, hər bir ölkənin iqtisadiyyatının inkişafında azad sahibkarlığın və liberal iqtisadiyyatın formalaşdırılması mühüm rol oynayır. Onun sözlərinə görə, iqtisadiyyatda, xüsusən də biznes mühitində rəqabətin yaranması zəruri hesab edilir:

“Bu gün ölkəmizdə sahibkarlara dövlət dəstəyi müşahidə olunmaqdadır. Ümumiyyətlə, son illər sahibkarlara dəstəyin artırılması və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində dövlət-özəl tərəfdaşlığının formalaşdırılması daha ön plana çıxdı. Təbii ki, bir iqtisadiyyatın güclü olması daxili istehsalın gücləndirilməsindən asılıdır. Bu kontekstdə, sahibkarlığın inkişafı, sahibkarlığa dəstək, azad rəqabət mühitinin yaradılması prioritet olmalıdır. Həmçinin, müxtəlif sektorlarda yerli istehsal müəssisələrinin yaradılması üçün təşviqatın aparılması daha ön planda olmalıdır”.

İqtisadçının sözlərinə görə, Azərbaycanda azad biznes mühitinin və liberal iqtisadiyyatın formalaşması üçün bir çox addımlar atılıb:

“Qeyd edim ki, bir çox sahibkarlara, əsasən də, qeyri-neft sektorunda fəaliyyət göstərən iş adamlarına və müəssisələrə xüsusi vergi, gömrük və s. güzəştlərin edilib. Həmçinin, aşağı və ya qarşılıqsız kredit və subsidiyaların verilib. Bu gün dövlət büdcəsindən sahibkarlara müəyyən təşviq vəsaitlərinin təmin edilməsi, dövlətin sahibkarlara diqqətinin artırılması ölkə səviyyəsində liberal biznes mühitinin yaranmasına mühüm dəstək verir. Hesab edirəm ki, sahibkarların hüquqlarının qorunması üçün qanunvericilik aktlarında xüsusi dəyişikliklər olmalı və investorlar üçün xüsusi təminat strategiyaları formalaşdırılmalıdır”.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu - Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

Aynurə Pənahqızı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top