Bakıda şok olay: Kişi arvadını evdən qovdu, azyaşlı qızını öldürdü — ŞOK TƏFƏRRÜAT

KRİMİNAL 22 mar 2023, 11:08
Bakıda 1989-cu il təvəllüdlü Əli azyaşlı qızı Vüsaləni (adlar şərti verilib – red.) öldürüb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 15 yanvar 2021-ci ildə baş verib. 

Əli yaşadığı evdə azyaşlı qızı, 4 avqust 2020-ci il təvəllüdlü Vüsaləni ağladığına görə yataq otağına aparıb. 

Orada çarpayıdakı döşəkdə üzü üstə uzadıb, üstünü enli yorğanla tam örtərək Vüsaləyə qarşı yönəlmiş hərəkətləri ilə onun köməksiz vəziyyətdə olduğundan öləcəyini bilib, bu nətiəcənin baş verməsinə şüurlu surətdə yol verib. 

O, Vüsalənin baş və bədən nahiyyəsini hər hansı bir istiqamətdə hərəkət etdirə bilmək və nəfəs almaq imkanını məhdudlaşdırıb. Onu həyatdan məhrum edib. 

İstintaq orqanı tərəfindən Əlinin barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. 

O bildirib ki, 2012-ci ildə Südabə ilə ailə qurub: 

“Həmin nigahdan iki qızım olub. Böyük qızım Səbinə 2018-ci ildə andan olub. Balaca qızım Vüsalə isə 4 avqust 2020-ci il təvəllüdlü idi. Arvadım Südabə müxtəlif
marketlərdə işləyirdi. Özüm isə axşamlar zibil yığıb satmaqla məşqul olmuşam. Südabənin işləməsi ilə bağlı əvvəllər aramızda dəfələrlə mübahisələrimiz olub. Südabə səhər saatlarında evdən çıxıb axşam qayıdırdı. Mən də evdə uşaqlara baxmışam. Uşaqlara baxmaqdan bezdiyim üçün arvadıma evdə oturub uşaqlara baxmağını dedim. Arvadım isə etiraz etdi”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, 14 yanvar 2021-ci ildə, axşam saatlarında Südabə ilə yenə də işə getməsi ilə bağlı mübahisə edib: 

“Ona işə getməməyi, evdə oturub uşaqlara baxmağı tapşırşdım. Buna baxmayaraq Südabı yanvarın 15-də, səhər saatlarında işə getdi. Mən də evdə yatdım. Saat 11.00-da yatdığım zaman böyük qızım şkafın üzərində olan suveniri qəflətən başıma saldı. Əsəbi halda yuxudan oyandım. Bu zaman balaca qızım da ağlamağa başladı. Bir təhər dözdüm. Təxminən saat 14-15 radələrində Vüsalə və Səbinəyə yemək verdim. Vüsalə yemək yeyərkən də ağlayırdı. Vüsalənin ağlaması başıma düşdüş Onu sakitləşdirməyə cəhd etsəm də, bunu edə bilmədim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra uşağın səsinə əsəbləri dözmədiyi üçün Vüsaləni yataq otağına aparıb: 

“Onu ağzı üstə yatağın üzərinə ağzı üstı atdım, yatağın üzərində olan yorğanı onun başının üzərinə çəkib üstünü tam qapadım. Məqsədim Vüsalənin sakitləşdirmək olubş Bundan sonra digər otağa keçdim, böyük qızım ilə televizora baxdım. Televizora baxarkən təxminən iki dəfə Vüsaləyə baxmağa getdim. Hər dəfə gedəndə Vüsalə ağlamağa davam edirdi. Buna görə də yorğanı hər dəfə onun üzərinə çəkərək otaqdan çıxdım. Axırıncı dəfə otaqdan çıxarkən hamama girmək üçün su qızdırdım. Bütün bu proseslər təxminən iyirmi dəqiqə çəkdi. Axırıncı dəfə otaqdan çıxıb su qızdırmağa getdikdən təxminən beş dəqiqə sonra Vüsalənin səsi gəlmədi. Vüsaləyə baxmaq üçün yataq otağına getdim. Yorğanı üzərindən çəkəndə Vüsalənin nəfəs almadığını gördüm. Vüsaləni çölə çıxartdım və ağzım ilə süni nəfəs verməyə başladım. Uşağın nəfəsi gəlmədiyindən təcili tibbi yardıma zəng etdim. Təcili tibbi yardım həkimləri uşağa baxdı və öldüyünü bildirdilər”.

Cinayət işi üzrə ifadə verən Südabənin sözlərinə görə, əri və uşaqları ilə birlikdə əvvəllər 20-ci sahədə yerləşən evdə kirayədə yaşayıb: 

“Ərimlə dəfələrlə mübahisələrimiz, dava-dalaşlarımız olub. Buna səbəb Əlinin məndən oğlan uşağı istəməsi, həmçinin mənim işləməyimə narazılığını bildirməsi olub. Özüm müxtəlif yerlərdə xadimə işləyirəm. Əli işləmədiyi üçün hər dəfə də ona başa salmaq istəmişəm ki, işləməsəm, uşaqları saxlaya bilmərik. Buna baxmayaraq dəfələrlə mənimlə mübahisə edib”.

Südabə qeyd edib ki, təxminən 2020-ci ilin sentyabr ayında axşam saatlarında işdən evə gələn zaman Əli içkili vəziyyətdə onunla mübahisə etməyə başlayıb: 

“Həmin vaxt Əli qızlarımı döydü. Əli böyük qızım Səbinənin dodağını partlatdı, balaca qızım Vüsalıni isə üzü üstə yatağın üzərinə qoyduğundan sifəti ağardı. Əli həmin vaxt evdə çəngəli başıma atdı, məni evdən çıxartdı, uşaqları mənə vermədi. Buna görə də iki gün ərzində parkda yatdım. Bundan sonra Əlinin məni döyməsi və evdən çıxartması ilə bağlı 8-ci polis bölməsinə şikayət etdim. Şikayət etdikdən sonra polislərin vasitəsi ilə evə qayıtdım”.

Südabənin ifadəsinə görə, bundan sonra Əli tez-tez onu təhqir edib, onunla mübahisə edib: 

“Orada qonşularımdan utandığım üçün 20-ci sahədə digər evə köçdük. Hadisədən qabaqkı son iki ayı bu ünvanda kirayədə yaşadıq. Təzə ünvana köçdükdən sonra da yenə Əlinin mənimlə mübahisələri davam etdi. Hadisədən bir həftə öncə, axşam saatlarında işdən evə qayıdarkən balaca qızımın boğazında qırmızı iz və ağzından köpük gəldiyini gördüm. Əlidən uşağa nə olduğunu soruşdum. O, uşağı ağcaqanad dişlədiyini dedi. Həmin vaxt dedim ki, bu uşağı axırda sən öldürəcəksən. Əli cavabında dedi ki, uşağı öldürsəm, yastıqla öldürəcəm ki, əlimin izi düşməsin. Əlinin bu hərəkətlərinə baxmayaraq işə gedərkən məcbur qalaraq uşaqları onun yanına qoymuşam. Çünki nə mənim, nə də Əlinin heç bir yaxın qohumları olmayıb. Əlinin uşaqlara etdiyi bu hərəkətləri barədə heç bir yerə şikayət etməmişəm. Fikirləşmişəm ki, hər nədə olsa uşaqların atasıdır, heç nə etməz”. 

Südabə qeyd edib ki, yanvarın 14-də, axşam saatlarında yenidən işdən evə qayıdarkən Vüsalənin sifətinin göyərdiyini görüb: 

“Əlidən nə olduğunu soruşdum. Əli ilə Vüsalənin üzünü tutaraq sıxdığını dedi. Nəyə görə uşaqlara qarşı belə hərəkətlər etdiyini soruşdum. Əli bildirdi ki, uşaqların səsini qəbul etmir, dözmür, səbri çatmır”. 

Südabə ifadəsində göstərib ki, yanvarın 15-də, saat 12.00-da yuxudan oyanıb: 

“Uşaqları da oyatdım, yeməklərini verdim, altlarını yudum. Həmin vaxt Əli yatmışdı. Əlini yuxudan oyatdım. Ona dedim ki, ya sən işə get, ya da mən gedim. Əli işi olmadığını, əgər gedirəmsə, uşaqları da aparmağımı, əks təqdirdə qayıdan zaman uşaqların ölüsünü görəcəyimi dedi. Əli bunu sakit formada dediyi üçün bunu çox da ciddi qəbul etmədim. Çünki bu sözləri Əli əvvəllər də dəfələrlə deyib. Mən də saat 13.00-da işə getdim. Axşam saat 20.00-da evə qayıdarkən qonşulardan balaca qızım Vüsalənin ölməsini eşitdim”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əli 18 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Əli apellyasiya şikayəti verib və işinə yenidən baxılmasını istəyib. 

O, barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib. 
Şikayət araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Şikayəti araşdıran hakim heyəti sonda qərar elan edib. 

Qərara görə, apellyasiya şikayəti təmin edilməyib.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top