Korrupsiyaya bulaşmış Avropa Parlamenti Azərbaycandan nə istəyir? — AÇIQLAMA

TƏHLİL 17 mar 2023, 12:22
Avropa Parlamenti Azərbaycan üzrə məruzəçi xorvatiyalı deputat Jelyan Zobkonun hazırladığı “Aİ-Azərbaycan münasibətləri” adlı hesabatı səs çoxluğu ilə təsdiqləyib. Plenar iclasda və hesabat ətrafında müzakirələr zamanı deputatların əksəriyyəti Azərbaycan hakimiyyətini beynəlxalq öhdəlikləri, fundamental azadlıqları və insan hüquqlarını pozduğuna görə tənqid edib.

Hesabatda qeyd olunur ki, Aİ Rusiyanın Ukraynaya qarşı müharibəsi kontekstində Azərbaycanla enerji sektorunda əməkdaşlıq əsasında insan haqlarının və demokratiyanın əsaslarının0 pozulmasına göz yummamalıdır. 

Deputatlar ifadə və media azadlığına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını, fundamental insan hüquqlarına hörmətin təmin edilməsini, siyasi məhbusların azad edilməsini istəyiblər.

Hesabatda Avropa İttifaqı insan haqlarını kobud şəkildə pozan Azərbaycan rəsmilərinə qarşı şəxsi sanksiyalar tətbiq etməyə çağırılır.

Deputatlar Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması üçün təmasları alqışlayıb, lakin sərhəddə zorakılığın artmasından narahat olduqlarını bildiriblər. Deputatlar humanitar öhdəliklərin yerinə yetirilməsini və vətəndaşların Laçın dəhlizi ilə sərbəst hərəkətini təmin etməyə çağırıblar.



Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə dedi ki, Avropa Parlamenti parlamentin daxilində baş verən hadisələri müzakirəyə çıxarsın, korrupsioner deputatları ifşa etsin, öz sıralarında təmizləmə əməliyyatları ilə məşğul olsun: 

“Hesab edirəm ki, plenar iclasda və hesabat ətrafında müzakirələr zamanı deputatların əksəriyyəti Azərbaycanı beynəlxalq öhdəlikləri, fundamental azadlıqları və insan haqlarını pozmaqda tənqid etmələri də gözlənilən idi. Çünki korrupsiyaya bulaşmış və lobbilərin təsiri altında olan Avropa Parlamenti artıq Avropa Birliyi üçün əsas fundamental qaydalardan insan haqlarını, demokratiyanı deyil, lobbilərin təsiri altında siyasi ambisiyalarını əsas tuturlar, lobbiçiliklə məşğul olmağı üstün tuturlar. Söhbət onların kənardan əldə etdikləri və qazandıqları dividentləri-maddi və digərlərini-əldə etməyə çalışmaqla bu dividentləri onlara yaradan, üstünlüklər qazandıran və onları rüşvətlə ələ alan müəyyən qüvvələrin təsiri altında fəaliyyət göstərirlər. Bu baxımdan, Avropa Parlamenti artıq öz nüfuzunu itirib. Xüsusilə Avropa Parlamentinin vitse-spikerinin həbs edilməsi və 16 müxtəlif ünvanlarda axtarış aparılmaqla 600 mindən çox pulun evlərdən, ofislərdən tapılması, eyni zamanda digər parlamentarilərin Belçika polisi tərəfindən məsuliyyətə cəlb olunmaları dediklərimin əyani sübutudur”.



Hüquq müdafiəçisi dedi ki, Azərbaycanla bağlı həqiqəti əks etdirməyən, böhtan xarakterli hesabatındakı bəndləri qətiyyətlə rədd edirlər:

“Belə hesab edirik ki, bu həmin dairələrin Avropa Parlamentindəki deputatlara təzyiqi və təsiri nəticəsində hazırlanmış mətndə yer almış ifadələrdir. Səs çoxluğu ilə qəbul edilən bu sənəd əslində həm də bir layihədir. Erməni lobbisi dünyada çirkli pulların dəyişdirilməsi ilə məşğul olan ermənilərin əli ilə Avropa Parlamentində 33 nəfərlik "ermənilərin dostları" adlı qrup yaradıblar. Bu qrup kənardan erməni lobbisinin, ermənilərin imkanlı şəxslərinin təsiri ilə fəaliyyət göstərməklə həm Azərbaycana qarşı nifrətə kökləniblər, həm də digər deputatları şantaj və digər yollarla Azərbaycana qarşı qoyurlar. Bununla da müəyyən səs çoxluğuna nail olublar. Onlar Ermənistan-Azərbaycan arasında sülhün bərqərar olmasını alqışlamaqla bərabər yenə də həqiqətə uyğun olmayan şəkildə Laçın dəhlizindən sərbəst hərəkətin təmin edilməsinə çağırışlar edirlər. Onlar başa düşmək istəmirlər ki, Laçın dəhlizi ilə sərbəst hərəkət nəticəsində Qarabağımıza minalar, silahlar daşınır, hərbi cinayətkarlar ora gəlir, hərbi mütəxəssislər və texnikalar gətirilir. Bununla da Qarabağdakı erməni separatçıları müharibəyə hazırlaşırlar. Deməli, Avropa Parlamenti separatizmi dəstəkləyən rüşvətxor və korrupsioner bir quruma çevrilib. Bu baxımdan, həmin qurumun Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə kağız parçasından başqa heç bir dəyərə malik deyil.

Heç bir hüquqi təsir mexanizmi olmayan bir sənəddir. Bir daha qeyd edirəm ki, bu parlament yaxşı olar ki, öz daxilində ədalətin, insan haqlarının, demokratiyanın və obyektivliyin təmin olunması üçün yoxlamalara başlasın və neqativ halları tapıb Avropa cəmiyyətinə təqdim etsin. Bir məsələni də qeyd etmək istəyirəm ki, Belçika mətbuatında bir məlumata rast gəldim. Bu mətbuat araşdırma aparıb ki, Avropa parlamentarilərinin, yəni 733 deputatın təxminən 13 faizi - bu da haradasa 100-ə yaxın deputat edir - bu və ya digər formada üçüncü şəxslərin xahişi ilə müxtəlif ölkələrə ya səyahətlər ediblər, ya da ziyafətlərin iştirakçısı olublar. Baxın, o səyahətlərin içərisində Qarabağa, Ermənistana gəlmələr də var. Və bunların əksəriyyəti də çirkli pulların təsiri altında bu və ya digər şəkildə sifarişlər yerinə yetirirlər. Amma Avropa Parlamentinin nümayəndələri üçüncü şəxslərin xahişləri ilə səyahətlərdə, ziyafətlərdə iştirak etməməlidirlər. Bunlar yalnız və yalnız rəsmi səfərlərdə iştirak edə bilərlər. 13 faiz dediyim bu rəqəm hələ jurnalistlərin tapıb üzə çıxardıqları rəqəmdir. Belə hesab edirəm ki, bu daha çoxdur. Bununla demək istəyirəm ki, Avropa Parlamentinin üzvlərinin böyük əksəriyyəti ya korrupsiyaya qurşanıblar, ya da korrupsionerlərin təsiri altında sərbəst və obyektiv fəaliyyət göstərə bilmirlər".



BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli dedi ki, Avropa Parlamentinin Azərbaycana qarşı təzyiq xarakterli təxribatları sistemli xarakter daşıyır və bir neçə istiqamətdən həyata keçirilir:

"İndiki şəraitdə "söz və ifadə azadlığı", "insan haqları və demokratiya" kimi ənənəvi təzyiq elementlərinin yenidən işə salınmasının səbəbi Azərbaycanda yaşayan etnik erməni azlığı ilə bağlı Ermənistanın, erməni diasporunun və onları idarə edən mərkəzlərin iddialarının gerçək olduğu barədə mənzərə yaratmaq üçün yeni istinad mənbələri tapmaqdan ibarətdir. Təzyiq ssenarisinin mexanizmləri və iştirakçıları isə eynidir. Yəni Cənubi Qafqazda marağı olan mərkəzlərin özlərinin formalaşdırdıqları beynəlxalq təşkilatlara və donor təsisatlarına bu və ya digər ölkədə “insan haqları və demokratiya”, “söz və ifadə azadlığı” və digər fundamental hüquqların pozulması ilə bağlı faktların toplanılması, əgər yoxdursa, süni şəkildə yaradılması tapşırığını verirlər. Beynəlxalq təşkilatlar və donor təsisatları isə öz növbələrində təklif olunan istiqamətlər üzrə qrant “müsabiqələri” elan edirlər. 

Daha sonra “beşinci kolon”, xüsusi xidmət orqanlarının casus şəbəkəsi işə salınır. Şəxsi münasibətlər, yaxud sosial problemlər müstəvisində baş verən ən müxtəlif hadisələrə siyasi motivlər əlavə olunur, ətrafında sosial şəbəkələrdə kampaniyalar aparılır. Süni qarşıdurma, gərginlik yaradılır və bütün bu materiallar toplanılaraq, ən müxtəlif sahələr üzrə geosiyasi təzyiq aləti kimi yaradılmış “hüquq-müdafiə təşkilatları”na ötürülür. Onlar da öz növbələrində hesabatlar hazırlayır, dinləmələr, konfranslar keçirir, transmilli media və sosial şəbəkələr vasitəsilə “yarımfabrikat faktlar”ın ətrafında siyasi şoular təşkil edir, daha sonra isə Avropa Parlamenti kimi təsisatların müzakirəsinə təqdim edirlər. Bəzən üslub və texnologiya fərqləri nəzərə çarpsa da mexanizm klassikdir, uzun illərdir ki, tətbiq olunur, yəni sınaqdan keçirilib. İndiki halda bütün bu məqamlar “biçarə” erməni azlığının Azərbaycan Respublikasının vətəndaşı kimi və azərbaycanlılarla birgə yaşayışının mümkün olmadığı barədə rəy yaratmaqdan, ermənilərin və onları himayə edənlərin ənənəvi “arqument”lərini gücləndirməkdən ibarətdir".(“Yeni Müsavat”)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top