Gəncədə yetkinlik yaşına çatmayan oğlan iki qardaşa xəsarət yetirdi — TƏFƏRRÜAT

KRİMİNAL 01 fev 2023, 12:44
Gəncə şəhərində 2005-ci il təvəllüdlü Həsən şəxsi münasibətlər zəminində tanışı Eltun və onun qardaşı Elgünə xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə 25 avqust 2021-ci ildə, saat 01 radələrində baş verib. 

Həsən şəxsi münasibətlər zəminində Gəncə şəhəri, Qızılqaya qəsəbəsində sahibsiz yerdə bıçaqla Eltunun bədənin müxtəlif nahiyələrinə zərbələr endirib. 

Daha sonra Həsən Eltunun qardaşı Elgünü onları aralamaq istəyərkən sol bud nahiyəsinə xəsarət yetirib. 

İstintaq orqanı tərəfindən Həsənin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Həsən ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki,Eltun və Elgün onun qonşularıdır: “Eltun məndən cüssəli və güclüdür. Eltun mənimlə tez-tez zarafat edir, bəzi hallarda döyür və söyürdü”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, avqustun 25-də, təxminən saat 01 radələrində yaşadığı Gəncə şəhəri, Qızılqaya qəsəbəsində evinin küçəsində yerləşən məftillərlə əhatə olunmuş sahibsiz yerdə Eltun ona “gəl sənə güləş fəndi öyrədim” deyib: “Mən razı olmasam da, Eltun məni arxadan qucaqlayaraq yerə yıxdı. Buna görə aramızda mübahisə yarandı, sonra dalaşmağa başladıq”.

Həsən qeyd edib ki, bundan sonra evlərinə getməyə başlayıb: “Bu zaman Eltun arxadan bildirdir ki, məni  evdən çıxardacaq. Ona görə evdən mətbəx bıçağı götürdüm və həmin yerə qayıtdım. Yanmızda dostumuz Akif də olub. Aramızda yenə dava-dalaş başladı. Eltun məni döydüyünə, nalayiq ifadələrlə söyüş söydüyünə görə üzərimdə gətirdiyim mətbəx bıçağı ilə bir dəfə onun sol qol nahiyəsinə vurdum”. 

Həsənin ifadəsinə görə, Eltunun qardaşı Elgün ilə heç bir ədavəti olmayıb: “Sadəcə Eltun məni yerə yıxaraq yenidən döydüyünə görə, özümü müdafiə etmək məqsədilə bıçaqla onu vurmaq istəyən zaman hava qaranlıq olduğu üçün bıçaqla ehtiyatsızlıqdan Elgünün qıçasına xəsarət yetirmişəm. Bıçağı sadəcə Eltunu qorxutmaq üçün götürmüşəm. Mənim Eltunu vurmaq niyyətim olmayıb”. 

Cinayət işi üzrə zərərçəkmiş Eltunun sözlərinə görə, Gəncə şəhəri Azərbaycan Dövlət Aqrar Universitetinin 2-ci kursunda təhsil alır: “Həsən ilə qonşuyuq və buna görə də bir-birimizi əvvəlcədən tanıyırsdıq. Aramızda zarafat olurdu. Hadisə günü, saat 00:00-da qonşumuz Arifin oğlu Akif telefon ilə mənə zəng edərək söhbət etmək üçün çağırdı. Həyətə çıxan zaman Akifin yanında Həsənin də olduğunu gördüm. Sonra Həsən, Akif və mən küçəmizdə söhbət eləyə-eləyə yaşadığımız evin yanında yerləşən boş torpaq sahəsinə getdik. Orada Həsənə zarafat məqsədilə güləşməyi təklif etdim. Həsən etiraz etsə də, Həsən ilə zarafat məqsədilə güləşən zaman fənd işlədərək onun arxa tərəfinə keçdim, onu yıxdım. Bu zaman Həsən mənimlə dalaşmağa başladı, köynəyim cırııdı. Akif bizi araladı”. 

Eltun bildirib ki, Həsən evlərinə gedib, bir qədər sonra qayıdıb: “Mən də evə köynəyimi dəyişmək üçün getdim. Evdə qardaşım Elgün köynəyimin cırıldığını gördü və nə baş verdiyini soruşdu. Olanları qardaşıma danışdım. Sonra köynəyimi dəyişdim və evdən çıxdım. Arxamca qardaşım Elgün də gəldi. Mən həmin yerə qayıtdım Akif də orada idi. Bir az sonra Həsən də gəldi. Yenidən aramızda mübahisə, sonra dava-dalaş başladı. Həmin vaxt Həsən arxa cibindən bıçaq çıxararaq qarın nahiyəmə bıçaqla vurmaq istədi. Bu zaman özümü qorumaq üçün geri çəkildim. Lakin bıçağın uc hissəsi sol qolumdan dəydi. Bir daha məni bıçaqla vurmaq istəyən zaman Elgün Həsəni məndən aralamaq istəyən zaman bıçaq qardaşımın sağ bud nahiyəsindən dəydi. Həsən qardaşım Elgünü

bıçaqla vurmaq istəmirdi. Elgünü vuran vaxt Həsən yerdə yıxılı vəziyyətdə olub. Gördüm ki, Elgünün qıçasından qan axır və buna görə də oradan uzaqlaşaraq qardaşımı evə gətirdim. Daha sonra baş vermiş hadisə barədə atama məlumat verdim”. 

Eltun ifadəsində təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayəti olmadığını deyib. 

Bu cinayət işinə Gəncə şəhər Məhkəməsində baxılıb. Məhkəmə Həsənin əməlini Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsinə tövsif edib. 

Təqsirləndirilən şəxsin barəısində “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndi tətbiq edilib. O, cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top