Erkinin dediyini gündə 10 dəfə deyirəm, amma effekt vermir — Tural Abbaslı

GÜNDƏM 26 yan 2023, 17:48
“Erkin Qədirlinin açıqlaması ilə əlaqədar hansısa hüquqi addımın atılacağını düşünmürəm. Çünki seçkini keçirən Mərkəzi Seçki Komissiyası, nəticələri təsdiq edən isə Ali Məhkəmədir”.

Bu sözləri Bakupost.az -a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı ötən gün Erkin Qədirlinin "Azərbaycanda demokratik seçki yoxdur" açıqlamasına münasibət bildirərkən deyib.

Partiya sədri məsələnin parlamentdə müzakirəsinə tərəfdarı olmadığını vurğulayıb:

“Söhbət mənəvi yükdən gedir. Əgər hesab edirsən ki, özün də ədalətli şəkildə seçilməmisən, onda həmin mandatı niyə qəbul edirsən?! Burada hüquqi məsələdən daha çox, mənəvi və siyasi tərəflər qabardılır. Mən onun məsələsinin parlamentdə müzakirəyə çıxarılmasının qəti əleyhinəyəm. Kifayət qədər deputatlar var ki, onların açıqlamalarına görə müzakirə aparıla bilər. Erkin Qədirli sadəcə, mövcud olan bir fikri ifadə edib.

Sadəcə olaraq, o, bunu özü orada təmsil oluna-oluna deyib. Məsələn, mən gündə 10 dəfə bu fikri deyirəm, amma bu qədər effekt vermir. Çünki mən parlamentdə deyiləm deyə bu tənqidi qərəzli sayırlar, deyirlər, özü orada deyil, ona görə deyir. Digər tərəfdən, istənilən ölkədə seçkilərlə bağlı belə fikirlər, ittihamlar olur. Məsələn, Türkiyədə də deyirlər, seçki ədalətli olmayıb, amma CHP-nin 200-ə yaxın deputatı var. Məsələyə bir az emosional yanaşılır”.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top