Azərbaycanda 17 yaşlı oğlanla iş yoldaşı arasında qanlı dava — TƏFƏRRÜAT

KRİMİNAL 11 yan 2023, 12:12
Xaçmaz rayonunda 2005-ci ildə Hacımurad şəxsi münasibətlər zəminində tanışı Zamikə xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə 8 iyun 2021-ci ildə, gecə saat 01 radələrində baş  verib. 

Hacımurad tanışı Zamik ilə əvvəllər aralarında yaranmış mübahisəyə aydınlıq gətirmək üçün onunla Xaçmaz-Niyazabad avtomobil yolunun Xaçmaz şəhəri, Z.Bünyadov küçəsindən keçən hissəsində yerləşən körpünün altında görüşüb. 

Hacımurad Zamikə hadisədən bir neçə gün əvvəl digər tanışlarının yanında “onun yaxşı insan olmaması” barədə ifadələr işlətməsinin səbəbini müzakirə ediblər.  Bu zaman Hacımurad özündə olan bıçaqla Zamikə zərbə vurub. 

İstintaq orqanı tərəfindən Hacımuradın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Hacımurad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, atası Zaur təxminən 2 il bundan əvvəl yol nəqliyyat hadisəsi nəticəsində vəfat edib: “Hazırda ailəsini maddi cəhətdən mən təmin edirəm. Xaçmaz şəhərində yerləşən 9 nömrəli məktəbdə 6-cı sinifə qədər azərbaycan bölməsində təhsil almışam. Sonradan təhsil almaq istəmədiyinm görə işləmək üçün məktəbdən çıxdım”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, Zamiki 2019-cu ildən tanıyıb, onun avtomobil təmiri sexində dəmirçi kimi işləyib: “Zamikin yanında şagird kimi işləmişəm. Zamikin yanında şagird kimi işə başladım, təxminən 7 ay işlədim. Zamiklə işləyən zaman mütəmadi olaraq, üstümə qışqırıb, müştərilərin yanında söyüş söyərək göstərişlər verib. Zamikin belə hərəktələrindən artıq bezdim. Zamikin mənimlə alçaldıcı hərəkətlərinə görə, çox əsəbləşsəm də, bu barədə ona bir söz deməmişəm. Zamikin mənimlə söyüşlə danışıb, alçaldıcı rəftar etməsindən bezmişdim”.

Hacımurad bildirib ki, 2020-ci ildə Zamikin yanından işdən çıxıb, başqa bir ustanın yanında dəmirçi kimi işləməyə başlayıb: “Hadisədən 15 gün əvvəl Elmin və Zamiklə birlikdə Xaçmaz şəhərində yaşadığım küçədə gəzişən zaman onun mənimlə nalayiq söyüşlər işlədərək zarafat etdi. Mən isə Zamikə özünün mənimlə kobud zarafat etdiyi kimi söyüşlə cavab verdim. Həmin vaxt Zamikə əgər zarafat götürmürsə, mənimlə də zarafat etməməsini dedim. Hadisədən 10 gün əvvəl Xaçmaz şəhərində yerləşən kafelərin birində bir süfrə arxasında əyləşərək çay içdik. Həmin vaxt Zamik yanımda olan azyaşlı bir uşaqla söyüş işlədərək zarafat etməyə başladı. Bu zaman Zamikin belə hərəkəti xoşuma gəlmədiyi üçün ona irad bildirdim. Həmin vaxt Zamiklə mübahisələrimiz yarandı. Lakin sözlü mübahisələri uzun çəkmədən ondan uzaqlaşdım, öz şəxsi işlərim ilə məşğul oldum. Zamiklə mübahisələrimiz yarandıqdan bir müddət sonra Elminlə söhbət zamanı Zamikin barəmdə dediyi sözləri mənə çatdırdı. Zamik Elminə “Hacı yaxşı oğlan deyil, Hacıyla gəzməyin, Hacıya yaxınlıq verməyin” deyib. Zamikin belə sözləri Elminə deməsi mənə çox pis təsir etdi. Zamiklə görüşüb bu barədə söhbət etmək qərarına gəldim”.

Hacımurad deyib ki, iyunun 7-də, axşam saat 23 radələrində Zamiklə görüşüb və məsələni aydınlaşdırmaq üçün Xaçmaz şəhəri, M.Ə.Sabir küçəsində yerləşən Mehman adlı şəxsin dükanının qarşısına gəlib: “Zamik də oraya gəldi. Aramızda sözlə mübahisə oldu. Münasibətlərimizi aydınlaşdırmaq üçün Niyazabad körpüsünün altına görüşmək qərarına gəldik. Həmin gün orada görüşdük. Həmin vaxt üzərimdə qatlanan cib bıçağı da olub. Həmin vaxt saat 01 radələri olub. Zamik sağ əlində tutduğu taxta parçası ilə məni döydü. Bundan sonra üzərimdə gəzdirdiyim bıçaqla Zamikə tərəf bir neçə dəfə bıçaq atdım. Bundan sonra Zamik yerə yıxıldı. Zamikin ayağa qalxdığını görən zaman oradan uzaqlaşmaq qərarına gəldim. Zamik də əlində taxta parçası ilə arxamca gəldi. Törətdiyim hadisədən qorxduğum üçün körpünün kənarından keçdim, Xaçmaz şəhəri istiqamətində qaçmağa baladım. Qaçan zaman isə əlimdə olan qatlanan cib bıçağını xatırlamadığım istiqamətdə atdınm. Bu zaman Zamik də əlində taxta parçası ilə arxamca gəldi. Bir əliylə isə sol sinə nahiyyəmi tutdu. Z.Bünyadov küçəsində olan körpünün kənarında dayanan zaman həmin küçədə Firuzun dükanın qarşısında iki nəfər şəxsin dayandığını da gördüm. Daha sonra geriyə çevrilib baxdıqda Zamikin dükanın qarşısında dayanan Sərxan adlı şəxsi ucadan səslənib çağıraraq kömək etməsini istədiyini eşitdim. Daha sonra Zamik dükanın qarşısına gəldi. Orada Sərxan adı ilə çağırdığı şəxsin avtomobilinə əyləşdi və Sərxan avtomobili hərəkətə gətirərək oradan uzaqlaşdı”. 

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Hacımuradın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. 

Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top