"Texnika əvəzinə, küçələri qoca insanlar təmizləyirlər, bu, 21-ci əsr üçün gülünc hadisədir"

SOSİAL 10 yan 2023, 19:59
"Ötən gün paytaxta az miqdarda qar yağdı.  Buna baxmayaraq, yüngül bir vəziyyət də göstərdi ki, şəhərin kommunal təsərrüfat sistemi qışa tam hazır deyil".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı deyib. Ekspert hesab edir ki, sərt şaxtalar düşsə, o zaman şəhər tam iflic olacaq:

"Ümumiyyətlə, küçələrin təmizlənməsi prosesi də həmişəki kimi biabırçılıqla müşahidə olundu. Müvafiq texnika əvəzinə, küçələri qoca insanlar təmizləyirlər, bu, 21-ci əsr üçün gülünc hadisədir. Bu, onu göstərir ki, hazırlıq sıfır səviyyəsindədir. Müvafiq təşkilatlara indiyədək lazımi vəsait ayrılsa da, ortalıqda cəmi bir neçə texnika görünür. 



Digər problemlərdən biri də şəhərin nəqliyyatı ilə bağlıdır. Qar səbəbindən yer üstü nəqliyyatın hərəkəti tam çətinləşdi və bütün yük metroya düşdü. Hələ görün, şaxta düşsə, iyirmicə santimetr qar yağsa, nə baş verərdi?! Ölkəmizdə tramvay şəbəkəsinin olmasına ehtiyac var, çünki tramvay belə hallarda normal işləyir.  Yollara kifayət qədər duz və qum səpilməməsi də ayrı bir problemdir. Əgər belə havada problemlər müşahidə olundusa, həqiqi qış gələndə  görün vəziyyət necə olacaq... 

Müvafiq təşkilatlar həmişə hər şeyə hazır olduqlarını açıqlayırlar, amma belə havalarda əhali o hazırlığı görmür. Hətta, bir çox məktəblərdə və bağçalarda istilik problemi oldu. Belə biabırçılıq heç bir yerdə görünməyib. Elə ölkələr var ki, 9-10 ay qış olur bir problem belə yaranmır. Bizdə isə qışa hazırlıq sıfır vəziyyətdədir".

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top